“100 mindən çox olmayan əmanətlər geri qaytarılır” — ŞAD XƏBƏR

MALİYYƏ 26 apr 2022, 17:07
Bir çoxumuz əlimizdə olan pul vəsaitini banklara əmanət edirik, sözsüz ki, bu ən etibarlı vasitədir. Lakin bank fəaliyyətini dayandırarsa, vəsaitimizi itirmək təhlükəsi ilə üzləşə bilərik. Bəs, görəsən, bu cür xoşagəlməz problemlə qarşılaşsaq nə etməliyik? 

Mövzu ilə bağlı Demokrat.az vəkil İradə Hacıyeva ilə həmsöhbət olub. Vəkil bildirib ki, qanuna əsasən, bankın müflis elan edilməsi məhkəmə yolu ilə həyata keçirilir. Mülki Məcəllənin 63-cü maddəsinə əsasən, hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyilsə, yalnız məhkəmənin qərarı ilə müflis hesab edilə bilər. Bankın müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan iflas proseduruna başlanılır. Vətəndaşlar bu halda borc və kompensasiyanın geri almaq üçün addımlar atmalıdır. 



“Banklar müflisləşdikdə ləğvetmə komissiyaları yaradılır ki, bunlar əmanətlərin sığorta fondunda fəaliyyət göstərir. Əmanətçilərin banklarda sığortalanmış məbləğləri həmin fondlar tərəfindən kompensasiya şəklində geri qaytarılır. Banklar vəsaitlərin sağlamlığını və əmanətçilər qarşısında götürdükləri öhdəlikləri vaxtında yerinə yetirməlidilər. Bundan ötrü mərkəzi bankın müəyyən etdiyi qaydalarda və şərtlərlə banklararası fondlar yaradılmalıdır. Hazırda bu funksiyaları əmanətlərin sığorta fondu həyata keçirir. Banklar müflis olduqda, məhkəmə qaydasında ləğv edilməsi üçün ləğvetmə komissiyaları yaradılır.”

Vəkil əlavə etdi ki, bankın iflas proseduru başa çatdıqdan sonra məhkəmənin qərarı maliyyə bazarlarına nəzarət orqanına göndərilir. Ləğv olunmuş bank hüquqi şəxslərin dövlət qeydiyyat reyestrindən çıxarılır. Qeyd edək ki,  ləğvetmə komissiyasının qərarına əsasən, bank 6 ay ərzində kreditorlara dəymiş ziyanı geri qaytarmalıdır. 

“Banklar tərəfindən sığortalanmış, 100 min manatdan çox olmayan əmanətlər vətəndaşlara- əmanətçilərə konpensasiya şəklində geri qaytarılır. Əgər sizin bankda əmanətiniz məsələn, 30 mindirsə, o məbləğ hər bir halda sizə geri qaytarılacaq. Orda heç bir problem yaranmayacaq. Çünki, əmanələrin sığorta fondunun yaranmasında məqsəd odur ki, əmanətlər sığorta olunsun və əmanətçilərə qaytarılsın.”



Vəkil vurğulayıb ki, əgər bank kreditor qarşısında öhdəliklərini yerinə yetirməsə, məbləği geri qaytarmaqdan imtina edərsə, bu zaman vətəndaşlar məhkəməyə müraciət ünvanlayıb, dəymiş ziyanın geri qaytarılmasını tələb edə bilərlər. 

Gülçin Qorxmaz
Demokrat.az







 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top