Gəncədə avtobus parkında sürücülər arasında qanlı dava — Təfərrüat

KRİMİNAL 27 apr 2022, 11:45
Gəncə şəhərində 1981-ci il təvəllüdlü Eşqin şəxsin münasibətlər zəminində yaranan mübahisə zamanı İkrama xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 20 noyabr 2021-ci ildə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 85 ünvanında yerləşən avtobus parkında baş verib. 

Eşqin təmirə dayanmış avtobusun salonunda tanışı İkram ilə şəxsi münasibətlər zəminində aralarında mübahisə baş verib. O, mübahisə zamanı İkramı vuraraq ona xəsarət yetirib.
 
İstintaq orqanı tərəfindən Eşqinin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Eşqin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Gəncə şəhərində 11 saylı xətt marşrut üzrə “İsuzu Boqdan” markalı avtobusu idarə edir: “İkramı 10 ilə yaxındır tanıyıram. Bu vaxta kimi aramızda heç bir narazılığımız olmayıb. İkram Gəncə şəhəri Ş.İ.Xətai prospekti 85 ünvanda yerləşən avtobus parkında avtoelektrik işləyir. İdarə etdiyim sərnişin avtobusu nasaz olduqda təmir üçün İkramın yanına aparıram”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, noyabrın 20-də, səhər saat 10.30-da avtobusu təmir etdirmək üçün İkramın yanına aparıb: “İkram elektrik naqilləri təmir etdi. Üstümdə pul olmadığına görə İkrama cəmi bir manat siftə pulu verdim. Dedim ki, günorta qaraja gələndə qalan pulunu verəcəm. Bundan sonra avtobusu yuduzdurmaq üçün avtoyuma məntəqəsinə getdim. Bu zaman İkram arxamca gəldi. Mənə öz iradını bildirdi, gördürdüyü işin pulunu tələb etdi və sexinə bir daha gəlməməyimi bildirdi. İkrama “narahat olma, get işinə, gəlib pulunu verəcəm” sözləri dedim. Bundan sonra İkram getdi. Özüm isə işim ilə məşğul oldum”. 

Təqsirləndirilən şəxs deyib ki, bundan sonra qarajın yaxınlığında kafedə çörək yeyib və xətdə işləmədiyi üçün təxminən 100-150 qram araq içib: “Saat təxminən 13 radələrində avtobus parkında olarkən öz avtobusumu təmiri üçün 13 nömrəli açar lazım olduğuna görə İkramın işlədiyi sexə getdim. Həmin vaxt İkram İlham adlı şəxsin avtobusun salonunda tək olaraq təmir işləri apardı. İkramdan açarı istədim. Bu zaman İkram mənə “sənə demişəm ki, birdə mənim seximə gəlmə” dedi. Avtobusun salonuna daxil oldum. İkrama xahiş etdim ki, belə etməsin, bir-birimizi uzun müddətdir tanıyırıq, ayıbdır. Bundan sonra İkram əli ilə sinəmdən itələdi. Mənə qarşı təhqiredici ifadələr işlətdi, 18 manatını verməyimi tələb etdi. Yenidən sinəmə, sifətimə əl atan zaman İkramın bu hərəkətinə əsəbləşdim. Yumruqla çənə nahiyəsindən yüngül bir zərbə vurdum. Bu zaman İkram ayağı ilə sinəmdən itələdi. Ona görə də ayağı büdrəyərək yıxıldı. Həmin vaxt avtobusun sürücüsü İlham gəldi. İkramı sakitləşdirdi və məni kənara çəkdi. Bundan sonra oradan getdim”. 

Eşqin əlavə edib ki, sonradan İkramın xəstəxanaya getdiyini və ondan polisə şikayət etdiyini bilib. 

Bu cinayət işinə Gəncənin Nizami rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmündə qeyd olunub ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı ödəməsi nəzərə alınıb. 

Bu səbəbdən Eşqinin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top