“Babək” filminin Buğdayı ilə ÖZƏL MÜSAHİBƏ

İNCƏSƏNƏT 12 apr 2022, 14:34
“Babək” filmi 1979-cu ildə tanınmış rejissor Eldar Quliyev tərəfindən çəkilib. Filmdə əsas rolları Rasim Balayev, Həsənağa Turabov, Amaliya Pənahova, və s sənətkarlar ifa ediblər. Babəkin oğlu Buğday obrazını isə aktyor Məhəmməd Verdiyev canlandırıb. Demokrat.az saytı Buğday obrazının ifaçısı Məhəmməd Verdiyevlə həmsöhbət olub. 

Film 1979-cu ildə rejissor Eldar Quliyev tərəfindən çəkilib. Babəkin oğlu Buğday obrazının ifaçısı Məhəmməd Verdiyev deyir ki, bu rola çəkilmək ona heç də asan başa gəlməyib. 



“O gərginlik, təsəvvür elə 3-cü kursun 3-cü smestri idi. Məni əsmə tutdu, dilim topuq vurdu. Eyni sözdə dayanırdım. Eldar Quliyev dedi ki, gəlin fasilə edək. Ondan sonra da Babəkin cəmgavərlərlə çəkilişi var idi, orda da Əzrəki oynayan çeçen aktyoru ilə dostlaşdıq. Mənə dedi ki, sakit ol, özünü sərbsət hiss et. Sonra Rasim yaxınlaşdı, hamı ürək-dirək verdi ki, burda özümüzük, kömək edəcəyik. Birinci dəfədir ki, belə aktyorlarla çəkilirdim, həddindən artıq həyəcan keçirirdim.



Məhəmməd Verdiyev bildirib ki, çəkiliş vaxtı filmin kollektivindən böyük dəstək görüb.

“Onların mənə olan münasibətləri tamamilə başqa münasibət idi. Onlara müəllim deyirdim. Rasim müəllim, Səməndər müəllim, Şahmar müəllim. Hamısı bir nəfər kimi dedi ki, adımızla müraciət et, müəllim özünsən. Sonra biz Naxçıvana getdik, orda lap aktyorlarla yaxınlaşdım. Bircə gərgin çəkilişim, o kişi ilə rəsmi münasibətdə idik. Həsən Turabovla Buğdayın ölüm səhnəsində onun baxışı insanın bədəninə gizilti salırdı. Onu gecə saat birdə çağırmışdılar. Məni ayrıca çəkirdilər. Bir az gecikdi. Həsən Turabovun orda sözü yox idi, deyirdi ki, bu uşağa görə məni niyə çağırmısız? Onun bu sözü məni qorxutdu. Günorta idi, çağırdılar ki, çox ağır bir səhnədir, gəl. Düşdüm Rasimin üstünə, Səməndərin üstünə. Necə ağlayım?Çətin səhnədir. Çəkiliş axşam 12-də başladı. Rasimdən soruşdum necə ağlayım? Dedi, mən sənə deyərəm. Eldar Quliyevdən də soruşdum, necə ölüm? Bu sual birbaşa çıxdı. Eldar müəllim məntiqi cavab verdi ki, nə bilim?! Birdən-ikiyə ölmüşəm ki?! Dedim ki, gözüaçıq olsun yoxsa gözüyumulu? Gördüm Rasim kameranın yanında dayanıb. Dedim sən gecə vaxtı niyə gəlmisən? Dedi ki, kameraya oynamaq sənə çətin olar, mənə bax de sözləri. Ata bağışla məni. Rasimin böyüklüyü burada özünü göstərdi, gecə saat 1-də gəlib kameranın yanında dayandı. Həmin ağlamaq səhnəsində onun böyük köməyi oldu.”



Tanınmış aktyor həm pedaqoji fəaliyyətlə məşğul olub, həm də ölkə xaricində bir neçə ekran işində rol alıb.

“Mən 1980-ci ildə universiteti bitirib, təyinatımı kinostudiyaya aldım. 1981-ci ildə isə mən dərs deməyə başladım, sonra isə ştata keçdim. Həm də Tədris teatrında aktyor kimi çalışırdım. İndiki bir çox xalq artistləri, əməkdar artistlər var ki, onlara mən dərs keçmişəm. 90-cı ilə qədər dərs dedim. Şəfiqə xanım bizim aktyor kafedrasının müdiri idi, mən onunla bir fərdi söhbət etdim ki, çıxıb Rusiyada oxumaq istəyirəm, ixtisasımı artırım. 1997-ci ildə getdim Rusiyaya. Rusiyada da sənət məndən əl çəkmədi. “Mosfilmin” çəkdiyi 60 seriyalı “Yasmin” serialına dəvət etdilər, “Lesnik” obrazına da çəkildim, Məşəbəyi serialında.

Məhəmməd Verdiyev hazırda Teatr Xadimləri ittifaqında aktyor laboratoriyasının rəhbəri olaraq çalışır.

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top