Xalçaçılıq sənətində canlanma — İlk Milli Xalça Festivalı keçiriləcək

SOSİAL 29 apr 2024, 19:07
 Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək. Mayın 4-5-də İçərişəhərdə baş tutacaq festivalda İçərişəhər ərazisində xalçaçılıq sənətinə həsr edilən bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bura qədim, müasir, eləcə də müəllif xalçalarından ibarət eksklüziv sərgilərin nümayişi, xalçatoxuma sənəti ilə bağlı böyüklər və uşaqlar üçün ustad dərsləri, maarifləndirici seminarlar, interaktiv teatr tamaşası, yarmarka, muğam axşamı və konsert proqramı daxildir. Xalçatoxuma sənəti ilə maraqlanan hər kəs xalçanın ərsəyə gəlməsinin bütün mərhələləri, xüsusən, ipliyin boyanması, çeşnilərin və naxışların vurulması, xalçanın toxunması, emalı, yandırılması, yuyulması prosesi ilə yaxından tanış ola biləcəklər. Ustad dərsləri zamanı “Azərxalça”nın ölkənin 14 regionundan gəlmiş toxucu və emal komandası qonaqlara xalça dəzgahı üzərində dərslər təqdim ediləcək.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa Demokrat.az-a açıqlamasında deyib ki, son illər xalçaçılıq sənətinin yaşadılması ilə bağlı Azərbaycanda mühüm işlər görülür:

“Xalçaçılıq sənəti haqqında nəşr olunan kitablar, jurnallarla tanış olduqda görürük ki, istər miniatür rəsmlər olsun, istərsə də xalça qrafikası olsun, bu sənət əsərlərinin hamısının kataloqlaşdırılması həyata keçirilir. Kodları müəyyən olunur və kifayət qədər təbliğatı aparılır. Sərgilərin vaxtaşırı keçirilməsi bu sahəyə diqqəti cəlb edir, canlanma baş verir. Bəzi rayonlarda xalçaçılıqla bağlı müəssisələr açıldı. Düzdür, bəziləri tam gücü ilə işləyə bilmədi, amma bütövlükdə buna sənət növü kimi dövlətin diqqət ayırması və “Made in Azerbaijan” brendi içində xalçaçılığın yer alması xüsusilə önəmlidir. Xalçaçılığın tarixinin araşdırılması, qədim sənətkarlıq nümunəsi kimi təbliğ olunması çox vacibdir. Hesab edirəm ki, belə bir sərginin keçirilməsi bu sahəyə diqqət və marağı artıracaq. Xalçaçılıq sənəti spesifik olmaqla Azərbaycanın tanıdılması üçün dəyərli vasitədir”.

Qeyd edək ki, Milli Xalça Festivalı Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsis edilmiş “Xalçaçı günü” peşə bayramına həsr edilir və UNESCO-nun Qeyri-maddi mədəni irs nümunələri siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənətinin təşviqi və yaşadılması missiyasını daşıyır.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top