DGK-dan “Mazımçay” postunda yaranmış sıxlıqla bağlı AÇIQLAMA

GÜNDƏM 04 may 2022, 17:49
Ötən gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Mazımçay” gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığı ilə bağlı yanlış informasiyalar yayımlanıb.

Komitənin verdiyi məlumata görə, yayılan informasiyalarda sıxlığın gömrük orqanlarının yaratdığı süni maneələr nəticəsində yarandığı iddia olunur.

Dövlət Gömrük Komitəsi bildirir ki, sıxlıqların yaranmasına səbəb ölkəmizdən tranzit keçən yük nəqliyyat vasitələrinin sayının son aylarda kəskin surətdə artması ilə əlaqədardır:

“Hazırda Gürcüstanla sərhəddə yerləşən iki gömrük-keçid məntəqəsi vasitəsilə gün ərzində 1 000-ə qədər nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür. Bu da ölkə ərazisinə “tranzit” gömrük proseduru altında daxil olan yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosedurlarını asan və sürətli şəkildə həyata keçirməyə imkan verir. Lakin Azərbaycandan keçən yük nəqliyyat vasitələri daha sonra Gürcüstan və Türkiyə Respublikası üzərindən müəyyən olunan marşrutla hərəkət edirlər və bu ölkələr artan nəqliyyat axının qəbulunda müəyyən çətinliklərlə üzləşirlər. Belə ki, hazırda Gürcüstan-Türkiyə sərhədindəki gömrük-keçid məntəqələrinin qarşısında Türkiyəyə daxil olmaq istəyən avtomobillərin sıxlığı yaranıb. Üstəlik xeyli sayda yük nəqliyyat vasitəsi Türkiyəyə keçmək üçün Gürcüstan ərazisindəki TIR parklarında növbə gözləyir. Buna görə də Gürcüstan Azərbaycandan daxil olan nəqliyyat vasitələrinin sayında müəyyən məhdudiyyətlər tətbiq edir”.

Məlumatda deyilir ki, hazırda hər iki ölkənin müvafiq qurumları ilə danışıqlar aparılır və yaxın günlərdə problem həllini tapacaq:

“Gömrük orqanlarının sərhədkeçmə proseslərində süni maneələr yaratması ilə bağlı irəli sürülən, hər hansı fakta söykənməyən əsassız iddialar isə məsuliyyətsizliyin, qərəzli mövqenin təzahürüdür”.

Gömrük Komitəsi qeyd edib ki, ölkəmizin ixrac və tranzit imkanlarının, Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra irimiqyaslı layihələr həyata keçirilir. Bu istiqamətdə atılan addımlar çərçivəsində gömrük-sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyəti də xeyli yüksəldilib:

“Gömrük-keçid məntəqələrində əsaslı yenidənqurma işləri aparılıb, müasir infrastruktur qurulub. Hazırda ölkəmizin Gürcüstan və Rusiya Federasiyası ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələrinin potensialı, buraxılış qabiliyyəti mövcud və daha artıq nəqliyyat axınlarını idarə etməyə imkan verir”.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top