"Oktay Gülalıyevi vuran sürücünün qabaqcadan onu görmək ehtimalı olmayıb" — "Mühacir diplomat" Milli Şuranı hadisəni siyasiləşdirməkdə İTTİHAM ETDİ

GÜNDƏM 30 okt 2019, 16:00

Azərbaycanın Niderlanddakı səfirliyinin sabiq attaşesi, ölkəyə qayıtmaqdan imtina edən Nahid Cəfərov Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oktay Gülalıyevin piyada keçidindən keçən zaman maşınla vurulması hadisəsinin müxalifət tərəfindən siyasiləşdirilməsinə etiraz edib. 


Müxalifətçi diplomat Oktay Gülalıyevin üzləşdiyi qəzanın tam təsadüfi hadisə olduğunu və bunun arxasında hakimiyyətin dayanması barədə müxalifət tərəfindən ortaya atılan iddiaların cəfəngiyyat olduğunu bildirib. 


Nahid Cəfərov qeyd edib ki, Oktay Gülalıyevi vuran sürücünün qabaqcadan onu görmək ehtimalı olmayıb:


"Tanınmış hüquq müdafiəçisi Oktay Güləliyevin maşınla vurulma anını izlədim. Oktay bəyə görə çox üzülürəm və ona Allahdan şəfa diləyirəm.


Facebookda qarşıma çıxan postlar bunun suiqəsd olmasına vurğu edirlər. Mən anlayıram o insanları. Hamının əsəbləri gərilib. Ancaq gəlin emosiyaları kənara qoyaq və məsələyə yenidən qiymət verək.


Hər hansı bir şəxsə qarşı sui-qəsd təşkil olunması üçün həmin şəxs 2-3 ay mütəmadi izlənilir. Bu müddət ərzində həmin şəxsin davranışındakı təkrar (hər gün eyni anda və eyni formada baş verən) elementlər tapılır. Bu qəzanın sui-qəsd olması üçün Oktay bəy hər gün (və ya konkret günlərdə eyni vaxtda) eyni saniyədə o piyada keçidindən keçməlidir.


Digər tərəfdən, Oktay bəyi vuran maşın düz istiqamətdən gəlmirdi, sağ tərəfdən, əyri yoldan döndü. Sürücünün qabaqcadan Oktay bəyi görmə ehtimalı yoxdur. Bunun suiqəsd olması üçün Oktay bəy konkret günlərdə eyni saniyədə həmin yerdən keçməli idi. Bu baş veribmi?


Burda digər suallar da var. Əgər bu bir sui-qəsd əməliyyatı olubsa, əməliyyatı təşkil edənlər işıqforun yanıb-sönməsini, həmin taksinin qabağında gedən maşınların və piyada keçidini keçən digər insanların qabaqcadan davranışlarını, Oktay bəyin reaksiyasını necə dəqiqliklə hesablaya bilib?


Deyəcəksiz ki, kimsə keçidin yanında durub və Oktay bəy yolu keçən zaman taksi sürücüsünə xəbər veriblər. Bu zaman taksi sürücüsü çox yaxında olmalıdır ki, qısa müddətdə (4-6 saniyə) baş verəcək prosesə (yolun keçilməsinə) özünü zamanında çatdıra bilsin. Maşın isə kifayət qədər sürətlə gəlirdi.


Burda vacib olan digər bir məqam ondan ibarətdir ki, buna sui-qəsd deməklə məsələ siyasiləşir və Oktay bəyi müalicə etməli olan həkimlər qorxduqları üçün yuxarıdan göstəriş gözləməli olurlar. Bu da Oktay bəyə zamanında tibbi yardımın qarşısını alır".

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top