Bələdiyyələrin səlahiyyəti də, məsuliyyəti də artırılmalıdır

DAXİLİ SİYASƏT 24 yan 2022, 16:32
Bələdiyyələrin hüquqi statusunun qanun baxımından da müəyyənləşdirilməsi öz əksini ilk dəfə məhz Ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə-12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında tapdı. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə bu institut formalaşmağa başladı - bələdiyyələrin hüquqi bazasını formalaşdıran normativ aktlar qəbul edilməyə başladı. Bu aktlarda bələdiyyələrin bir qurum olaraq hüquqi statuslarının müəyyən olunması, onların fəaliyyətinin əsasları, statusu və digər məqamlar öz əks olunmuşdu.

Bu gün ölkəmizdə ilk bələdiyyə seçkilərinin keçirilməsindən və bələdiyyələrin for­malaş­ma­sından 22 ildən artıq vaxt keçir. Danılmaz faktdır ki, cəmiyyətin demokratikləş­mə­sin­də, səmərəli idarə edilməsində yerli özünüidarəetmənin rolu olduqca əhəmiyyətlidir. Yerli özünidarəetmənin yaradılması ölkəmizdə gedən demokratiya prosesinin böyük bir hissəsi olmaqla, demokratiyanın inkişafı deməkdir. Bu isə bələdiyyə sisteminin təkmilləşdirilməsinə, bələdiyyə institutunun formalaşdırılmasına, bu orqanın cəmiyyətdə nüfuzunun və rolunun artırılmasına, eləcə də bu sahədə yol verilən nöqsanların aradan qaldırılmasına qayğı və diqqətin təzahürü kimi qiymətləndirilməlidir.

Keçən 22 il ərzində yerli özünüidarəetmə orqanlarının fəaliyyətində  irəliləyişlər və həyata keçirilən ardıcıl islahatlar yerli özünüidarəetmənin inkişafı, təkmilləşdirilməsi, istiqamətləndirilməsinin sübutudur.

Lakin görülən işlərə və həyata keçirilən ardıcıl islahatlar aparılsa da yerli özünüi­da­rəetmə orqanlarının təkmilləşdirilməsinə hələ də ciddi ehtiyac var. Bu sahədə bir sıra ciddi nöq­sanlar mövcuddur. Bu nöqsanları müxtəlif səbəblər yaradıb. Bəzən bələdiyyələrin idarəetməsindəki rəhbər şəxslərin səriştəsizliyi, bir çox hallarda isə bələdiyyələrin səmərəli fəaliyyətinə maneə olan maliyyə resurs­larının çatışmazlığı və s.

Bələdiyyələrin maliyyə resurslarının ən mühüm hissəsini təçkil edən bələdiy­yə vergilərinin toplanılmasında ciddi çətinliklər mövcuddur. İlkin olaraq bələdiy­yə­lərin mülkiyyət sənədləri və xəritələrinin olmaması çox ciddi problemdir. Hesab edirəm ki, bələdiyyələrin bir sıra problemlərinin aradan qalxması üçün bu məsələ ən qısa zamanda öz həllini tapmalıdır. Xəritələrin hazırlanması qeyri-qanuni tikintilərin aradan qaldırılmasına müsbət təsir göstə­rəcək. Çünki bugün qeyri-qanuni tikililərin hesabına sənədsiz evlərin sayı çox ciddi rəqəmlərlə ifadə edilir. Bələdiyyələr isə sənədsiz evlərdən bələdiyyə vergilərini tələb edə bil­mir. Beləliklə, bələdiyyələrin maliyyə resurslarının ən mühüm hissələrindən birini təşkil edən vergilərin yığıla bilməməsinə görə bələdiyyələr sakinlərin problemlərini həll etmək istiqamətində ciddi addımlar ata bilmirlər. Mövcud şəraitdə vəziyyət bir qədər mürəkkəbdir. Çünki bir sıra bələdiyyələrin bu problemləri həll etməyə faktiki maliyyə imkanları yoxdur, insanlarsa bəzən evin sənədsiz olmasını əsas gətirib bələdiyyə vergilərini ödəmək­dən imtina edirlər. Halbuki, sənədsiz evlər məsələsi öz həllini taparsa, bələdiyyələrin yığdığı fiziki şəxslərin torpaq və əmlak vergiləri üzrə vergitutma bazasını genişləndirəcək, yerli büdcələrə və dövlət büdcəsinə daxil olan vəsaitlərin əhəmiyyətli dərəcədə artmasına xidmət edəcəkdir.

Digər mühüm bir məsələ: bu gün cəmiyyətimizdə bələdiyyələrin nüfuzunun artma­sına, sakinlər arasında onlara daha çox inam yaranmasına ciddi ehtiyac vardır. Bələdiyyələrin səmərəli fəaliyyət göstərməsi və maliyyə resurslarının genişləndirilməsi üçün ciddi addımlar atılmalıdır Eyni zamanda, maliyyə resurslarının düzgün istiqamətdə sakinlərin mənafeyi naminə istifadə edilməsi də ciddi nəzarətdə saxlanılmalıdır.

Qısa zaman kəsiyində bələdiyyələrin maliyyə resurslarını müəyyən qədər yaxşılaş­dır­maq üçün bəzi addımlar atmaq mümkündür. Burada ciddi inzibatı tədbirlərin həyata keçiril­məsi məqsədəuyğun olardı. Belə ki, notariuslarda alqı-satqı zamanı vətəndaşlardan bələdiy­yələrə borclu olub-olmamaları barədə arayış tələb edilərsə, bu,  bələdiyyənin yığdığı vergi­lə­rinin xeyli artmasına səbəb olar. Bələdiyyənin hesabında nə qədər çox vəsait olarsa, heç şübhəsiz, bu vəsaitin böyük bir hissəsi vətəndaşların müxtəlif problemlərinin həllinə yönəldilər. Bu isə vətəndaşların bələdiyyələrə olan inamının xeyli yüksəlməsinə müsbət təsir göstərər.

