İran generalının qətli və Azərbaycan cəmiyyəti — TƏHLİL

TƏHLİL 07 yan 2020, 19:19

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) “Əl-Qüds” briqadasının rəhbəri general-mayor Qasım Süleymani və İraqın xalq səfərbərlik qüvvələrinin komandan müavini Abu Mehdi əl-Mühəndis kimi tanınmış Camal Cəfər İbrahiminin qətli Azərbaycan cəmiyyətində diqqət oyadıb. Buna misal olaraq, son günlər mütəşəkkil və əlaqələndirilmiş şəkildə media və sosial şəbəkələrdə İranın qəhrəmanının şərəfinə materialların paylaşılmasını, ona dəstək əlaməti olaraq fotoşəkillərin sosial şəbəkə profil və statuslarında yerləşdirilməsini, bəzi Azərbaycan məscidlərində xüsusi anım tədbirlərinin təşkil olunmasını göstərmək olaraq. 


Cəmiyyətimizin digər hissəsi isə xarici ölkənin generalı olsa belə Qasım Süleymaninin Azərbaycanda bu səviyyədə tərənnüm edilməsinə etiraz edir, onun İranda yaşayan soydaşlarımıza qarşı alçaldıcı ifadələrini xatırladır, İran İslam İnqilabı Keşikçiləri Korpusu casuslarının Ağdam rayonunda Azərbaycan ordusu barədə kəşfiyyat aparmaları faktlarını və İraqın xalq səfərbərlik qüvvələrinin bir neçə ay bundan əvvəl Azərbaycana qarşı təhdid bəyanatını unutmamağa çağırır.


Azərbaycanlıların müdrik və soyuqqanlı olmaq çağırışlarının dini fanatiklər tərəfindən hətta təhqirlərlə qarşılandığı da qeyd edilməlidir. Dini fanatiklər həyasızcasına azərbaycanlıları aşağılamaqdan, Qarabağ müharibəsi, İranın ölkəmizə yardımları mövzusunda spekulyasiyalar etməkdən, təbliğat xarakterli yalan məlumatlar yaymaqdan və xalqımıza minnət qoymaqdan çəkinmirlər. Amma Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bütün faciə və fəsadlarını öz həyatında yaşamış millət olaraq biz kimin dost, kimin isə ermənilərin himayədarı olduğunu yaxşı bilirik. 


Regional siyasi ambisiyaların təmin edilməsi məqsədilə İslam xeyriyyəçiliyi ənənələrinin necə istismar olunduğunu qaçqın düşərgələrində ərzağın müəyyən şərtlərlə paylanıldığı zaman görmüşük... O üzdən bizə Şərq nağılları danışmayın!


Aydındır ki, İran inqilabının lideri Ayətullah Xomeyninin “Vilayəte-Fəqih” nəzəriyyəsi və İslam inqilabının ixracı kampaniyasının sadiq əsgəri general Süleymani bu ölkədə şəhid kimi tərənnüm edilməlidir. İran mediası onunla vida mərasimlərini geniş işıqlandırmaqdadır. İranın ayrı-ayrı şəhərlərində küçələrdə saysız-hesabsız insan axınının göstərən kadrlar xalq arasında ABŞ və İsrailə qarşı həmrəylik əlaməti kimi təqdim olunur. 


Sosial şəbəkələrdə şəhid generalın cənnətdə İmam Əli və İmam Hüseyn tərəfindən qarşılamanı əks etdirən rəsmlər yayılır, rəsmlərdə həmin qarşılamada Camal Cəfər İbrahimi və İran ruhaniliyinin şəhid hesab etdiyi digər şəxslərlə yanaşı Ayətullah Xomeyninin də olduğu göstərilir. Bu kimi informasiya kampaniyası Şiə müsəlmanların təfəkkürünü İran İslam Respublikasının (İİR) xarici siyasət maraqlarının təmin edilməsinə münasib şəkildə formalaşdırmaq məqsədini güdür. Hər bir müstəqil dövlət kimi İran İslam Respublikasının da öz dövlət maraqlarını informasiya kampaniyaları vasitəsilə müdafiə etmək haqqı var.


Digər tərəfdən Azərbaycan oxucusunun regiondakı proseslər barədə emosiyasız və milli mənafelər prizmasından baxmaq üçün alternativ məlumatla tanış olmaq, hadisələri kritik dəyərləndirmək haqqı da var və materialımız vasitəsilə buna yardım göstərmək niyyətindəyik. İranın generalı Süleymani İraqda həqiqətən də nüfuzlu şəxs olmuşdur.

 

qasem soleimani azerbaycan üçün şəkil nəticəsi 


O, İraqın siyasətçilərini ələ almaq və ölkənin baş naziri vəzifəsinə təyinatlara təsir etmək kimi imkanlara sahib idi. İraqda İranla ABŞ arasında gedən proksi-savaşda Qasım Süleymani İran tərəfindən əsas fiqur idi. Lakin müstəqil dövlətin siyasətinə açıq müdaxilə iraqlıları narahat etməyə başlamışdı. Artıq bir neçə ay idi ki, İraq əhalisi İranın bu ölkənin daxili işlərinə qarışmasına qarşı etiraz aksiyaları keçirir, müxtəlif anti-ABŞ kampaniyaları, o cümlədən xalq səfərbərlik qüvvələrinin ABŞ-ın Bağdad şəhərindəki səfirliyinə hücumuna qarşı olduqlarını bəyan edirdi. 


