Xəyalə Manaflı: “13-14 il əvvəl televiziya kanallarına layihə verdim, qəbul edilmədi” — MÜSAHİBƏ

GÜNDƏM 28 mar 2022, 14:52
Efirlərdə az-az görünən Xəyalə Manaflı sənətə kifayət qədər uğurla başlamış ifaçılardandır. Uşaqkən mahnı yarışmalarında iştirak edib, böyük səhnələr görüb, özünün də gənc olmasına baxmayaraq, 30 ildən çox səhnə fəaliyyətinə sahibdir. İllər keçsə də, tamaşaçı onu unutmur, eyni sevgi ilə sevir və arzulayır. 

Demokrat.az ifaçı ilə həmsöhbət olub, yaradıcılığı ilə bağlı ona suallar ünvanlayıb. 

İfaçı efirlərdə az-az görünməsinin səbəbini belə izah edib:

“Xəyalə Manaflı həmişə karyerasının başındadır, öz “akvarium”umda həmişə işlərimlə məşğulam. Hər verilişə çıxmıram, seçim edirəm. Çalışıram, tamaşaçıların gözün yorulmasın məndən. Mənim ən böyük uğurum odur ki, tamaşaçı məni illərlə görməsə də, unutmur. 10 il pedaqoji fəaliyyətlə məşğul oldum, amma sonra gördüm ki, həm səhnə, həm də pedaqoji fəaliyyət bir arada mümkün olmur, çatdıra bilmirəm. Ona görə pedaqoji fəaliyyətimi dayandırdım. İndi professional səhnədə olan tələbələrim də var, bu, mənim üçün qürurvericidir. Nərminə Behbudova, Mətin – onlar mənim tələbələrimdir.”

Hətta o, illər öncə layihə ilə televiziya kanallarına mürəciət etsə də, müsbət cavab ala bilməyib:

“O vaxtlar “Bizdən Sizə” adlı proqramı aparırdım iki həmkarımla. Çox sevilirdi, gənclərin zövqünü oxşayan proqram hazırlayırdıq. Hamı dərsdən qaçıb, gəlib bizə baxırdılar. O zamanlar bizim daimi tamaşaçımız olan gənclər artıq anadır, atadır. Yenidən aparıcı olaram, amma gərək televiziya məkanında olmayan yeni bir beyin məhsulu olsun həmin veriliş. Tamaşaçı yeniliyə acdır, bunu sosial şəbəkələrdə açdığım canlı yayımlardan bilirəm.  O qədər fərqli mövzularda söhbətlərimiz alınır ki.. Başa düşürəm ki, səmimi söhbətlərə acdır tamaşaçı. Mənim televiziya rəhbərlərinə kağız üzərində təqdim etdiyim layihələr olmuşdu. Hələ 13-14 il əvvəl. Qəbul edilmədi. Amma sonra gördüm ki, o layihəmin qolunu-əlini qırıb, öz layihələrində reallaşdırıblar.  Tele-diskoteka formatında bir veriliş etmək istəyirdim, DJ olsun, barmen olsun, canlı musiqi və gənclər gözəl geyimdə gəlib TV-diskoteka mühitində əylənə bilsinlər və anlasınlar ki, diskoteka düşündükləri qədər pis yer deyil. Amma sonra gördüm artıq verilişlərdə DJ də dəb olub, rəqs edən gənclər də var.. Yəni oğurlandı ideyam, özü də parçalanmış halda..“- deyə ifaçı əlavə edib. 

Xəyalə Manaflı qeyd etdi ki, nə zamansa müğənnilik etməsə də, incəsənətin digər sahələrində çalışa bilər: 
 
“Rejissor assistenti işləyə bilirəm, film meneceri ola bilirəm, çünki bu sahəni bilirəm. Təhsilim bu sahədə olmasa da, təcrübəm kifayət qədərdir.”

Hər zaman ifa və geyim tərzi, rəqsi ilə yenilik yaradan Xəyalə Manaflı belə formalaşdığını, bu bacarıqlara uşaqlıqdan sahibləndiyini qeyd etdi:

“Rəqsi, imici, səhnə davranışı- bütün bunları xalam Məryəm Əlibəyli mən lap uşaq olandan mənə aşılayıb, öyrədib. Yəni, mən elə buyam, belə olmağa çalışmamışam heç zaman, artıq belə formalaşmışam. O vaxtlar saçlarımın ucu qırmızı idi, bu bir dəb halını almışdı. Deyə bilərəm ki, o dəbi, təzi mən gətirmişdim. Hətta rəngli corab geyinirdim, o zamanlar aparıcı həmkarım Samir Bayramlı mənə gülürdü, ötən il gördüm ki, bu, trendə düşdü. İndi istəyirəm mənə gülənlərə zəng edim deyim ki, noldu bəs?”

Biz də hər zaman dəbdə olan, bol enerjili, xoş auralı və ən əsası, təhsilli, peşəkar müğənnimizə uğurlar arzu edirik. 






Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top