“Çox təəssüf ki, ərzaq və qeyri-ərzaq məhsullarında qiymət artımı sürətlənəcək” — MÜSAHİBƏ (ÖZƏL)

GÜNDƏM 29 mar 2022, 19:58
 Son günlər ölkəmizdə ərzaq və qeyri-ərzaq məhsullarında müşahidə olunan qiymət artımı ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərlininin Demokrat.az-a müsahibəsini təqdim edirik:

- Natiq müəllim, son günlər ölkəmizdə ərzaq və qeyri-ərzaq məhsullarında qiymət artımı müşahidə olunur. Bunun Rusiya-Ukrayna müharibəsi ilə birbaşa bağlılığı var?

- Bəli, Rusiyanın Ukraynaya təcavüzü və müharibəsi ərzaq təhlükəsizliyini bütün dünyada aktuallaşdırdı. Hazırda qeyri-ərzaq məhsullarının logistikasında da problemlər yaşanır və qiymətlər artımı baş verir. Ümumiyyətlə, dünyada da inflyasiya yüksəlir.

- Bunun Azərbaycana təsirləri necə olacaq?

- Təbii ki, bu, Azərbaycana təsirsiz ötüşməyəcək. Gələcəkdə onun təsirləri daha çox ərzaq bazarında hiss olunacaq. Çünki buğdanı biz əsasən üç ölkədən alırdıq. İllik tələbatımız 1 milyon 150 min tona yaxın idi. Bunun 9 min tona yaxını Rusiyadan, yerdə qalanı Qazaxıstan və Ukraynadan alınırdı. İndi Ukraynadan ümumiyyətlə almaq mümkün deyil, Rusiya özü də qadağa qoyub. Qazaxıstanla danışıqlar gedir. İndi görək danışıqlar necə nəticələnəcək.

- Hesab edirsiniz ki, buğda məsələsində ciddi problemlərlə üzləşə bilərik?

- Bəli, buğda, bitki yağlarında ciddi problemlər ola bilər. Çünki Azərbaycan öz ehtiyaclarının böyük bir hissəsini Ukrayna və Rusiyadan alırdı. Həmçinin, günəbaxan və qarğıdalı yağını da. İndi burada da qiymət artımı və ümumiyyətlə istehsalın azalması prosesi müşahidə olunur.

- Başqa hansı sahələrdə qiymət artımları müşahidə olunacaq?

- Məsələn, kağızı götürək. Biz kağızları daha çox Rusiyadan alırdıq. İndi Rusiyanın özündə istehsal dayanıb. Çünki Rusiya komponentləri xaricdən alırdı. Yəni, kağız istehsal etmək üçün kimyəvi maddələri Finlandıiyadan alırdı. İndi Finlandiyada həmin kimyəvi maddələrin Rusiyaya verilməsinə qadağa qoyub. Bu da kağız qiymətlərinə çox mənfi təsir göstərdi. Bundan başqa, çox böyük ehtimal tikinti materiallarının qiymətində də artım müşahidə olunacaq. Rusiyadan ən çox aldığımız taxta, şalban məmulatlarıdır ki, onların da qiymətin də artımın olması gözlənilir. Yəni, hər tərəfli ərzaq və qeyri-ərzaq məhsullarında qiymət artımının olması təəssüf ki, artıq baş verir və bundan sonra da sürətlənə bilər.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top