Hətta bu yaxınlarda KİV-ə general Süleymaninin qətlindən sonra İraq parlamentinin ABŞ silahlı qüvvələrini ölkədən çıxarılması barədə qərarın qəbulu ilə yekunlaşmış iclasında bu ölkənin yalnız bir qrup şiə deputatının iştirak etdiyi barədə məlumatlar sızdırılmışdı. Bu fonda bəzi iraqlı sosial şəbəkə istifadəçilərinin generalın qətli ilə əlaqədar nəinki kədər keçirmədiyi, əksinə bir növ rahatlıq hissi paylaşdıqları da onun bu ölkədə İranın milli maraqlarının müdafiəsi fəaliyyətinin bir reallığı kimi dəyərləndirilməlidir. 


Digər məlumat isə 2013-2015-ci illər ərzində, İraqda “İslam Dövləti” terror qruplaşmasına qarşı döyüşlərin ən qızğın vaxtında Qasım Süleymaninin fəaliyyəti barədə İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi əməkdaşlarının sızmış yazışmalarından ibarətdir. Bu məlumatda “İslam Dövləti”nə qarşı müharibənin qəhrəmanı kimi ad çıxartmış Qasım Süleymaninin İraqda sünnilərə qarşı qəddar münasibətindən bəhs olunur, onun himayə etdiyi şiə dəstələrinin İraqın Curf əs-Saxr şəhərindən terrorçuları qovmasından sonra, oradakı sünni müsəlmanlara qarşı qətliam törətməsi və İran kəşfiyyatçılarının bu halın gələcəkdə İraqda İrana qarşı əhval-ruhiyyənin formalaşmasına gətirib çıxaracağına dair narahatlıqlarını ifadə edilir. Curf əs-Saxr şəhərində qətliam törətmiş “Haqq əhlinin dəstəkçiləri” şiə hərbi dəstəsi ABŞ tərəfindən terrorçu qrup kimi tanınmışdır. Göründüyü kimi, proqnozlar düz çıxdı, “Əl-Qüds” briqadasının dəstəyi ilə səfərbər olunmuş şiə hərbi dəstələri İraqda İslamın iki qanadı arasında konfessional düşmənçiliyin yaranmasına gətirib çıxartmışdır. 


Yeri gəlmişkən, İİKK bir qismi şiə, digər qismi isə sünni olan İraq türkmənlərinə də yalnız şiə təəssübkeşliyini nümayiş etdirmək üçün deyil, həmçinin Türkiyəyə qarşı casusluq etmək müqabilində terrorçuluqla mübarizədə hərbi dəstək göstərmişdir. Nəticədə, İraq türkmənləri Türkiyəyə qarşı istifadə olunmaq istəmədiklərinə görə, İranın İraqdakı təşəbbüslərindən kənarda qalmağı üstün tutmuşlar. ABŞ-ın “İslam Dövləti” terror təşkilatına qarşı havadan endirilən zərbələri türkmənlərə terrorçulara qarşı mübarizə aparmağa kömək etmiş və sosial şəbəkələrdə bəyan olunduğu kimi, onlar İİKK tərəfindən müdafiəyə möhtac qalmamışlar. 

 

qasem soleimani azerbaycan üçün şəkil nəticəsi


Digər tərəfdən İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin həmin məlumatlarında terrorçulara qarşı vuruşan İraqın xalq səfərbərlik qüvvələrinin döyüşçülərinin namaz belə qıla bilməmələri və İranın ideoloji dəstəyinə ehtiyac duyduqları qeyd olunur. Beləcə, İİKK-nın köməyilə 2014-cü ildə onların bir çoxu İranda hərbi təlim keçməyə göndərilmiş, lakin sonradan onlar İraqa qayıdaraq sünnilərlə mübarizəyə başlamış və ölkənin qanuni hakimiyyətinə qarşı çıxmışlar.

 

Son günlərin aktual mövzusu olan general Qasım Süleymani ilə İrandakı vida mərasimlərinə də toxunmaq istərdik. Dronlardan video-çəkiliş kadrları İran şəhərlərinin küçələrinə insan axınını göstərir. Lakin Avropada fəaliyyət göstərən İran müxalifət qrupları və sosial şəbəkələrdə ayrı-ayrı iranlı istifadəçilər matəm mərasimlərinin kütləviliyinə aldanmamağı təkidlə tövsiyə edirlər. 


