Deputat: “Ailədə kişinin sözü daha keçərli olmalıdır”

GÜNDƏM 28 yan 2022, 10:57
“Ailədə kişinin xüsusi rolu var. Ona görə də, ailədə kişinin sözü daha keçərli olmalı və onun sözünə qulaq asmalıdırlar”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib. 

Deputat diqqətə çatdırıb ki, Sovet dönəmində hər şey fərqli olub: “Sovet vaxtı ölkəmizdə başqa mühit var idi, insanların fikirləri başqa idi, həmçinin quruluş, təfəkkür və düşüncə hər bir mənada fərqli idi. Yəni, ali savad almaq, işə düzəlmək, işləmək, həyatı qurmaq və s. baxımdan. Təbii ki, o quruluş da axıra qədər gedə bilməzdi, çünki insan hüquqlarına qarşı çox məhdudiyyətlər var idi. Bu gün Azərbaycan azaddır və demokratiya var, yəni insan öz fikrini, münasibətini bildirə bilər. Amma sovet dönəmində belə deyildi, yəni siyasət bu idi. Hamı birmənalı düşünüb, fikirləşməli idi. Təbii ki, sovet vaxtını neqativ saymıram, həmişə bunu demişəm və deyirəm. Hər bir tarixi vaxtın öz müsbəti, mənfisi var. Misal olaraq, adi Sovet dönəmində yadımdadır ki, avtobusda, metroda bir yaşlı içəri girəndə cavanlar dururdu və yer verirdi. Bu günləri belə şeylər yoxdur. Demirəm ki, gündə avtobusla gedirəm, amma bunları görürəm. Müəllimlər auditoriyaya daxil olanda, tələbələr avtomatik olaraq ayağa dururdu, müəllim çox böyük hörmətlə qarşılanırdı. Müəllim, həkim statusuna böyük hörmət verilirdi, önəmli status daşıyırdı. Yəni, o zamanlar münasibətin keyfiyyəti başqa cür idi. Bu gün hər şey 180 dərəcə dəyişilib. Marks 200 ildən bundan öncə yazmışdı ki, istənilən cəmiyyətə bazar iqtisadiyyatı daxil olanda cəmiyyəti parçalayır və cəmiyyətdə bütün münasibətləri dəyişir. Bazar iqtisadiyyatı cəmiyyətində insanların bir-birinə münasibəti insanın imkanında tutduğu mövqedən asılı olur. Bütün ölkələrdə, istər Azərbaycanda, istərsə də postsovet məkanında bu dəyişiliklər baş vermişdir. Bu, mütləq və labüd idi. Xatırladım ki, o vaxtlar ailələrdə qadının kişidən maddi ehtiyacı var idi, bu günləri bu proses müsbətə tərəf dəyişib. Yəni, istənilən xanım işləyir, oxuyur, irəliliyə doğru gedir”. 

Deputatın sözlərinə görə, qadın irəliyə doğru getdikcə, onun həm qazancı, həm də müstəqilliyi artır: “Dediyim bu proses tam formada Avropa ölkələrində var. Bu gün İtaliyada, Fransada, İsveçrədə, Finladiyada heç bir qadın həyat yoldaşından asılı olmaq istəmir. Ona görə də, ailələr ilk öncə bərabər şəraitini qururlar. Bax, bu məsələnin iqtisadi bazasıdır, tələbidir. İkinci nədir? Dünya dəyişilib. Bu gün otura-otura istənilən məlumatı almaq mümkündür, həmçinin istənilən kinoya baxırsınız, istənilən şəxslə tanış olursunuz. Təbiidir ki, bütün müsəlman ölkələrində, ərəb ölkələri bunlar bir az istisnadır, ancaq artıq orada da həmin proses başlayıb. Hətta, artıq Səudiyyə Ərəbistanında qadınlar maşın sürməyi tələb edir, həmçinin bildirirlər ki, biz istənilən fikrimizi deməliyik, parlamentdə, hökumətdə təmsil olunmalıyıq. Artıq orada da bu proseslər başlayıb. Deyərdim ki, bu gün dəyişiliklərin bir çox müsbət tərəfi də var, mənfi tərəfi də. Müsbəti ondan ibarətdir ki, gənclər daha çox müstəqildirlər. Qeyd edim ki, Sovet dönəmində ata-ana, nənə-baba faktoru çox böyük önəmli bir faktor idi. Təbii ki, burada maddi faktordan asılılıq var idi. Amma bu gün 23-25 yaşlı uşaqlar var ki, onlar tam formada maliyyə cəhətdən müstəqildirlər, onların asılacağı yoxdur. Mənfisi isə odur ki, o vaxt gənclərin əksəriyyəti, yəni 19-23 yaşlarında valideynlərdən asılı idilər və məcbur idilər ki, valideynlər deyən sözü qismən də olsa həyata keçirsinlər. Bu gün bu, yoxdur. Çünki insanların düşüncəsi artırsa, məlumatı çoxalırsa, o, artıq istəmir ki, keçmiş qaydalarla, adətlərlə yaşasın və təzə adətlərlə yaşamağa can atırlar”. 

