“Mitinq planı” nəyə hesablanıb? — Azərbaycanı zülmətə çevirmək istəyənlər...

TƏHLİL 22 apr 2024, 17:12
Bu gün Azərbaycan tarixinin ən böyük qələbə dövrünü yaşayır. Bundan narahat olan qüvvələrin olduğu aydındır və hazırda xaricdən təzyiq cəhdləri də müşahidə edilir. Xüsusilə erməni diasporunun, erməni lobbisinin və onlara havadarlıq edən anti-Azərbaycan dairələrin ölkəmizə müdaxilə etmək cəhdləri var. Bu müdaxilələr müxtəlif vasitələrlə edilir. Belə vasitələrdən biri də Azərbaycan daxilindəki şəbəkələrinin hərəkətə keçilməsidir.

“Milli Şura” adı altında birləşən bu ünsürlərin mitinq həvəsinə düşməsi bu kontekstdə təsadüfi deyil. Bəllidir ki, radikal qüvvələr yenidən gündəmə gəlmək və mitinqlər üzərindən pul qazanmaq istəyir. Heç bir zərurət olmadığı halda mitinq keçirmək eşqinə düşmək ancaq bundan qaynaqlanır. 

Digər tərəfdən, mitinq sifarişinin anti-Azərbaycan dairələrinin sifarişi olduğu da aydındır. Hazırda ən güclü dövrünü yaşayan Azərbaycan dövlətinə qarşı müdaxilə cəhdləri baş tutmur, məhz buna görə daxildəki anti-milli ünsürlərə “hərəkətə keçmək” tapşırığı verilib.

Bu qüvvələrin bir hədəfi var: Azərbaycanı 90-cı illərin dərəbəylik, anarxiya dövrünə sürükləmək istəyirlər. 

AXC-Müsavat cütlüyünün Azərbaycanın başına açdığı oyunları heç də uzaq tarix deyil. Ötən əsrin 90-cı illərində Ermənistan torpaqlarımızı işğal edəndə bu qüvvələr Bakıda hakimiyyət davası edir, özlərinə bağlı silahlı qrupları cəbhədən geri çəkərək, düşmənin irəliləməsinə şərait yaradırdılar. Nəticədə torpaqlarımız işğal olundu. Onların bu “ağır mirası”nı aradan qaldırmaq, torpaqlarıımızı azad etmək üçün 30 il gözləməli olduq. Nəhayət, 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan xalqına tarixi zəfəri yaşatdı. Torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. 

İndi eyni qüvvələrin tör-töküntüləri Azərbaycanı yenidən qaranlıq 90-cı illərə qaytarmaq planları qururlar və əminliklə deyə bilərik ki, bu planların sifarişçiləri arasında erməni maraqlarını müdafə edənlər, ermənipərəst qüvvələr də var. Məqsəd ölkədə xaos yaratmaq və Azərbaycanın qələbə reallıqlarına mənfi təsir göstərməkdir. Bütün bu planların, niyyətlərin “demokratiya və insan  haqları” adı altında pərdələnməsi də ictimai rəyi manipulyasiya etmək cəhdidir. Lakin bütün bu kimi cəhdlər yenə də baş tutmayacaq, çünki antimilli olan bu qüvvələr artıq Azərbaycanın siyasi həyatından silinib, xalq onları yox hesab edir. Heç bir işə yaramadıqları üçün xarici ağaları belə onların üzərindən xətt çəkib. Bu baxımdan, onların “mitinq eşqinə” düşməkləri “ürək bulandırmaqdan” başqa bir şey deyil!


Vasif Həsənli
“Demokrat.az” xəbər portalının rəhbəri

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top