ABŞ-da “İbadoğlu qətnaməsi”ni ermənilər sifariş edib — ANCA-nın Bakıya hücumunun sensasiyalı detalları...

TƏHLİL 01 apr 2024, 11:47
Ötən həftə ABŞ-da bir qrup senatorun Qubad İbadoğlunun həbsdən azad olunması çağırışı ilə qətnamə hazırladığına dair məlumat yayıldı. Bu məlumatı yayan “Turan” agentliyinin təqdimatına nəzər yetirdikdə belə təsəvvür yaranır ki, sanki ABŞ Qubad İbadoğluna görə, Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır, qətnamə də bunun başlanğıcıdır. Hərçənd ki, araşdırmalar sözügedən sənədin belə demək mümkünsə, mənasız bir şey olduğunu ortaya çıxarır. Eyni zamanda, qətnamənin müəlliflərinə və arxasındakı plana diqqət etdikdə mühüm məqamlar məlum olur.

Məlumatlara görə, Senatın “Qətnamə 616” adlanan versiyası 22 martda senator Tom Tillis tərəfindən hazırlanıb və senatorlar Dik Durbin, Bill Kessidi, Tim Keyn və Con Fettermanın adından Xarici Əlaqələr Komitəsinə təqdim edilib. Bu qətnamə fevralın 14-də Konqresin 26 üzvü tərəfindən dəstəklənmiş “İbadoğlu qətnaməsi” versiyasının yayılmasından sonra irəli sürülüb. “İbadoğlu qətnaməsi”ni konqresmen Devid Rouzer tərəfindən ikipartiyalı olaraq irəli sürülüb. İkipartiyalı qətnamənin 24 həmmüəllifi var, bu yaxınlarda ona demokrat konqresmen Anna Eşu (Kaliforniya) və respublikaçıların digər iki nümayəndəsi - Brayan Fitspatrik (Pensilvaniya) və Çak  Fleyşman (Tennessi) də qoşulub.

Beləliklə, İbadoğlu ilə bağlı iki sənəd gündəmdədir. Lakin hər iki sənəd “sadə qətnamə” kateqoriyasına daxildir. Bu kateqoriyaya daxil olan qətnamələr sadəcə müzakirəyə çıxarılır, qəbul olunacağı təqdirdə Nümayəndələr Palatasının, yaxud Senatın ümumi fikri kimi verilir. Lakin ABŞ Prezidentinə təsdiq üçün təqdim edilmir. Bu, sadəcə hansısa hadisəyə münasibət bildirmək, yaxud hansısa şəxs haqqında danışmaq kimi bir şeydir.

Göründüyü ki, Qubad İbadoğlu ilə bağlı ABŞ-da gündəmə gələn “qətnamələr” adi kağız parçasından başqa bir şey deyil və iddia edildiyi kimi, heç bir təsirə malik deyil. Bunu müxalif düşərgə “böyük uğur” kimi təqdim edir. Halbuki, onların “uğur” kimi gördüyü məsələ ABŞ-da sıradan hadisə belə deyil. Bu fakt həm də onu göstərir ki, Qubad İbadoğlu istifadə olunaraq, atılmış fiqurlar sırasında növbəti qurbandır və hazırda onun adı yalnız Azərbaycana qarşı hansısa təzyiq üçün lazım olanda gündəmə gəlir, başqa vaxt heç yada belə düşmür. 

Burada ən vacib məqam Qubad İbadoğlunu dəstəkləyən, onunla bağlı məsələni gündəmə gətirən senator və konqresmenlərin hamısının erməni lobbisinin təmsilçiləri olmasıdır. Onlar ABŞ qanunverici orqanlarında “erməni işçi qrupu”nun üzvləri kimi fəaliyyət göstərir. Bu fakt diqqəti bir neçə məqama çəkir.

