Fəlakət qapımızda: Məmurlar çıxış yolunu nədə görür? — İLGİNC FAKTLAR

GÜNDƏM 30 mar 2022, 17:20
Azərbaycan təbii fəlakətlə üz-üzədir. Bu fəlakət nə qədər qorxulu olsa da, müvafiq dövlət qurumlarının bu problemə laqeyidliyi bir o qədər dəhşətlidir.

Bəli, Azərbaycanın arterial damarı Kür sürətlə quruyur. Mütəxəssislərin rəyinə görə, son 100 ildə anoloji hadisəyə rast gəlinməyib. AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru Zakir Eminov bu günlərdə həyəcanla bildirib ki, “Belə getsə, Neftçala, Salyan rayonlarının 250 minlik əhalisi köçmək məcburiyyətində qalacaq”.

Çox təəssüf ki, İnstitut direktorunun bu açıqlamasına heç bir dövlət qurumu münasibət bildirmədi. Bu laqeyidliyinsə iki yozumu var.

Birincisi, səlahiyyətli şəxslər hələ də məsələnin nə dərəcədə fəlakətli və qorxunc olduğunun fərqində deyillər.

İkincisi, səlahiyyətli şəxslər yerində deyillər. Onlar öz vəzifə borclarından başqa hər işlə məşğuldurlar.

Faktsa faktlığında qalır. Yaxın illərdə Azərbaycanı çox ciddi ekoloji fəlakət gözləyir. Və bu fəlakətin acısını təkcə Neftçala və Salyan rayonlarının sakinləri deyil, bütöv ölkə yaşayacaq.

Birincisi, Kürün quruması ilə ölkənin ekoloji mühitində geri dönüşü olmayan dizbalans yaranacaq.

İkincisi, Kür-Araz boyu bütün meşələr və yaşıllıqlar məhv olacaq. Sürətlə səhralaşma gedəcək.

Üçüncüsü, ölkənin iqtisadiyyatı, xüsusən də kənd təsərrüfatı ciddi itkilərlə üzləşəcək. Məlumdur ki, ölkə üzrə əkin sahələrinin 80 faizi bu və ya digər şəkildə Kür və Araz çaylarından qidalanır. Yaz-yay mövsümünün gəlişinə müəyyən vaxt qalsa da, Neftçala və Salyan rayonları ilə yanaşı digər bölgələrdə də su qıtlığı hiss olunur. Havaların isinməsi isə bu qıtlığı xeyli artıracaq. Beləcə, uzaq gələcəkdə deyi, yaxın aylarda ölkəmiz ciddi su qıtlığı ilə üzləşəcək.

Gözlənilən fəlakətin bir sıra obyektiv və subyektiv səbəbləri var. Doğrudur Coğrafiya İnstitutunun direktoru  da səbəb söyləyib: ”Mal-qaranın kütləvi şəkildə meşələrdə otarılması torpaq örtüyünün deqradasiyasına səbəb olur”.

Amma hörmətli professorun arqumenti çox gülməli və cılızdır. Bu əslində tipik Azərbaycan məmurunun arqumentidir. Yəni heç bir dövlət qurumunun adını söyləmədən günahkarı göstərib. Onun təbirincə, ekoloji fəlakətin günahkarı məsuliyyətsiz çobanlardır. Zakir müəllim yaxşı ki, deməyib ki, “Allahın qəzəbinə gəlmişik. Əstəgfrulla, günahkar O-dur”

Cənab Eminovdan fərqli olaraq mən Kür və Araz çaylarında sululuğun azalma səbəblərini söyləyim.

Birincisi, antropogen təsirlər nəticəsində ölkəmizdə yaranan quraqlıqdır. Bu ilin fevral ayı son 10 ilin ən quraq və isti ayı kimi tarixə düşdü. Halbuki fevral ayından istər Türkiyədə, istər Rusiyada, istər Gürcüstanda və lap elə bədnam Ermənistanda havalar çox sərt keçdi. Bu ölkələrə güclü qar düşdü. Amma Azərbaycan qar nədir, heç əməlli-başlı yağış da görmədi. Bu isə onu göstərir ki, ölkəmizdə ekoloji tarazlıq tamamilə pozulduğundan nəinki digər ərazilərə, heç Böyük və Kiçik Qafqaz dağlarına da kifayət qədər yağıntı düşmədi.

İkincisi, Kür və Araz çaylarının keçib gəldiyi ərazilərdə məqsədli şəkildə süni su tutarlarının yaradılması və Azərbaycana daha az suyun ötürülməsidir. Hazırda Ermənistanda 74, Gürcüstanda 860  şirin sulu göl və su anbarı və  43 SES quraşdırılan su anbarı var. Bu su tutarların əksəriyyəti son 25 ildə inşa edilib. Müqayisə üçün deyək ki, Azərbaycanda  cəmi 11 su anbarı var. Və bunların çoxu Sovet döründən qalmadır.

