Azərbaycanda koronavirusla bağlı müsbət nəticələr arxayınlaşma yaratmamalıdır

SOSİAL 16 yan 2022, 23:29
Peyvəndləmə prosesində fəal iştirak və gigiyenik qaydalara riayət olunması daha müsbət nəticələr əldə etməyi tezləşdirə bilər

Görünən odur ki, ilk ayını yaşadığımız 2022-ci il də koronavirus pandemiyasının davam edəcəyi illərdən biri olacaq. Dünya üzrə mövcud statistika heç də ürəkaçan deyil. Koronavirusun “Omicron” ştamına yoluxanların sayında ciddi artım müşahidə edilməkdədir. ABŞ, Hindistan, Braziliya, Böyük Britaniya, Fransa, Rusiya kimi ölkələr yoluxmanın artım statistikasına görə öndə gəlir. Mövcud mənzərə bundan ibarətdir ki, inkişaf səviyyəsindən asılı olmayaraq, bütün ölkələr pandemiyadan əziyyət çəkir.

Dünya üzrə

- indiyə qədər 325 milyona yaxın şəxs koronavirusa yoluxub,

- 5,5 milyondan artıq insan bu infeksiyadan həyatını itirib,

- hazırda 51 milyondan çox insan koronavirus infeksiyasının aktiv daşıyıcısıdır.

Pandemiyanın hələ də davam etməsinin səbəbləri sırasında peyvəndləmə prosesinin proqnozlaşdırılan səviyyədə getməməsini göstərmək olar. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) peyvəndləmə prosesinin daha sürətlə getməsinin vacibliyini bildirir. Fəqət koronavirusla bağlı “peyvənd millətçiliyi”nin davam etməsi istənilən nəticəni əldə etməyi əngəlləyən əsas faktor kimi çıxış edir və bu xüsusda hələ də ciddi problemlər hökm sürür.

ÜST dünya əhalisinin 70 faizinin 2022-ci ilin ortalarına qədər peyvənd olunması strategiyasını müəyyən etsə də, mövcud vəziyyət bu hədəfə çatmağın mümkünsüzlüyün ortaya qoyur. Əfsuslar olsun ki, dünyada vaksinlərin ədalətli bölüşdürülməsi ilə bağlı problem heç də aradan qalxmayıb, əksinə mənfi tendensiya davam edir.
İnfeksiyanın yayılmasını şərtləndirən başqa bir səbəb bir çox ölkələrdə vaksinasiya prosesinin zəif olmasıdır. Hətta bir sıra Avropa ölkələrində peyvəndə qarşı etirazlar baş verməkdədir və dövlətlər əhalini peyvənd etmək üçün sərt qərarlar vermək zorunda qalırlar.

Baxsaq görərik ki, bir sıra ölkələrdə əsasən üçüncü - “buster” dozanı vurduranların sayı elə də çox deyil. Amma iş burasındadır ki, pandemiyanın yeni dalğası hətta peyvəndləmə nisbəti yüksək olan ölkələri də əhatə edir. Buna səbəb kimi qış tətili zamanı müşahidə edilən kütləvilik, gigiyenik və digər təhlükəsizlik tədbirlərinə riayət edilməməsi göstərilir. ÜST-ün proqnozu da arzuolunan deyil. Qurum yaxın 6-8 həftə ərzində Avropa əhalisinin yarısından çoxunun “Omicron” ştammına yoluxacağını proqnozlaşdırır.

Təbii ki, virusa yoluxanların sayında qeydə alınan yeni rekordlar dünyanın bir çox ölkələrində səhiyyə sisteminin kəskin yüklənməsi ilə nəticələnir.

Bəs Azərbaycanda vəziyyət necədir?

Sevindirici haldır ki, Azərbaycanda koronavirusla bağlı durum məqbul səviyyədədir. Bu, dünyanın bir çox ölkələri, o cümlədən Qərb dövlətləri ilə müqayisədə daha aydın şəkildə ortaya çıxır. Statistik rəqəmlərə istinad etsək, ölkəmizdə hazırda 46 xəstəxana koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Aktiv daşıyıcılar olan xəstələr üçün ümumilikdə 10 min çarpayı ayrılıb ki, hazırda onlardan cəmi 10 faizi doludur. Bu, dünya üzrə ən yaxşı göstəricilərdən biridir.

Reallıq ondan ibarətdir ki, ən pis variantda belə bunun öhdəsindən gəlmək üçün ölkəmizdə geniş imkanlar mövcuddur. Səhiyyə sistemi və aidiyyəti qurumlar vəziyyətə tam hazırdır. Yoluxma sayının sürətlə artaçağı təqdirdə bunu qarşılamaq üçün xəstəxanalarda kifayət qədər çarpayı ehtiyatı var. Həmçinin, reanimasiyalar ağır xəstələr üçün hər cür tibbi avadanlıqlarla təmin olunub (ən müasir texniki avadanlıqlarla təchiz edilmiş reanimasiya çarpayılarının sayı 800-ə çatdırılıb və 25-ə yaxın EKMO aparatı mövcuddur).

