Deputat Eldar İsmayılovun tutdurmaq istədiyi jurnalistlərin müdafiəsinə qalxdı — "Düzgün deyil"

GÜNDƏM 04 apr 2022, 23:20

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılovun həbs etdirmək istədiyi jurnalistlərin müdafiəsinə qalxıb.

T.Kərimli Pravda.az-a açıqlamasında bildirib ki, jurnalisti məhkəməyə verməyi düzgün addım hesab etmir.

“Mənim barəmdə də yanlış məlumatlar dərc edilib, amma heç vaxt məhkəməyə verməmişəm. Jurnalist məlumatı alır və dərc edir... Yaxşı olardı ki, Eldar İsmayılov məhkəməyə müraciət etməzdən öncə məlumatın mənbəyi hansı saytdırsa, həmin informasiya resursuna təkzib materialı göndərib, dərcinə nail olmalı idi. Bu, həm də qanunun tələbidir. Belə başa düşürəm ki, Eldar İsmayılov belə bir material göndərməyib. Könüllü təkzib vermə ehtimalı ola-ola məhkəməyə müraciət etmək düzgün deyil axı. Əminəm ki, məhkəmə məsələni obyektiv araşdıracaq. Bir neçə sayta qarşı iddia qaldırılıb, onlar hamısı mənbə ola bilməz. Yəqin ki, onlardan yalnız biri mənbədir, digərləri də istinad ediblər. Hələ də gec deyil, təklif edirəm, Eldar İsmayılov həmin mətbuat orqanlarına təkzib materialını göndərsin, məsələ danışıqlar yolu ilə həll edilsin. Hazırda Parlamentin İnsan hüquqları komitəsində jurnalistlərin məsuliyyətə cəlb olunmaması məsələsinin qanunvericiliklə təsbit olunması üzərində işləyirik. Düzdür, çətin məsələdir. Bunun beynəlxalq hüquqda izahı var” - T.Kərimli qeyd edib. 

Qeyd: Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılov xəbər saytlarını məhkəmə verib. “Pravda.az”, “Azsiyaset.com” və “Baku.WS” xəbər portal ilə bağlı Nəsimi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət daxil olub. Eldar İsmayılov iddia edir ki, xəbər saytlarında onun haqqında dərc edilən “Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan Eldar İsmayılov kimdir?” başlıqlı yazı şərəf və ləyaqətinə toxunub. O, jurnalistlər barəsində Cinayət Məcəlləsinin 147.2 və 148 maddələri üzrə tədbir görülməsini istəyir. Həmin maddələr üzrə: 147.2-ci maddə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddə üzrə: Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İş hakim Babək Pənahovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası aprelin 7-nə təyin edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top