Üçüncüsü, ölkəmizdə aparılan ekoloji terrordur. Son 20 ildə ölkəmizdə inşaat sektorunun inkişafı hesabına Kür, xüsusən də Araz çayı boyunca saysız-hesabsız qum-çınqıl karxanaları açıldı. Bu karxanalar çayların məcrasını süni şəkildə xeyli genişləndirdi. Hazırda Araz çayının bəzi ərazilərdə məcrası bir kilometrdən enlidir. Bu da təbii ki, ciddi su itkisi yaradır. Hələ onu demirəm ki, karxanalar hesabına saysız-hesabsız şirin sulu süni göllər yaranıb. Hazırda təkcə İmişli rayonunda son illərdə yaranmış 50-dən artıq şirin sulu göl var. Bir neçə il qabaq havalar quraq keçəndə dövlət qurumları həmin göllərdən Araz çayına və Sabir kanalına su vururdu. Kür çayı boyunca yeni yaradılan qum yataqları və süni balıq gölləri də bu məsələdə öz sözünü dedi. Hələ meşələrimizə qarşı aparılan səlib yürüşünü demirəm. Son 20 ildə meşəlik ərazilər istirahət komplekslərinin və fərdi villaların hesabına böyük ziyan gördü. Eləcə də, mebel sənayesi hesabına meşələr sürətlə seyrəlir. Meşələrdəki qiymətli və iri ağaclar qırılaraq emal sənayesinə göndərilir.

Bütün bunlarsa ekoloji böhranın ciddi əsaslarıdır. Deməli, fəlakətin bir addımlığındayıq. Bəs hökümət nə düşünür? Nəhayət ki, hökümətdən bu istiqamətdə ilk addımı gördük. Ötən gün Nazirlər Kabineti “Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydaları”nı təsdiq etdi.

Qaydalara görə, bundan sonra çaylardan, göllərdən, anbarlardan, təbii su mənbələrindən və hətta səth sularından vətəndaşlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmadan istifadə edə bilməyəcəklər. İstifadə etmək istəyənlərsə əvvəlcə nazirliyə elektron qaydada müraciət edəcəklər. Və onların müraciəti Nazirliyin müvafiq qurumları tərəfindən “araşdırılacaq”. Daha sonra su mənbələrindən istifadə etmək istəyən fiziki və hüquqi şəxslər müəyyən miqdarda ödəniş etdikdən sonra müvafiq mənbələrdən yararlana biləcəklər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov “Xəzər Xəbər”ə bildirib ki, bu qaydalara əsasən ödənişlər həm təbii mənbələrdən, həm də su təsərrüfatı obyektlərində sudan istifadə üçün nəzərdə tutulur.

Qərarın ən əcaib tərəfi isə odur ki, həyətyanı sahələrdə səth sularından istifadə edənlər də Nazirliyin “bığına yağ sürtməili” olacaqlar. Belə ki, Nazirlik tərəfindən ölkə üzrə digər su mənbələri ilə yanaşı həyətyanı sahələrdə 3-4 metrik quyusu olan sakinlər də nazirliyə töycü verəcək.

Düzü Faiq Mütəllimovun açıqlamasından sonra xeyli araşdırdım, axtardım, lakin hökumətimizin bu qərarının dünyada anoloquna rast gəlmədim. Beləcə, Azərbaycanın dünyada daha bir ilkə imza atmış olduğuna əmin oldum. Həyətində quyu qazdıran hər kəs ETSN-nin “süzgəcindən” keçəcək. Hər quyu sahibi ödəniş edəcək.

Maraqlıdır ki, hər quyuya görə vətəndaşın nə qədər “rüsum” ödəyəciyini hökumət yox, nazirlik müəyyən edəcək. Hələliksə, nazirlik konkret rəqəm söyləməyə hazır deyil. Daha doğrusu, pul məsələsi həssas məsələ olduğu üçün bu hələlik ictimailəşdirilmir. Bu proses bağlı qapı arxasında gedir.

Bu prosesdə ən iyrənc tərəf odur ki, nazirlik vətəndaşların quyulardan istifadə etdiyi suyun həcminə görə limit də tətbiq edəcək.

Bu biabırçılığa isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi belə haqq qazandırır ki, bununla da sudan istifadədə israfçılıq və su qıtlığı aradan qaldırılacaq.

Doğru deyirlərmiş ki, “Azərbaycan möcüzələr ölkəsidir”. Bizdə də məmurlar gündə bir möcüzə icad edirlər. Bu da məmurlarımızın son kəşfidir. Sən demə, Azərbaycanda su qıtlığını yaradan nazirlərin, icra başçılarının qum-çınqıl karxanaları, balıqçılıq gölləri və aqroparkları deyil, məsuliyyətsiz çobanlar və kənddə quyu qazan bir qrup “başıpozuqlar” imiş.

Belə yerdə oxucular bir yana, heç özümü sakitləşdirəcək bir ifadə tapmıram. Sadəcə deyirəm: “dağıl, a dünya..!”

Surxay Atakişiyev (konkret.az)

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top