Professor: “Bütün rayonlarda tibbi kadr çatışmazlığı mövcuddur”

GÜNDƏM 06 may 2022, 16:28
“Hazırda bütün rayonlarda peşəkar tibbi kadrların çatışmazlığı problemi var”.

Bu sözləri Demokrat.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. 

Rayonlarda həkimlərin, tibb işçilərinin çatışmazlığının səbəbinin maddi durumla bağlı olduğunu vurğulayan professor qeyd edib ki, onların güzəranın, maddi-texniki bazasının yaxşılaşdırılmasına ehtiyac var:

“Hazırda icbari tibbi sığorta respublika üzrə tətbiq olunur. Yaxşı olardı ki, rayondakı həkimlərin güzəranı, maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində konkret addımlar atılsın. İcbari tibbi sığorta çərçivəsində ən azı heç olmasa yeni bazar iqtisadiyyatının şərtlərini nəzərə alınaraq müəyyən fiks maaşlar olmalıdır". 



“Bu maaşlar rayonlar üçün ayrıca dəyərləndirilə bilər ki, ora getmək və orada işləmək  üçün tibbi işçilərinin marağı olsun. Yəni, indiki dövrdə maddi maraq olmayan yerdə iş getmir. Ona görə hesab edirəm ki, rayonlarda tibbi kadr çatışmazlığı əmək haqlarının azlığı ilə bağlıdır. İcbari tibbi sığortanın düzgün təşkili ilə bu problemi tədricən həll etmək mümkündür. Bir də təcrübəli və məhsuldar tibbi kadların əməyini düzgün dəyərləndirməklə onları bu prosesə cəlb etmək lazımdır. Təəssüflər olsun ki, bəzən tibbi kadrlarının yerli-yersiz işdən çıxarma hallarına rast gəlirik. Hesab edirəm ki,  onları da nəzərə almaq lazımdır. Ümumiyyətlə, tibbi kadr çatışmazlığı Azərbaycanın bütün rayonlarında mövcuddur,” - deyə professor əlavə edib.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top