“ATƏT-in Minsk qrupunun bərpası region üçün təhlükədir” — AÇIQLAMA

GÜNDƏM 20 apr 2022, 15:26
“Bir müddət öncə ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun Prezident İlham Əliyev ilə görüşü zamanı aydın bir reallıq göründü ki, artıq münaqişə başa çatıb. ATƏT isə münaqişəni yox, post-münaqişə dövrü reallığını qəbul edərək bundan sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasında rol oynamaqda maraqlıdır”.
 
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Onun sözlərinə görə, belə bir siyasi situasiyada kiminsə ATƏT-in Minsk qrupunun prosesə qayıtması və məsələlərin onun vasitəçiliyi ilə həllinin üzərində dayanmağa çalışmasının faktiki olaraq heç bir perspektivi qalmır: 

“Digər tərəfdən, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması istiqamətində Avropa İttifaqının səyləri, xüsusən, İttifaq Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə başlanmış prosesin Minsk qrupunun tamamilə lazımsız mexanizmə çevrildiyini təsdiq edir. Xüsusən, sonuncu Brüssel görüşünün nəticələrinə uyğun olaraq Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması, habelə sərhədlərin delimitasiya və demarkasiyası prosesi istiqamətində Xarici İşlər Nazirliklərinin işə başladığı şəraitdə ATƏT-in Minsk qrupunun nəinki yenidən bərpası, ümumiyyətlə bu struktur barədə  müzakirələr belə region üçün təhlükə ərz edir. Hər şeydən öncə, ona görə ki, Minsk qrupunun 30 il ərzində uğursuz fəaliyyət hədəfi olmuş "münaqişəni nizamlamaq" vəzifəsinə artıq ehtiyac qalmayıb. Çünki, artıq münaqişə başa çatıb. İkincisi, Avropa İttifaqı formatında başlanan sülh prosesi də göstərdi ki, daha uğurlu mexanizmlər var, tərəflər də bu platformaya daha çox etibar edir”. 



Deputat hazırda Minsk qrupunun regionda hər hansı prosesi reallaşdıracaq nüfuza malik olmdığını dedi: “Çünki qrup 30 ilə yaxın bir dövrdə beynəlxalq hüquqazidd status-kvonun qorunmasına xidmət edib. Müharibə dövründə də həmsədr dövlətlərin bəzilərinin tutduğu mövqe Minsk qrupunun qərəzsizliyini haqlı olaraq şübhə altına salıb. Bir sözlə, illərlə məqsədlərə uyğun real nəticələrə malik olmayan bir qurum kimi Minsk qrupu bölgədə faktiki olaraq güvənilməyən və arzuedilməyən strukturdur”.

“Ən nəhayət, ötən ilin əvvəlindəki səfərləri zamanı həmsədrlərə humanitar missiya təklif olundu. Məsələn, mina xəritələrinin koordinatlarının verilməsi, minaların təmizlənməsi kimi. Lakin, həmsədrlər bu istiqamətdə faktiki olaraq maraqsız göründülər. Bunların niyyətindən belə çıxır ki, biz həmsədrlər işsiz qalmasın deyə başa çatmış bir münaqişəni yenidən alovlandırmalıyıq ki, Minsk qrupu həll etsin?  Biz münaqişəni cənab İlham Əliyevin rəhbərliyi ilə həll etmişik, sülh sazişini də inanıram ki, imzalamaq üzrəyik. Üstəgəl bu nəticələrin əldə olunmasında həmsədrlərdən yalnız Rusiya fəallıq göstərib, o da həmsədr olaraq yox, tərəfdaşımız olaraq. Hətta, bir müddət əvvəl rəsmi Moskva bəyan etmişdi ki, ABŞ və Fransa Rusiya ilə kontaktları Minsk Qrupu çərçivəsində dayandırıblar. Paşinyan və cənab Putinin dünənki görüşündə də biz eyni siyasi mövqeni hiss etdik,”-deyə millət vəkili vurğulayıb. 

B.Məhərrəmov diqqətə çatdırıb ki, Avropa İttifaqı Şurası Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanması üzrə missiyanı uğurla yerinə yetirməkdədir: “ATƏT-in Minsk qrupunun 30 illlik faydasız fəaliyyətindən fərqli olaraq Şarl Mişelin vasitəçiliyi ilə yaranan yeni formatda 4 ayda cəmi iki görüşdə artıq real nəticələr var. Bu gündəliyin davamlılığı üçün hətta, iki gündür Avropa İttifaqının xüsusi nümayəndəsi regiondadır. Təbii ki, belə bir şəraitdə 30 il formal olaraq varlığını sürdürən bir qurumu dirçəltmək heç kimə fayda verməyəcək”.
 
Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top