“Vətəndaşların istirahət yerləri heç kəsin qazanc mənbəyinə çevrilməməlidir”

GÜNDƏM 01 apr 2022, 15:28
Xəbər verdiyimiz kimi,  Ekologiya və Təbii Sərvətlər Nazirliyi sudan ödənişli istifadə sahəsində yenilikləri açıqladı. Diqqətə çatdırıldı ki, Azərbaycanda bulaq, çaylardan su doldurmaq pullu olacaq. Sudan ödənişli istifadənin tətbiq edilməsinin əsas məqsədi su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması, suların mühafizəsinin yaxşılaşdırılması, suyun dəqiq uçotunun aparılması və su təsərrüfatı qurumlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyətinin təmin edilməsidir. Bəs, sudan istifadə sahibkarlara necə təsir edəcək?

Suallımızı cavablandıran sabiq deputat, iqtisadçı-ekspert Nazim Baydəmirli Demokrat.az-a açıqlamasında bildirdi ki, bu, sahibkarlığın inkişafı, kölgə iqtisadiyyatı ilə mübarizə baxımından anlaşılan qərardır:

“Çünki heç kəsə sirr deyil ki, müxtəlif şəxslər bizim istirahət yerləmizdə bulaqları zəbt ediblər. Oradan su doldurub, kommersiya xarakterli biznes fəaliyyəti ilə məşğul olurlar. Heç bir vergi ödəmirlər və heç bir yerdə də qeydiyyatda deyillər. Mən əvvəllər deputat olanda bu məsələlərə xüsusi diqqət yetirirdi. Çünki Gədəbəy, Tovuz bölgəsində vətəndaşların istirahət yerləri qazanc mənbəyinə çevrilib”. 
 
Ekspert vurğulayıb ki, bulaqlar, mineral sular çıxan yerlər müxtəlif yerli məmurlar tərəfindən zəbt edilib:

“Vətəndaşlar istirahətə gələndə öz bulaqlarından su götürməyə belə növbəyə dururlar. Belə problemlər çox ciddi və aktualdır. Birmənalı şəkildə vətəndaşların istirahət yerləri heç kəsin qazanc mənbəyinə çevrilməməlidir. Bu məsələləri artıq sahmana salmaq lazımdır. Yerli icmaların bu işdə iştirakını təmin etmək lazımdır ki, buradan gələn gəlirlər yerli büdcələrə getsin və nəzarət olunsun. Bu, olmadığına görə, mərkəzləşdirilmiş qaydada belə məsələlər öz “həllini” tapır. Əslində bunlar məmur sahibkarlığına xidmət edən amillərdir. Belə məsələlərin əslində ictimai müzakirəyə, maarifləndirilməyə ehtiyacı var. Çünki belə əksər bulaqlar meşələrin yaxınlığında olduğundan, meşə torpaqlarına aid olduğuna görə, bəzən bir çox qurumlar tərəfindən sui-istifadəyə yol verilir və bu, tənzimlənmir. O baxımdan, bu məsələnin müzakirəsinə ehtiyac var idi. Hesab edirəm ki, bu qərar sahibkarlığın şəffaflanması baxımından anlaşılan olsa da, onun icra mexanizmi baxımından həmişə problemlər yaşanır. Ümid edək ki, bundan sui-istifadə hallarına yol verilməyəcək”.
 
Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top