Ölkədə sinir sisteminin müalicəsində istifadə olunan dərmanlar tapılmır? — ARAŞDIRMA

SOSİAL 02 may 2022, 15:26
Son günlər apteklərdə “Dimedrol” dərmanının tapılmadığı barədə məlumatlar yayılır. Vətəndaşların tez-tez bu antihistamin dərmanı soruşmalarına cavab olaraq bəzi apteklərdə vitrinlərin şüşələrinə “Dimedrol” yoxdur, depoda da bitib, ölkəyə gətirilmir” məzmunlu elanlar vurublar. 

Bu barədə sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edilir.

Bundan əlavə, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar ölkədə bəzi dərmanların tapılmasında çətinlik yarandığı da deyilir.

Xüsusilə sinir sistemi xəstəliklərinin müalicəsində istifadə edilən dərmanların da (məsələn, psixotrop maddə hesab edilən “Fenazepam”ın) əlçatanlığında, demək olar, problem var. Reseptsiz satışı həyata keçirilməyən bir çox dərmanlarla da eyni çətinlik yaşanır. Sözügedən problem səbəbindən həkimlər də həmin dərmanları pasiyentlərə təyin edə bilmirlər. Bu isə mütəmadi həmin dərman preparatlarından istifadə edən insanlara ciddi problem yaradır.



Ümumilikdə Azərbaycana Rusiya, Ukrayna, Belarusdan hansı dərman preparatlarının gətirilməsi dayanıb və ya çətinlik yaranıb?

Həmin dərmanlara (“Dimedrol”, “Fenazepam” və s.) ehtiyacı olan şəxslər onları hansı dərman preparatları ilə əvəz edə bilərlər? Bu kimi çətinliklər nəzərə alınaraq perspektivdə onların yerli istehsalı gözlənilirmi?

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Mərkəzin idxal bazasına əsasən, “Dimedrol”un (inyeksiya) son idxalı 15.04.2022-ci il tarixində qeydə alınıb.

“Bu, o deməkdir ki, “Dimedrol” dərmanı tapılmır” iddiası əsassızdır. Qeyd olunan ölkələr üzrə dərman vasitələrinin 01-28.04.2022-ci il müddətinə olan idxal statistikası bu cürdür:

Rusiya –  101 adda dərman vasitəsi, 5 370 217 sayda qutu;

Ukrayna – 8 adda dərman vasitəsi, 36 503 sayda qutu;

Belarus – 60 adda dərman vasitəsi, 3 465 686 sayda qutu idxal olunub.

Göründüyü kimi, bir qədər azalma müşahidə olunsa da, lakin idxal dayanmayıb.

Həkim təyinatında çətinliklərə gəldikdə isə, qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”na əsasən, həkim reseptdə dərman vasitəsinin beynəlxalq patenləşdirilməmiş adını qeyd etməlidir, yəni reseptdə dərman vasitəsinin əsas təsiredici maddəsinin (molekul) adı yazılmalıdır. Bu o deməkdir ki, bu cür hallarda həkim eyni təsiredici maddə tərkibli, dövlət qeydiyyatında olan digər ölkələrin də istehsal etdiyi dərman vasitələrini təyin edə bilər”, - deyə Analitik Ekspertiza Mərkəzindən bildirilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top