“Ucdantutma cərimələrin yazılması BNA-ya aqressiyanı daha da artırdı” — Ekspert

İNFRASTRUKTUR 18 apr 2022, 18:17
Bu il fevral ayının 7-də Prezident İlham Əliyevin imzaladığı  "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmana əsasən, Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verildi. 

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Demokrat.az-a mövzu ilə əlaqədar bildirib ki, BNA yarandığı gündən inkişafa doğru layihələr irəli sürsə də, bunların içərisindən neqativ qarşılananlar da olub.

“BNA yarandığı gündən inkişafa doğru layihələr irəli sürdü. Bəziləri həyata keçdi, bəziləri keçmədi, bəziləri neqativ qarşılandı, cəmiyyət bunu həzm eləmədi. Məsələn, avtomobilsiz yollar və s. Biz cəmiyyət olaraq, avtomobilləşməyə meyilliyik, maraqlıyıq və bir tərəfdən də bunu məcburiyyətdən edirik. Belə olan halda, müəyyən problemlər yarandı. Üstəlik, dayanma-durma qaydalarının pozulmasına görə ucdantutma cərimələrin yazılması insanlar arasında BNA-ya aqressiyanı daha da artırdı. Bu gün BNA həmin fəaliyyəti dayandırsa, həmin cəzaları yol polisi yazsa, yol polisinə qarşı da aqressiya nümayiş etdirəcəklər. Bizim cəmiyyət belə formalaşıb: “Cərimə yazsan, səni tənqid edəcəm”.

Ekspert vətəndaş üçün normal şərait yaradılmalı olduğunu dilə gətirib:

“Anlamırlar ki, cərimə istəməyən, qaydanı pozmamalıdır. Vətəndaş tələb edir ki, maşını harada saxlayım?! Əsas problem budur. Vətəndaş üçün normal şərait yaradılmadan, ucdantutma cərimə yazılmazdı, yazılmamalı idi, amma yazıldı. İnsanlar arasında çox ciddi narazılıqlar yarandı. Nəticədə Cənab prezident öz qərarını verdi- BNA birləşdirildi Bakı Şəhər İcra Hakimiyyətinə, dayanma-durma ilə bağlı cərimələrin yazılmasına həm də Yol Polisi nəzarət etməyə başladı. NİİM Dövlət Yol Polisinə verildi. BŞİH təbii ki, BNA-da islahatlar aparacaq, bu qaçılmazdır. Vüsal Kərimlinin vəzifədə qalacağı, çıxarılacağı isə Cənab prezidentin səlahiyyətində olan məsələdir, buna heç kim şərh verə bilməz. İslahatlar isə labüddür, islahatlar inkişafa doğru istiqamətlənməlidir, kiminsə şəxsi maraqları üzərindən islahatlar qəbuledilməzdir. Bu, heç vaxt da uğur gətirmir”.

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top