Ağdamda su təchizatı ilə bağlı işlər həyata keçirilir

İNFRASTRUKTUR 27 apr 2022, 14:05
“Artıq Şuşa, Kəlbəcər, Zəngilan və Hadrutda 24 saat fəaliyyət göstəririk. Biz orada hərbi obyektlərimizi, o cümlədən yol tikintisi aparan, elektrik xətlərin çəkilməsi işlərini görən və minaların təmizlənmə işləri ilə məşğul olan mülki əhalimizin su təchizatını aparırıq”.

Demokrat.az xəbər verir ki, bu sözləri "Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. 

Onun sözlərinə görə, Qarabağda hazırda 200-dən çox “Azərsu” abonenti var:

“Artıq orada vətəndaşlarımızla müqavilə bağlamışıq və onlara xidmət göstəririk. Qeyd etmək istəyirəm ki, ötən müddətdə bizim əsas işimiz Ağdam rayonunda olub. Belə ki, Ağdam rayonunda ilk işimiz Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin su təchizatını qurduq və həmin layihəni ötən il yekunlaşdırdıq. Onun ardınca isə Ağdam şəhərində su mənbəyinin müəyyən olunması ilə bağlı kompleks işlər aparmağa başlamışıq”.

A.Cəbrayıllı qeyd edib ki, artıq Ağdam şəhərində subartezian quyuları qazılacaq və bunun üçün su mənbələri də təsdiqlənib: “Ağdamda artıq iki kəşfiyyat quyusu qazılıb və burada kifayət qədər keyfiyyətli su mövcuddur. Artıq mənbənin yeri də tam müəyyənləşib. Qeyd edim ki, həmin quyular imkan verdi ki, biz Ağdamda da su təchizatını yeraltı mənbələr hesabına həyata keçirək. Gələcəkdə biz həmin magistral mərkəzin, anbarın tikintisini, daxili şəbəkənin yaradılması işlərini də həyata keçirəcəyik. Ağdam rayonun Xıdırlı kəndi istiqamətində də artıq su artezian quyusu qazılıb. Hazırda həmin istiqamətdə anbarın tikintisi davam edir və yeni su xətləri də çəkilir”.

Zaur
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top