Sovet dövründə yaşamış vətəndaşlarımız da, bu tip kütləvi aksiyaların inzibati resurslarla müxtəlif müəssisələrin işçilərinin hesabına necə təşkil olunduğunu xatırlayırlar. İranda bu məqsədlə dükan sahiblərinə xəbərdarlıqlar olunub, ticarət müəssisələrinin şüşələrinə generalın fotoşəkilləri yapışdırılıb, dükanlar bağlanılıb və işçilər matəm yürüşlərinə cəlb olunub. Ali təhsil müəssisə tələbələrinə kütləvi aksiyalarda iştiraka görə yaxşı qiymət yazılacağı, kasıblara yeməyin paylanılacağı vəd olunmaqla, onlar generalın dəfn mərasimlərinə cəlb ediliblər. Bundan başqa, dövlət idarələrinin işçiləri, Bəsic və digər hüquq-mühafizə dəstələri xüsusi ayrılmış nəqliyyat vasitəsilə matəm yürüşlərinə gətirilmişdir. 

 

Qasım Süleymani azərbaycanda üçün şəkil nəticəsi


Bütün bu səylərə baxmayaraq, bir çox şəhərlərdə yürüşlərə ümumi əhalinin heç 10% da qatılmamışdır. Ticarət müəssisələrinin sahibləri Qasım Süleymaninin şəkilini dükanlara vurmaq tapşırığından imtina edə bilməsə də, sosial şəbəkədə yayılmış video-rolikdə 2 saat ərzində əlləşməyə baxmayaraq, ötüb-keçən xeyli avtomaşından yalnız 10-nun bu şəkili qəbul edib şüşəyə yerləşdirməyə razılaşması kimi əsl rəzalət əks olunmuşdur. 


Digər video-roliklərdə İranın ərəb mili azlığının məskunlaşdığı və İİKK-nın əvvəllər mülki əhaliyə qarşı zor tətbiq etdiyi bölgədə generalın qətli ilə bağlı sevinc hissini gizlətməyən vətəndaşlar əks olunmuşlar. Bəzilərində Qasım Süleymani hətta uşaq cəlladı kimi təsvir olunmuşdur. İran müxalifəti 2019-cu ilin noyabr etirazlarının yatırılması zamanı İİKK-nın xüsusi fəallığını xatırlayır və yüzlərlə iranlının Süleymani və onun silahdaşları tərəfindən qətlə yetirildiyini bildirirlər. Ötən il hökumət bu insanlar üçün matəm mərasimlərinə məhdudiyyətlər tətbiq etmişdir. Digər tərəfdən, məhz İran tarixində yaşanmış bu ən kütləvi xalq etiraz dalğası zamanı insanlar “Ömrüm Livan və Qəza üçün deyil, İran üçündür” şüarı səsləndirməklə, Qasım Süleymanini qəhrəman və şəhid etmiş İslam inqilabının ixracı konsepsiyasına əsl münasibətini də bildirmişlər. 


İranlılar sanksiyalar ucbatından xeyli çətinləşmiş sosial durumunu ölkələrinin regional proseslərə müdaxiləsi ilə bağlayırlar. Qasım Süleymaninin qətli isə İran hökumətini Qərb ilə nüvə sazişindən çıxmağa sövq edib. Bunun ardınca nüvə silahının əldə edilməsi üzrə vəd olunan fəaliyyət öz növbəsində İranın təcrid olunmasını daha da dərinləşdirə, xüsusilə ölkənin maliyyə kanallarını bağlaya bilər. Beləcə İranda sosial narazılığın növbəti partlayışla nəticələnməsi ehtimalı mövcuddur. Öz ömrünü “Vilayəte-Fəqihə” qurban vermiş Süleymaninin şəhadəti isə qələbəyə deyil, tam əksinə olaraq İslam inqilabının ixracı konsepsiyasının uğursuzluğuna gətirib çıxara bilər.


Sosial şəbəkələrin populyarlığı insanlara fikrini sərbəst ifadə etmək üçün indiyədək olmayan imkanlar yaratmışdır. Digər tərəfdən bir çox xarici dövlətlər sosial şəbəkələrdəki fəaliyyət üzrə insanları öyrənmək üçün xüsusi proqram təminatlarından istifadə edir, hətta ölkələrinə giriş vizası almaq anketlərdə sosial şəbəkələrdə iştirak barədə suallar salmışlar. ABŞ tərəfindən terrorçu təşkilatlar kimi tanınmış qruplara sosial şəbəkələrdə açıq dəstəyin ifadə edilməsinin nəticəsi bəzi soydaşlarımızın Qərb ölkələrinə səyahət etmək imkanlarından məhrum edilməsi, siyasi mühacir kimi məskunlaşdığı Qərb “cənnət”lərindən deport olunması və ya hətta Azərbaycanda xarici şirkətlərə işə götürülməməsi kimi acı nəticələr verə bilər. Bu səbəbdən sosial şəbəkələrin verdiyi azadlıqlardan istifadə edərkən, məsuliyyət hissini itirməmək, müxtəlif məlumat qaynaqlarından faydalı istifadə etmək, kimlərinsə dezinformasiyalarının qurbanına və ya öz iradəsindən kənar iştirakçısına çevrilməmək lazımdır.


"Demokrat.az" xəbər portalının analitik qrupu

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top