“Sputnik” KİV qurumu deyil, “təbliğat və təxribat maşını” adlandırılır

MEDİA 17 apr 2022, 13:32
Casusluq əməllərində şübhəli bilinən bu qurumu dünyanın bütün ölkələrindən qovurlar: bəs Azərbaycan nəyi gözləyir?

Rusiya ilə Ukrayna arasında müharibə başlayandan həmən sonra-fevralın 27-də Avropa İttifaqı "Sputnik" platformasını öz ərazisində blokladı. Sanksiya dərhal - martın 2-də qüvvəyə mindi. Bloklanma "Sputnik"lə yanaşı onun aid  olduğu “Russia Today” platformasına da şamil edildi.

Qərarı Avropa İttifaqı adından Avropa Komissiyasının sədri Ursula fon der Leyenin şəxsən elan etməsi birmənalı qarşılanmadı. Beynəlxalq jurnalist təşkilatları elan etdilər ki, "Sputnik"in davranışları pislənməyə layiqdir. Lakin, qərarın Avropa İttifaqı adından qəbul edilməsi uyğun deyil. Onlar hesab edirdilər ki, Avropa İttifaqı kimi yüksək statuslu bir təşkilatın hansısa KİV qurumu üzərinə yeriməsi digərləri üçün nümunəyə çevrilə bilər.

Təklif edirdilər ki, bloklanma qərarı geri götürülsün, əvəzində "Sputnik"in fəaliyyətini pisləyən bəyanatlar səsləndirilsin. İnsanlar "Sputnik"in KİV qurumuna uyğun olmayan davranışları barədə məlumatlı olsunlar, ona  etimadsızlıq göstərsinlər.

Ursula fon der Leyenin bu iddialara qarşı cavabı çox qısa, lakin uğurlu oldu. Avropa Komissiyasının sədri bildirdi ki, “KİV qurumunun bloklanması” ifadəsini  "Sputnik"ə şamil etmək olmaz. Çünki, “Sputnik KİV qurumu deyil, sadəcə təbliğat və təxribat maşınıdır”. Leyenin fikri o qədər sərrast, tutumlu oldu ki, hər kəs razı qaldı, mövzu qapandı.

Avropa İttifaqının ardınca, "Google" platforması da analoji addımı atdı, “Russia Today” və "Sputnik"in  "YouTube" kanallarını blokladı. "Google" platforması da öz addımlarını eyni səbəblə əlaqələndirdi. "Sputnik"in KİV qurumundan daha çox, təxribat maşını olduğunu, Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə tərəf tutduğunu, yanlış təbliğat apardığını, işğala haqq qazandırdığını, bu səbəblə də bloklanmaya layiq olduğunu bildirdi.

Əslində “Russia Today” və "Sputnik"in Avropa məkanında bloklanmasının tək səbəbi Rusiyanın Ukraynaya qarşı apardığı savaş və bu KİV-lərin həmin savaşda tutduları yanlış mövqe ilə bağlı deyil. Litva “Russia Today”i öz ərazisində hələ 2016-cı ildə bloklamışdı. Avropa İttifaqı Litvanın bu qərarına sakit yanaşmaqla razılıq bildirmişdi. Təkcə bu faktın özü göstərir ki, “Russia Today” və "Sputnik"in Avropa məkanında bloklanması üçün ciddi hazırlıqlar gedib. Avropalılar bunun səbəbləri barədə izahat da veriblər.

“Sputnik” 2014-cü ildə müasir texnologiyalar əsasında yaradılsa da, yeni, modern KİV qurumu sayılmır. Məsələnin bir tərəfi imicə bağlıdır. "Sputnik" əsası 1929-cu ildə qoyulmuş “Moskva Radiosu”nun rəsmi varisidir. O, Sovet İttifaqının beynəlxalq radio stansiyası kimi fəaliyyət gösərib, Şərqi Avropa və Kubada yayımlanıb, kommunizmin təbliğatını aparıb. “Moskva Radiosu”nun  adı bir dəfə 1993-cü ildə, SSRİ-nin süqutundan sonra dəyişdirilib. 1993-cü ildə onun adı “Rusiyanın səsi” ilə əvəzlənib. 2013-cü ildə isə tamamilə yeni formata keçirilməsinə qərar verilib. 2014-cü ildə  dövlətə məxsus olan “Rusiyanın səsi” və “RİA Novosti” Agentliyinin bazası birləşdirilərək "Sputnik" adı verilib.

Ad dəyişməsi, yenidən təsis olunması bir tərəfdən "Sputnik"in sovet şinelindən çıxdığını unutdurmaq məqsədi daşıyıb. Digər tərəfdən, yenidən qurularkən, ona daha geniş səlahiyyətlər, texniki imkanlar verilib. Xəbər agentliyi, xəbər saytı platforması və radio yayımı statusu qazanan "Sputnik" dünyanın siyasi mərkəzlərinə nüfuz edə bilib. FM, DAB, HD Radio formatlarında dünyanın 34 ölkəsinə, 130-dan çox şəhərə 30 dildə yayım verir. O, peyk transponderlərində Şimali Amerikada eşidilir, ingilis dilində 7/24 məlumat yayır.