Pandemiyanın başlamasından dərhal sonra Azərbaycanda görülən təxirəsalınmaz tədbirlərin nəticəsi göz önündədir. Danılması mümkün olmayan faktdır ki, Azərbaycan, eyni zamanda, bu xəstəlikdən itkilərin az olduğu ölkələr siyahısındadır. Bu isə ölkədə prosesin zamanında nəzarətə götürülməsinin sayəsində mümkün olub. Pandemiyanın ilk günlərindən Azərbaycan dövləti bütün imkanlarını bu istiqamətdə səfərbər edərək, ən qısa zaman kəsiyində adekvat addımlar atıb. Sonrakı mərhələdə Azərbaycan dünyada vaksin alan və əhalinin vaksinasiyasına başlayan ölkələr arasında qərarlaşıb. Bu addım Azərbaycanda vaksinasiya prosesinin uğurla getməsini şərtləndirib.

Ölkə üzrə

- 8 yaşdan yuxarı olan əhalinin, təxminən 65 faizi artıq peyvəndin hər iki dozasını alıb;

- “buster” dozanı vurduranların sayı 1,7 milyonu ötür;

- bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 12 milyona yaxınlaşır.

Bütün bunlar həm də o reallığı doğurub ki, mövcud vəziyyətdə Azərbaycan dünyanın bir çox ölkələrində olduğu kimi, pandemiya səbəbindən yenidən sərt qapanmalara getmir. Qapanmaların ölkə iqtisadiyyatı, insanların psixoloji durumunda yaratdığı problemlər isə hamıya bəllidir.

Bu müsbət atmosfer heç də arxayınlaşma yaratmamalıdır. Vacib şərtdir ki, ölkəmizdə peyvəndləmə prosesi yenə yüksək fəallıqla davam etdirilsin. Yoluxuculuq qabiliyyəti yüksək olan “Omicron” ştamının artıq Azərbaycanda da qeydə alınması diktə edir ki, hamımız daha məsuliyyətli davranaq.

Birincisi, kütləvi yoluxmalardan qorunmaq, vəziyyəti stabil saxlamaq üçün vaksinasiya prosesində fəallıq axsadılmamalıdır. Xəstəliyin peyvənd edilən insanlarda yüngül keçməsi artıq hamıya məlumdur və bu səbəbdən peyvəndləmədə iştirak mütləqdir. Aparılan araşdırmaların nəticəsinə əsasən, “Omicron” ştamının “Delta” ilə müqayisədə yüngül fəsadlar yaratması, əksər hallarda daha yüngül keçməsi, əvvəlki ştamlarla müqayisədə ağır pnevmoniyanın inkişafına daha az rast gəlinməsi kimi faktlar peyvəndləməni arxa plana keçirməməlidir.

Unutmaq olmaz ki, məhz tam vaksin olunmuşların xəstələnməsi hallarına daha az rast gəlinir. Bu baxımdan qorunma səviyyəsinin artırılması üçün vətəndaşların “buster” doza peyvəndlənməsi zəruridir.

İkincisi, gigiyenik qaydalara, sosial məsafənin qorunmasına daim riayət olunmalıdır. Nəzərə almaq lazımdır ki, vaksinasiya heç də yoluxmanın qarşısını almır. Peyvəndləmə infeksiyaya yoluxan zaman xəstəliyin ağırlaşmasının qarşısını önləyir, onun həyat üçün təhlükəsini aradan qaldırır. Deməli, gigiyenik qaydalara riayət etmək, sosial məsafənin qorunması kimi vacib məsələləri bir an olsun yaddan çıxartmamalıyıq.

Cari il ərzində Azərbaycanda koronavirus pandemiyası ilə mübarizədə daha uğurlu nəticələr əldə etməyin tək yolu həm peyvəndləmə prosesində fəal iştirak, həm də gigiyenik və təhlükəsizlik qaydalarına riayət olunmasıdır.

Bu gün Azərbaycan əhalisində sözügedən infeksiyaya qarşı yüksək immunitet səviyyəsi müşahidə edilən ölkələr sırasında yer alır. Dünya miqyasında Azərbaycan koronavirusla mübarizədə nümunəvi addımlara müəlliflik edən ölkə kimi qəbul olunur. Bu müsbət göstəricini qoruyub saxlamaq və daha arzuolunan nəticəyə çatmaq hər birimizin daha məsuliyyətli olmasından birbaşa asılıdır.

Elman Babayev
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top