Deputat: “31 Mart soyqırımı öz amansızlığına görə bəşər tarixinin ən qanlı faciələrindəndir”

GÜNDƏM 31 mar 2022, 13:32
“1918-ci ilin mart-aprel soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputat qeyd edib ki, bu tarixi Azərbaycan xalıq heç zaman unutmayacaq: “Çünki mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı dəhşətli qətliamlar törədilmişdir. Bir faktı qeyd etmək yerinə düşər. 1916-cı ildə Azərbaycan əhalisinin ümumi sayı 3,3 milyondan çox idi, lakin sonrakı dövr ərzində, yəni ermənilərin həyata keçirdiyi kütləvi soyqırımlar və etnik təmizləmələr nəticəsində artıq 1920-ci ilin aprel işğalı ərəfəsində bu say azalaraq təqribən 2,6 milyon nəfərə enmişdi. Təkcə 1918-ci ilin martın son 20 günündə ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovulmuşdu”. 

Millət vəkilinin sözlərinə görə, baş verənlər sadəcə yerli etnik münaqişə xarakteri daşımamışdır: “Bilirsiniz ki, o dövrdə baş verən hadisələr Rusiya imperiyasının Cənubi Qafqazın türk-müsəlman əhalisinə qarşı yeritdiyi ayrı-seçkilik siyasətinin tərkib hissəsi olmuşdur. Bildiyiniz kimi, Gülüstan və Türkmənçay müqavilələrindən sonra ermənilər müxtəlif ölkələrdən kütləvi şəkildə Şimali Azərbaycan torpaqlarına köçürülmüş, əhalinin etnik tərkibi, sayı və yerləşməsi məqsədyönlü şəkildə dəyişdirildiyi üçün burada yaşayan azərbaycanlıların sayı xeyli azalmışdı. Ermənilər də bu prosesdə xüsusi amansızlıqla iştirak etmiş, müdafiə olunacaqlarını bildikləri üçün cəfəng xülyalar naminə yerli əhalini müxtəlif dövrlərdə soyqırıma məruz qoymuşlar”. 

Deputat 1918-ci il hadisələrinin həmin dövrə qədər törədilən cinayətlərdən ən geniş miqyasılısı olduğunu vurğuladı: “Lakin heç zaman bu bəşəri cinayətə beynəlxalq ictimaiyyət lazımi diqqət yetirməmişdir. Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılmasına və həqiqətlərin dünyaya yayılması işinə ilk dəfə yalnız 80 il sonra, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 2018-ci il yanvarın 18-də isə soyqırım həqiqətlərinin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalanmışdır. Bakı, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələrin qisası isə 102 il sonra 2020-ci ildə 44 günlük savaşda humanitar hüquq rəhbər tutulmaqla alınmış, bu vəhşiliklərin kökündə dayanan təcavüzkar erməni-daşnaksütun ideologiyasına tarixinin ən ağır zərbəsi vurulmuşdur”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top