Bələdiyyələr onlara məxsus torpaqlarda müxtəlif kənd təsərrüfatı məhsulları əkib becərməklə vətəndaşları becərmə işlərinə və məhsul toplanılmasına cəlb etməklə bələdiyyə təsərrüfatı yaradar, minlərlə insanı əməyə cəlb etməklə onların maddi durumlarınının yaxşılaşdırılmasına kömək etmiş olardı.

Bələdiyyələrin mülkiyyət sənədləri və xəritələri məsələləri həll edilənə qədər bələdiyyənin ərazisi olan qanunsuz zəbt edilən torpaqlardan və həmin torpaqlarda tikilən əmlakdan vergi almaq üçün vətəndaşlarla müvəqqəti müqavilə bağlanmasına icazə verilməsi üçün bələdiyyənin müvafiq qanunlarına müvəqqəti əlavələr edilməsilə bələdiyyələrin maliyyə durumunu xeyli yaxşılaşdırmaq olar. Niyəsə qanunsuz zəbt edilən bu torpaqlarda tikilən evlərdən istifadə edilən qaz, su, elektik enerjisinə görə necə illərdə pul yığıldığı halda onlardan torpaq və əmlak vergisi toplanılmır.

Bələdiyyələrin ərazisində fəaliyyət göstərən bütün təsərrüfat subyektlərindən qazanılan gəlirlərə uyğun olaraq bələdiyyələrə vergi ödəmələrinin olması da xeyli səmərəli olardı.  Bələdiyyələrə isə vergi ödəmələrindən müəyyən güzəştlər edilməlidir.

Hesab edirəm ki, bələdiyyələrə yanaşmalarda ciddi və köklü dəyişikliklərə ehtiyac vardır. Bildiyimiz kimi, yerli idarəetmə qurumları vətəndaşa ən yaxın qurumlar hesab olunur. Bütün bunlarla yanaşı, bələdiyyələrin səmərəli fəaliyyəti onların ərazisində yaşayan əhali ilə sıx əlaqənin yaradılmasından və vətəndaşların etimadının qazanılmasından çox asılıdır. Bələdiyyə üzvlərinin səmimi, aktiv fəaliyyəti və təşkilatçılıq qabiliyyəti əsas məsələlərdəndir. Onların çevik fəaliyyətinin, prinsipiallığının və şəffaf iş üsulunun bələdiyyələrin qarşısında duran vəzifələrin yerinə yetirilməsində mühüm əhəmiyyət kəsb etməsi ciddi nəzərə alınmalıdır.

Bunlar bələdiyyələrin mövcud problemlərini qısa zaman kəsiyində müəyyən bir müddət üçün həll edə biləcək təkliflərdir. Bələdiyyələrin problemlərinin əsaslı və köklü surətdə həll edilməsi və səmərəli fəaliyyətininin təmin edilməsi üçün fundamental dəyişikliklərə ehtiyac vardır.

Hesab edirəm ki, daha səmərəli fəaliyyət üçün mövcud bələdiyyələrin sayı azadılmalı, kiçik və maliyyə resursları məhdud bələdiyyələr birləşdirilməlidir. Əlbəttə, sadəcə, sayın azaldılması problemləri həll edə bilməyəcək. Zənnimcə, bələdiyyələrin səlahiyyətləri də, məsuliyyətləri də artırılmalıdır. Bələdiyyələr güclü maliyyə resursları hesabına əhatə etdiyi ərazilərdəki sakinlərin problemlərini həll edə bilmək potensialına malik olmalıdır. Elə bir sistem formalaşdırılmalıdır ki, dövlət vergilərinin yığılmasında olduğu kimi, bələdiyyə vergilərinin toplanılmasınında da tam şəffaflıq təmin edilə bilsin, vergidən yayınma halları aradan qaldırılsın. Əlavə olaraq, bələdiyyə büdcəsi, sadəcə, yerli vergilərin yığımından asılı olmasın. Beynəlxalq təcrübədə olduğu kimi, bələdiyyələrin fəaliyyətinin mühüm istiqamətlə­rindən biri bələdiyyə sahibkarlığının inkişaf etdirilməsi olmalıdır. Beynəlxalq təcrübədə bələdiyyə müəssisələrinin üstünlüklərindən biri də sosial sahədə gərginliyin azaldılmasında böyük rol oynamalarının nəzərə alınmasıdır. Belə ki, müəyyən səbəblərdən və ixtisar olunmaqla işsiz qalan mütəxəssislər kiçik müəssisələrdə işə cəlb olunurlar. Həmçinin, yerli şəraitə uyğun kiçik müəssisələrin təşkili həm yerli xammaldan, həm də əmək ehtiyatlarından səmərəli istifadəyə münbit şərait yarada bilər.

Yerli özünüidarəetmədə illərlə yığılıb qalan mövcud nöqsanlar və çətinliklər aradan qaldırılmalı, bu məsələnin ən qısa zamanda real həlli üçün ciddi addımlar atılmalıdır. Çünki demokratik dəyərlərə söykənən yerli idarəetmə yerli səviyyədəki xidmətləri səmərəli şəkildə yerinə yetirməklə yanaşı, ölkədə demokratiyanın da inkişafına böyük töhfə verir.

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top