Prezident İlham Əliyev torpaqlarımızı qarış-qarış azad edir və yeni reallıqlar yaradır…

TƏHLİL 20 apr 2024, 22:12
Qazaxın anklav olmayan 4 kəndinin qaytarılması Azərbaycanın növbəti tarixi qələbəsi olmaqla yanaşı, Cənubi Qafqazda sülhün və sabitliyin əldə olunması imkanlarını önə çıxardı. Çünki işğal altında olan kəndlərimiz müharibə yolu ilə yox, danışıqlar yolu ilə azad olundu və ən mühüm məqam bu danışıqların vasitəçisiz baş tutmasıdır. Azərbaycan və Ermənistan artıq heç bir vasitəçi olmadan masada müzakirə aparmağı, problemləri dialoq yolu ilə həll etməyi bacarır.

İkitərəfli formatda danışıqların müsbət nümunəsini ilk dəfə ötən ilin 7 dekabrında gördük. Azərbaycan və Ermənistan heç bir vasitəçi olmadan mühüm sənəd qəbul etdilər. Azərbaycan Respublikası Prezident Administrasiyası və Ermənistan Baş naziri aparatı arasında qəbul edilən bəyanatda qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenlik tanındı. O cümlədən, Ermənistan COP 29-un Azərbaycanda keçirilməsini dəstəkləyərək, öz namizədliyini geri götürüldüyü bildirilirdi.

Beləliklə, iki ölkə beynəlxalq platformalarda diplomatik müharibəni başa çatdıraraq, dialoq və anlaşmaq mərhələsinə keçdi. Azərbaycan bununla qlobal diplomatik liqaya çıxaraq, dünya üçün ən aktual problem olan iqlim dəyişikliyinə həsr olunmuş COP 29 kimi nüfuzlu tədbiri keçirmək hüququnu qazandı. Lakin bu məqam həm də bölgədə toqquşmaların arxa plana keçirilməsi, dialoq mərhələsinin başlanması idi. Bakı və İrəvan Moskva, Brüssel, Vaşinqton, yaxud hansısa üçüncü tərəf olmadan, birbaşa təmaslarla razılıq əldə etmişdi.

Bakı və İrəvan arasında bu təmaslar “səssiz” – “vasitəçisiz” diplomatiya adlandırılır. Bəllidir ki, bu diplomatiyanın təşəbüskarı Azərbaycandır, çünki ikitərəfli formatın daha uğurlu olduğunu öncədən məhz rəsmi Bakı irəli sürüb. Azərbaycan diplomatik addımları ilə dünyanı müsbət mənada təəccübləndirir və beynəlxalq ictimaiyyət illərlə müharibə aparmış və düşmən olan iki ölkənin birbaşa dialoqla problemlərini həll etmək bacarığına heyran qalır.

19 aprel tarixi Azərbaycan və Ermənistanın növbəti “səssiz”-“vasitəçisiz” diplomatiyasının şahidi oldu. 1990-cu illərdə işğal edilən 4 kənd birbaşa müzakirələr və razılaşma nəticəsində qaytarıldı. Tərəflər arasında əldə edilən razılaşmaya görə işğal altında qalan kəndlərin 4-ü indi qaytarılır, anklav olan digər 4 kəndin qaytarılması müzakirə olunur və delimitasiya prosesi başlanır.

Bu razılaşma bir daha təsdiq etdi ki, Bakı və İrəvanın “səssiz” – “vasitəçisiz” diplomatiyası bölgədə sülhün, sabitliyin yeganə təminatı ola bilər. Üçüncü tərəflərin, xüsusilə ABŞ və Fransa kimi neoimperialist qüvvələrin müdaxiləsi sülhü yox, qeyri-sabitliyi gətirir. Əgər bu qüvvələr müdaxilə etməsə, Azərbaycan və Ermənistan sülhlə bağlı ciddi nəticələr əldə edə bilərlər. ABŞ başda olmaqla Qərb qüvvələri bölgədə öz maraqlarını təmin etmək məqsədilə hələ də gizli və riyakar planlar həyata keçirir. Regionda sühün əldə edilməsinin yeganə yolu Azərbaycan və Ermənistanın birbaşa dialoqudur. Rəsmi İrəvan sivil qaydada davranarsa, üçüncü qüvvələrin yox, yalnız öz maraqlarından çıxış edərsə, başqa qüvvələrin əlində alət olmazsa, regionda davamlı sülh tam şəkildə təmin oluna bilər.

7 dekabr və 19 aprel razılaşmaları Qərbin iddialarını da alt-üst etdi. Qərbdə iddia edirdilər ki, Azərbaycan guya Ermənistana hücum edəcək, əslində bununla qorxu atmosferi yaradaraq, bölgəyə müdaxilə etmək istəyirlər. Lakin 4 kəndin qaytarılması ilə bağlı razılaşma bu iddiaların uydurma cəfəngiyyatdan başqa bir şey olmadığını ortaya çıxardı.

19 aprel razılaşması həm də Prezident İlham Əliyevin Azərbaycan xalqına bəxş etdiyi növbəti qələbəsidir. Prezident İlham Əliyev 44 günlük müharibə ilə torpaqlarımızı azad etdi. Daha sonra cəmi üç il ərzində erməni separatizmini ləğv edərək, suverenliyimizi bərpa etdi.

Aprelin 18-də Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılmasına başlanılması, 19 apreldə isə 4 kəndin qaytarılmasını təsdiq edən birgə bəyanatın qəbul edilməsi Prezident İlham Əliyevin qələbə strategiyasının növbəti nəticəsidir. Dövlət başçısı itirdiyimiz torpaqları qarış-qarış azad edir.


Vasif Həsənli
Demokrat.az xəbər portalının rəhbəri

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top