Vüqar Bayramov: “Brüssel görüşü Azərbaycan diplomatiyasının yeni uğurudur”

GÜNDƏM 07 apr 2022, 09:22
“Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşlə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin açıqlaması bir sıra aspektlərdən diqqəti cəlb edir. Əvvəlla, tərəflər sülh müqaviləsinin reallaşması üçün öz istəklərini bəyan ediblər.

Qeyd edək ki, Azərbaycan artıq 5 bəndlik sülh təkliflərini Ermənistana təqdim edib və ölkəmiz regionda sülhün yaranmasında maraqlı dövlətdir. Sülh anlaşmasının işlənməsi və hazırlanması üçün hər iki ölkənin xarici işlər nazirlikləri fəaliyyətlər həyata keçirəcəklər. İkincisi, aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması və iki ölkə arasında sərhədlərin delimitasiyası məsələlərinin müzakirəsinin davam etdirilməsi də razılaşdırılıb. Üçüncü vacib məqamlardan biri də ölkələr arasında kommunikasiyaların bərpasıdır. Avropa İttifaqı dəmir yolu əlaqələrinin bərpası istiqamətində atılan addımları dəstəkləyərək avtomobil yolu əlaqəsinin də bərpası ilə bağlı tərəfləri səylər göstərməyə səsləyib. Bu, Zəngəzur dəhliznin reallaşması baxımından da vacib yanaşmadır.”.

Demokrat.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.

V.Bayramovun sözlərinə görə, İrəvanda müəyyən dairələr artıq anlayırlar ki, Zəngəzur dəhlizini əngəlləməklə Ermənistan yeni mühüm imkanları əldən buraxır: “Zəngəzur dəhlizinin reallaşması Ermənistana bu marşrutun bir hissəsi olmağa və beynəlxalq yükdaşımalarda gəlir etməsinə imkan verə bilərdi.  İrəvanın düşünülməmiş siyasəti ona gətirib çıxardı ki, Azərbaycan bu marşrutu İran vasitəsilə reallaşdırmağa başladı və Ermənistan yenə də oyundan kənar vəziyyətdə qalıb. Dünən axşam jurnalistlərin suallarını cavablandıran Prezident Mişel sülh müqaviləsinin hazırlanması ilə bağlı prosesin məhz bu gecə başladığını bildirib. Artıq proses başlayıb. Təbii ki, yeni mərhələdə Ermənistanın öz öhdəliklərinə əməl etməsi vacibdir. Amma İrəvan üçün getdikçə yollar daralır. Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi Şanlı Zəfərdən sonra Ermənistan üçün ölkəmizin 5 bəndlik sülh təkliflərini qəbul etmək ən rasional seçim kimi görsənir. Brüssel görüşü Azərbaycan diplomatiyasının yeni uğurudur.  “Qarabağ münaqişəsi” sözünün bir dəfə də işlədilmədiyi Avropa Şurasının son bəyanatı da artıq konfliktin həll olunduğundan və bütün yolların ölkələrin ərazi bütövlüyü çərçivəsində sülh anlaşmasının imzalanmasına apardığından xəbər verir. Qalibiyyət çəkilən şəkildən də aydın görünür”.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top