R.Quliyev vurğulayıb ki, bir çox Avropa ölkələrində restorandakı hesab ərlə arvad arasında tən yarıya bölünür: “Almaniyada ər arvadını restorana dəvət edir və sonda hesabı iki yerə bölürlər. Ola bilər ki, kişi desin ki, mən səni qonaq edirəm, onda tamam başqa. Amma əksər hallarda ayrı-ayrı hesablar ödəyirlər, hətta uşaqlarının xərcini belə yarı bölürlər. Ən çox bu, İsveçrədə və Almaniyada olur. Yəni, bunlarda düşüncə budur”. 

Deputat qeyd edib ki, əgər iki insan bir-birilə yola getmirsə, o zaman onların ayrılması daha məqbuldur: “Mən bir alim, ziyalı, millət vəkili kimi düşünürəm ki, insanların bir-birinin xətrinə dəyməsi anormal bir şeydir. Çünki əgər sən bu insanla dolana bilmirsənsə, o zaman oturub bir daha düşünmək lazımdır ki, bu münasibətləri inkişaf etdirmək lazımdır, ya yox. Beləliklə, ya münasibətləri yandırmaq lazımdır, ya da kimsə-kiməsə tabe olmalıdır. Bütün problemlər ələlxüsus tabeçilikdən yaranır. Qadın deyir ki, mən sənə niyə tabe olmalıyam? Azadam, öz fikrimi deməyə ixtiyarım var, qanun-qayda var. Təbii ki, elə ailə sahibi var ki, o, bunu qəbul etmir və tamamilə onun prinsiplərinə zidd olan məsələdir. Sovet dönəmində insanlar arasında münasibətlər də çox müsbət fikirlə bağlıdır. Yəni, ata-anaya, əmiyə-dayıya, qohuma-əqrəbaya münasibət tamamilə fərqli idi. Bu gün qohum-qohuma, yaxın yaxınına pul verməkdən belə imtina edir. Cavanların böyüklərə münasibəti tamamilə fərqlidir. Hesab edirəm ki, dünyada 99 faiz hər şey iqtisadiyyata bağlıdır. Mənim yanıma çox vaxt adamlar gəlir, deyir övladlarımı evləndirdim, ev-eşik sahibi elədim. Deyir, indi də, nəvələrim üçün çalışıram. Deyirəm, darıxma sən nəticən üçün də ev alacaqsan. Təbii ki, bu cür məsələlər də da var və gülüncdür. Cavanlara meydan vermək, imkan yaratmaq lazımdır ki, həyatlarını özləri qursunlar, ailə məsuliyyətlərini hiss etsinlər. Bilsinlər ki, atalıq-analıq nədir, ailə sahibi olmaq nədir. Bizə rəqəmlər verilir, demək olar ki, yarıya qədər nikahlar pozulur, atasız-anasız uşaqlar yaranır. Bunların tərbiyə alması da çox əziyyətlə olur, həmçinin maddi tərəfdən də çətinliklərlə üzləşirlər”. 

Millət vəkili tövsiyə edir ki, cavanlarımız münasibət quranda, nikaha girəndə ilk olaraq dərindən düşünsünlər, götür-qoy etsinlər: “Gənclərimiz ailə qurarkən, ilk olaraq, düşünməlidirlər ki, mən bu insanla 50-60 il yaşayacam. Biz bir-birimizi yola verəcəyikmi? Əslində, bəzi məsələlərdə yola vermək lazımdır. Mən tərəfdarı deyiləm ki, kişi yumruğu vurur və deyir ki, bu, olmalıdır. Düzdür, ailədə kişinin xüsusi rolu var və ona görə də, onun sözü daha keçərli olmalıdır, hər kəs də onun sözünə qulaq asmalıdır. Təbii ki, ölkəmizdə 10 milyon əhali var və 10 milyon da fikir var”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top