Xəbər saytı platformasında isə dünyanın hər yerində əlçatandır. Bütün missiyası dezinformasiya yaymaqdır. Qərb isə bu prinsipi qəbul etmir. Avropa media nəzəriyyələrində birmənalı şəkildə qeyd edilir ki, təbliğat və təşviqat başlayan yerdə, media bitir. Sovet sistemi isə əksini deyib: mediaya ən yaxşı təbliğat və təşviqat vasitəsi kimi baxıb. Rusiyada mediaya bu gün də təbliğat-təşviqat vasitəsi kimi baxırlar. Bu baxımdan dünya "Sputnik"in simvolik transformasiyanı heç zaman səmimi qəbul etməyib: onu hər zaman Sovet texnologiyalarının davamçısı kimi qəbul edib.

Amma problem təkcə ideologiyaların, nəzəri baxışların toqquşmasında da deyil. Problem odur ki, baş ofisi Moskvada yerləşən "Sputnik" dünyanın əsas siyasi mərkəzlərində strukturlaşa bilib. Vaşinqton,  Pekin , Paris, Berlin, Madrid, Rio de Janeyro, Qahirədə... təmsilçi redaksiyalarını yaradıb. Özünü qlobal siyasət və iqtisadiyyata fokuslanmış, beynəlxalq auditoriyaya yönəlmiş KİV qurumu kimi təqdim edib. Amma fərqli əməllərlə məşğul olub.

Məsələn, "The New York Times" hələ 2017-cı ildə yazırdı ki, "Sputnik" özünün troll şəbəkəsindən, casuslarından istifadə edərək, ABŞ-da 2016-cı il prezident seçkiərini pozmağa, onun nəticələrini dəyişdirməyə cəhd edib.

Bir KİV qurumunun trol şəbəkəsi saxlaması, strukturlaşdığı ölkədə casusluq əməlləri ilə məşğul olması ağır ittihamlardır. Bu məqamda ən yüngül cəza fəaliyyətlərinin bloklamasıdır.

“The New York Times”ın bu iddialarını  ABŞ-la Rusiya arasında yaşanan gərginliyin təzahürü kimi də qiymətləndirmək olardı. Amma məsələ ondadır ki, bənzər iddiallar fərqli ölkələrdə, fərqli məkanlarda da ortaya çıxır. Məsələn, Azərbaycanda.

“Sputnik Azərbaycan”ın keçmiş əməkdaşı, jurnalist Mürtəza Bünyadlı KİV-lərə verdiyi açıqlamada qeyd edirdi ki, “Sputnik Azərbaycan”ın rəhbərliyinə təyin edilmiş Əziz Əliyev ermənilərlə yaxın qohumluq əlaqəsindədir, “anası və keçmiş həyat yoldaşı milliyyətcə ermənidir”.

Bünyadlı Əziz Əliyevin "Sputnik"in Azərbaycan redaksiyasına rəhbər təyin edilməsini təsadüfi saymır: “Sputnikin baş redaktoru milliyyətcə ermənidir, Marqarita Simoyan. Bunu, bütün dünya bilir. Əziz Əliyev isə keçmiş həyat yoldaşı tərəfdən Rusiyanın media maqnatı Aram Qabrelyanovun qohumudur”. Əziz Əliyev bu açıqlamaları təkzib etməyib.

Aram Qabrelyanovun adı Azərbaycan oxucularına yaxşı tanışdır. Onun media qrupunun layihəsi olan "WarGonzo-"nun aparıcı siması - Semyon Peqov 44 günlük müharibə zamanı Azərbaycan əleyhinə təxribatlar törətdi.

Marqarita Simoyan Aram Qabrelyanovun qohumunu, mənşəcə erməni kökünə bağlanan Əziz Əliyevi "Sputnik"in Azərbaycan redaksiyasına rəhbər təyin etməklə nə məqsəd güdür? 

Azərbaycanda ciddi etirazlar qalxandan sonra "Sputnik" özünün Azərbaycandakı redaksiyasının rəhbərini, yəni, Əziz Əliyevi işdən kənarlaşdırdı. Amma əvəzinə kimi təyin etdi? Hazırda “Sputnik Azərbaycan” redaksiyasına Vitali Denisov rəhbərlik edir. Bundan öncə o, Gürcüstanda separatçı bölgə olan Cənubi Osetiya redaksiyasına rəhbərlik edib.

Vitali Denisov qalmaqallı şəxs kimi tanınır. Transmilli KİV-lər qeyd edirlər ki, o, redaksiya rəhbəri göndərildiyi ölkələrdə təxribatçı əməllər törətməklə məşğuldur. Cənubi Osetiyada olarkən, evinə guya qaz sızması və bunun sui-qəsd olması ilə bağlı skandal yaradıb. İşə Marqarita Simonyan qarışıb. Nəticədə “Cənubi Osetiyanın prezidenti Vitali Denisov və Rusiyadan şəxsən üzr istəmək məcburiyyətində qalıb”.

Araşdırmalar göstərir ki, "Sputnik"in özü kimi, rəhbər vəzifyə təyin etdiyi şəxslər də qalmaqallı imicə malikdirlər. Təmsil olunduqları ölkələrdə casusluqdan başlamış ən müxtəlif  əməllərlə məşğul olur, təxribatlar törədirlər. Vitali Denisov kimi skandal bir şəxsin “Sputnik Azərbaycan”a rəhbər gətirilməsi bu faktı bir daha təsdiq edir. “Sputnik Azərbaycan” redaksiyasında çox sayda peşəkar jurnalistlər çalışırlar. Azərbaycan hökuməti həmin peşəkar şəxslərin layiqli yerlərdə işlə təminatı məsələlərinə baxmaql, “Sputnik Azərbaycan”ın mövcudluğu məsələsinə yenidən baxmalıdır.

Müşfiq Ələsgərli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top