Dövlət Neft Fondu qızıl ehtiyatını 100 tona çatdırır

İQTİSADİYYAT 04 fev 2019, 10:44

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2019-cu ildə qızıl aktivlərinin həcmini 100 tona çatdırmağı planlaşdırır. 


Demokrat.Az xəbər verir ki, bu barədə fondun icraçı direktoru Şahmar Mövsümov "Bloomberg" agentliyinə müsahibəsində bildirib.


2018-ci ilin sonuna ARDNF-in investisiya portfelinin strukturunda qızılın payı 50 min 953,3 kq (1 mln. 638 min 186,3 troya unsiyası), dəyəri $2 mlrd. 93,09 mln. təşkil edib.


"ARDNF 2019-cu ildə qızıl ehtiyatlarını iki dəfə artıraraq 100 tona çatdırmağı planlaşdırır. ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcələrinin artırılmasının müzakirə olunmayacağını bəyan etdikdən sonra qızıl bazarında tələbin artması müşahidə olunur", - deyə icraçı direktor qeyd edib.


Onun sözlərinə görə, qlobal iqtisadiyyatın ləngiməsi riskləri və ABŞ ilə Çinin ticarət münasibətlərindəki qeyri-müəyyənlik qiymətli metala marağı artırır. 2018-ci ilin sonunda maliyyə bazarlarının volatilliyi, eləcə də ABŞ Federal hökumətinin 35-günlük şatdaunu da qızıla olan tələbi stimullaşdırıb.

 

Картинки по запросу şahmar mövsümov


Sədr deyib ki, 2019-cu ildə fond aktivlərin $2,3 mlrd. - $40 mlrd.-dək artacağını proqnozlaşdırır.


"Hazırda ARDNF-in aktivlərinin həcmi Azərbaycanda ÜDM-nin 80%-dən çoxdur. 2019-cu ildə fondun aktivləri $2,3 mlrd. artaraq rekord səviyyəyə - $40 mlrd.-a çatacaq. Biz qərara aldıq ki, səhmlərə sərmayə qoymağın vaxtı deyil və haqlı çıxdıq. Təcrübə göstərdi ki, keçən il aktivlərin bu sinifi üçün çox pis olub", - deyə Ş.Mövsümov qeyd edib.


Onun sözlərinə görə, 2018-ci ildə fond aktivlərin idarə edilməsindən cüzi gəlir əldə edib, lakin səhmlərdəki payın artırılmamasına dair strateji qərar sayəsində zərərlə üzləşməyib.


Fondun sədri, həmçinin bildirib ki, London, Paris, Milan, Moskva, Seul və Tokioda daşınmaz əmlakların alınması ARDNF-ə sabit gəlir gətirib.


ARDNF 2012-ci ilin əvvəlindən etibarən qızıl alışına başlayıb. 2012-2013-cü illərdə fond tərəfindən 30 174,89 kq (970 145,51 unsiya) qızıl alınıb. 2014-2017-ci illərdə isə qızıl alınmayıb. 2018-ci ildə ARDNF qızıl alışını bərpa edib və il ərzində 20 min 778,41 kq qızıl alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top