Birincisi, azərbaycanlı ekofəallar Xankəndi-Laçın yolunda etiraz aksiyası başlayanda Qubad İbadoğlu buna qarşı çıxmış, “ermənilər blokadadır” mövqeyini dəstəkləmişdi.

İkincisi, Qubad İbadoğlunun qızı Jalə Bayramova ermənilər açıq əməkdaşlıq edir. O, Laçın yolu məsələsində “ermənilər blokadadır” mövqeyi ilə Ermənistanı dəstəkləmiş, hətta erməni diasporu/lobbisi tərəfindən irəli sürülən və Qarabağ məsələsi üzərindən Azərbaycana qarşı informasiya hücumu xarakteri daşıyan “PostSovietPeace” layihəsinə də qoşulmuşdu. Bu gün də eyni mövqeyi davam etdirir, ermənilərlə birlikdə ölkəmizə qarşı kampaniyalar təşkil edir.

Sual yaranır: erməni lobbisinin üzvü olan konqresmen və senatorlar niyə İbadoğlunu dəstəkləyir?

Bəllidir ki, bu qətnamələr ABŞ-dakı erməni şəbəkəsinin sifarişi ilə hazırlanıb. Hətta sifarişçinin Amerikanın Erməni Milli Komitəsinin (ANCA) olduğu haqda məlumatlar var. Görünür, ermənilər ya onlara işləyən Qubad İbadoğlunu müdafiə edir, ya da ondan Azərbaycana qarşı kampaniyalarda istifadə edirlər.

Qubad İbadoğlunun “müdafiəsi”nin arxasında ANCA-nın dayandığını qətnaməni irəli sürən senator və konqresmenlərin bu təşkilatla əlaqələri də təsdiq edir.  

Onlardan biri Fransa Pallonedir. 1993-cü ildən Nyu-Cersi ştatını Nümayəndələr Palatasında (NP) təmsil edir, ABŞ Konqresinin “Erməni İşçi Qrupu”nun həmsədridir. O, “Ermənilərin müdafiəsi haqqında” Qanunun (HR7288), “Azərbaycana qarşı sanksiyaların/Artsaxa yardım göstərilməsi/Ermənistana kömək haqqında” Qanunun (HR5683), “erməni hərbiçilərinin, siyasi dustaqlarının və girovların azad olunmasına” çağırış edən birgə qətnamənin (861-ci Qətnamə), Ermənistanı dəstəkləyən “Kosta-Pallone-Şerman məktubu”nun, “Artsaxın blokadası haqqında qətnamənin (108-ci qətnamə), “ABŞ tərəfindən Artsaxın müstəqilliyinin tanınması” Qətnaməsinin, (320-ci Qətnamə), “erməni soyıqırımı haqda təhsil qanununun (HR2803) müəllifi; “Azərbaycana qarşı ABŞ tərəfindən sanksiyaların tətbiq olunmasını tələb edən “Senator Şiffin müraciətini”, “Azərbayana təhlükəsizlik məsələri ilə bağlı yardım edilməsinin qadağan olunmasını tələb edən “Barbara Li müraciətini”, “Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edən Ağ evin ikipalatalı məktubunu”, “Azərbaycana qarşı sanksiya tətbiq olunmasını istəyən “Eşu-Pelosi məktubunu” dəstəkləyənlərdən, BMT-də “erməni yığıncağında (konqres) Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edənlərdən biri olub. F.Pallone “2023-2024-cü illər üçün ermənilərə yönəlik xarici yardımın artırılması haqqında” göndərilən məktuba imza atan 5 senatordan, F.Pallone "Kapitoli Hil"də (Konqresin binası) təşkil olunan “artsaxla həmrəylik” adlı mətbuat konfransına (2023, sentyabr) və “erməni soyqırımının” ildönümünün qeyd olunması üçün təşkil edilmiş mərasimdə iştirak edənlərdən biri olub.(Mənbə: faktyoxla.az)

F.Pallone sosial media üzərindən də erməni maraqlarının müdafiəsini həyata keçirir.

