Türkiyə bankı borclarını yığa bilmir – “Ziraat Bank Azərbaycan”ın mənfəəti kəskin azaldı

İQTİSADİYYAT 23 yan 2019, 11:44

“Ziraat Bank Azərbaycan” ASC-nin xalis mənfəətinin 2017-ci illə müqayisədə 3 dəfəyədək azaldığı məlum olub.

 

Demokrat.Az “AzPolitika.info”ya istinadən xəbər verir ki, 2018-ci ili 1 milyon 375 min manat xalis mənfəətlə başa vuran bank, 2017-ci ildə 4 milyon 63 min manat qazanmışdı.

 

“Ziraat Bank Azərbaycan”ın ilin nəticələrinə əsasən yaydığı hesabatdan o da məlum olur ki, azalmanın əsas səbəbi bankın əməliyyat mənfəətini artan kredit və depozit risklərinə görə ehtiyata yönəltməsidir.

 

Əslində isə bankın gəlirləri artıb. Belə ki, 2017-ci ildə “Ziraat Bank Azərbaycan”-ın əməliyyat mənfəəti 6 milyon 256 min manat olduğu halda, 2018-ci ildə bu rəqəm 7 milyon 93 min manata yüksəlib. Lakin mənfəətin 5 milyon 405 min manatını ehtimal olunan depozit və kredit itkiləri üçün ehtiyata ayırdığından və 313 min manat mənfəət vergisi ödənildiyindən yekun mənfəət 1 milyon 375 min manata düşüb.

 

“Marja”nın yaydığı məlumatda isə deyilir ki, ehtiyata ayırma 2016-cı ildə 434 min manat, 2017-ci ildə 1 milyon 231 min manat olub. Ayırmanın ildən-ilə artması və ötən il 5 milyon 405 min manata çatması isə kredit riskinin və gecikmədə olan kreditlərin artdığına işarədir. Görünür, bank Azərbaycanda verdiyi kreditləri toplamaqda ciddi çətinlik çəkməkdədir.

 

Bununla yanaşı, bankın bir sıra göstəricilərində artım müşahidə olunub. Məsələn, illik müqayisədə müştərilərə verilən kreditlər 2017-ci ilin sonundakı 67 milyon 884 min manatdan 105 milyon 488 min manata yüksəlib.

 

Həmçinin, bank ötən ilin nəticələrinə görə, 227 milyon 919 min manat cəmi aktivlərə malik olub. 2017-ci ildə bu göstərici 186 milyon 665 min manat idi.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top