“Bəzi şəxslər dənizdə hasarlamalar aparır, qanunun fövqündə dayanmaq istəyir” — Deputat

GÜNDƏM 18 apr 2022, 15:25
“Qarşıdan çimərlik mövsümü gəlir. İnsanları ən çox narahat edən məsələ odur ki, çimərliklərin vəziyyəti necədir? Orda ekoloji vəziyyət, çimərliklərin təmizliyi məsələləri, təhlükəsizliyin təminatı məsələsi nə yerdədir? Bu kimi mövzular çimərlik mövsümündə daha da aktuallaşır. Amma insanları narahat edən təkcə bu deyil. Narahatlıqlar həm də onunla bağlıdır ki, bəzi insanlar, sanki, qanunun fövqündə dayanmaq istəyir. Hasarlamalar aparırlar, insanların istirahət hüquqlarını məhdudlaşdırırlar.”

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

O, əlavə edib ki, bu istiqamətdə dövlət tərəfindən ciddi addımlar atılır:

“Baxmayaraq ki, bu istiqamətdə dövlətimiz çox ciddi addımlar atır. Xüsusilə, Leyla xanım Əliyevanın bu mövzuda gerçəkləşdirdiyi layihələri vurğulamaq lazımdır. İctimai çimərliklər yaradılır, insanların rahat istirahəti üçün şərait yaradılır. Lakin təəssüf ki, qanunu özündən aşağı hesab edən insanlar var. Qanuna zidd, hüquqa zidd addımlar atılır. Bu məsələlər bizim plenar iclaslarımızda da dəfələrlə səsləndirilib, müzakirə olunub. Problemin həlli istiqamətində xeyli irəliləyiş olsa da, tam həllini tapmayıb. 
Müvafiq qurumlara müraciət edirəm ki, çimərlik mövsümünün başlaması ilə bağlı insanları narahat edən, onların asudə vaxtının təşkilinə mane olan, onların istirahət hüquqlarını məhdudlaşdıran bütün neqativ halların aradan qaldırılması istiqamətində daha ciddi, daha prinsipial və qətiyyətli mövqe ortaya qoysunlar. Düşünməsinlər ki, qanunun fövqündədirlər, hamı qanun qarşısında barəbərdir. “

Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top