2013-cü ildən Floridanı Nümayəndələr Palatasında təmsil edən respublikaçı Gus M. Bilirakis də ABŞ Konqresinin “Erməni İşçi Qrupu"nun digər həmsədridir. O, da həmkarı Pallone kimi “ANCA”nın təqdim etdiyi şablon sualların böyük əksəriyyətinə müsbət cavab verən, təklif olunan əksər sənədlərin müəlliflərindən biridir. 

Respublikaçı David Valadao respublikaçı ABŞ Konqresinin “Erməni İşçi Qrupu”nun vitse-prezidentidir.. “ANCA” D.Valadaonun 2018 və 2022-ci illərdəki fəaliyyətini “A+”la (çox yüksək) qiymətləndirib.

Anti-Azərbaycan mövqeyi ilə ad çıxarmış Christopher Smith Konqresin “Erməni İşçi Qrupu”nun üzvüdür. O, F.Pallone ilə birgə Konqresin binasında təşkil olunan “artsaxla həmrəylik” adlı mətbuat konfransında (2023, sentyabr) iştirak edib. “ANCA” Christopher Smithin 2018 və 2020-ci illərdəki fəaliyyətini “A+” (çox yüksək), 2022-ci il fəaliyyətini “A” (əla) ilə qiymətləndirib.

Dina Titus “ANCA”nın təqdim etdiyi şablonunun əksər suallarına “müsbət” cavab vermiş təmsilçilərdən biridir. Nevadanı NP-da təmsil edən demokratdır. O, ANCA qiymətləndirməsində hər 3 il üçün “A+” (çox yüksək) qiyməti alan tək-tük “nümayəndə”dir.

O, sosial mediada “erməni məsələsi”nin aktiv lobbiçisi olduğunu da sübut edib. Misal üçün, “Azərbaycanın Artsaxda etnik ermənilərə qarşı apardığı kampaniya dinc əhalinin həyatını təhlükə altına atır. Onların aqressiyasını hamılıqla qınamaq lazımdır. Mən Administrasiyanı mümkün olan ən pis nəticənin qarşısını almaq üçün tədbirlər görməyə çağırıram” sözlərinin müəllifi Dina Titusdur. Onun erməniləri müdafiə edən onlarla, yüzlərlə fikri, yazısı, tviti var.

Jim Costa da “ANCA”-nın təqdim etdiyi şablonunun 1 bənd istisna olmaqla bütün suallarına “müsbət” cavab vermiş azsaylı təmsilçidən biridir. O, ermənipərəst mövqeyi ilə hətta F.Palloneni də keçib.

Demokrat Eleanor Holmes də Konqresin “Erməni İşçi Qrupu”nun üzvüdür. “Erməni İşçi Qrupu”nun digər üzvü Nicole Malliotakis isə 2023-cü ilin yanvar ayında Konqresdə təşkil olunan “Artsaxı xilas et” ("Save Artsakh”) mətbuat konfransının iştirakçısı olub.

Siyahını uzatmaq, hər biri haqqında konkret faktı təqdim etmək olar. Lakin bütün yolların erməni diasporuna və lobbisinə çıxacağı gün kimi aydındır. Qubad İbadoğlunu müdafiə edən konqresmen və senatorların hər biri də “Erməni İşçi Qrupunda təmsil” olunur və bu deməyə əsas verir ki, Q.İbadoğlunun arxasında dayanan şəbəkələrdən biri məhz ermənilərdir. ABŞ-da heç kimin yadına düşməyən Qubad İbadoğlunu gündəmə gətirən də məhz erməni şəbəkəsidir. Artıq sirlər açılır və bütün maskalar düşür. Qubad İbadoğlu Azərbaycana qarşı ermənilərlə əməkdaşlıq etmiş xainlərdən biridir.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top