Axtarış nəticələri

«Adil Qeybulla» sorğusu üzrə nəticələr

Payızda sağlam qalmağın dörd qızıl qaydası açıqlandı — Özəl
Sağlamlıq

Payızda sağlam qalmağın dörd qızıl qaydası açıqlandı — Özəl

Payızın gəlişi ilə havaların soyuması, temperatur dəyişiklikləri və günəşli saatların azalması orqanizmin sağlamlığının qorunmasını daha da aktuallaşdırır. Bu dövrdə düzgün və balanslı qidalanma immun sisteminin normal fəaliyyətini dəstəkləmək, orqanizmin vitamin və mineral ehtiyaclarını qarşılamaq baxımından mühüm əhəmiyyət daşıyır. Bəs payız aylarında süfrəmizdə hansı qidalara daha çox yer verməli, mövsümi xəstəliklərə qarşı müqaviməti artırmaq üçün hansı məhsulların istehlakını məhdudlaşdırmalıyıq? Məsələ ilə bağlı professor, tibb elmləri doktoru Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, sağlam qidalanma dedikdə mütləq bahalı və xüsusi məhsullardan istifadə nəzərdə tutulmur: "Əsas məsələ gündəlik rasionun balanslı olması, vitamin və minerallarla zəngin qidalara, xüsusilə də meyvə və tərəvəzlərə üstünlük verilməsidir. Bununla yanaşı kolbasa və digər emal olunmuş ət məhsullarının, konservləşdirilmiş qidaların və həddindən artıq emal edilmiş məhsulların istehlakını məhdudlaşdırmaq tövsiyyə olunur. Həddindən artıq qidalanma və hərəkətsiz həyat tərzi də orqanizmin ümumi sağlamlığına mənfi təsir göstərə bilər. Bu baxımdan fiziki aktivliyi artırmaq,açıq havada gəzmək və hərəkətli həyat tərzi keçirmək immunitet sisteminin normal fəaliyyətinin dəstəklənməsində mühüm rol oynayır". Professor əlavə edib ki, təəssüf ki, gündəlik həyatda bəzən bu tövsiyyələrin əksinə davranılır: "İnsanlar daha çox qida qəbul edir, fiziki aktivliyi azaldır və hərəkətsiz həyat tərzinə üstünlük verirlər. Bu vərdişlər ümumi sağlamlığa mənfi təsir göstərməklə yanaşı, orqanizmin mövsümi dəyişikliklərə uyğunlaşmasını da çətinləşdirə bilər. Mövsümi xəstəliklərdən qorunmaq üçün yalnız qidalanmaya deyil, gigiyena qaydalarına da diqqət yetirilməlidir. Xüsusilə qrip və digər respirator infeksiyalara yoluxmuş şəxslərlə yaxın təmasdan mümkün qədər çəkinmək, qapalı və insanların sıx olduğu məkanlarda havalandırmaya diqqət yetirmək vacibdir. Belə yerlərdə maskadan istifadə də yoluxma riskini azaltmağa kömək edə bilər. Ümumilikdə payız aylarında sağlamlığın qorunması üçün balanslı qidalanma, fiziki aktivlik, gigiyena qaydalarına əməl edilməsi və sağlam həyat tərzinin formalaşdırılması əsas şərtlərdəndir. İmmuniteti gücləndirmək üçün təkcə müəyyən qidalara üstünlük vermək deyil,bu amillərin hamısını birlikdə nəzərə almaq lazımdır". Dəniz Quliyeva Editor

Bugün 12:40
Həkimlər işdə, xəstələr də işdə — Qrafik dəyişdirilə bilər?
Özəl

Həkimlər işdə, xəstələr də işdə — Qrafik dəyişdirilə bilər?

İşləyən vətəndaşlar üçün həkim qəbuluna yazılmaq və tibbi müayinələrdən keçmək bəzən ciddi çətinliyə çevrilir. Belə ki, iş saatları ilə tibb müəssisələrinin qəbul vaxtları üst-üstə düşdüyündən insanlar sağlamlıqlarına vaxt ayırmaq üçün ya işdən icazə almalı, ya da müayinələrini təxirə salmalı olurlar. Məsələ ilə bağlı professor, tibb elmləri doktoru Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, istənilən vətəndaş icbari tibbi sığorta çərçivəsində hər hansı xidmət üçün müraciət edirsə, ilk növbədə ailə həkiminə müraciət etməlidir: "Ailə həkimi vəziyyəti qiymətləndirir və həmin xidmətə ehtiyac olduğunu təsdiqlədikdən sonra növbəti mərhələyə keçilir. Müraciət zamanı növbəlilik və randevu sistemi tətbiq olunur. Vətəndaş özü randevu götürür. Bu, bir ay və ya üç ay sonraya təyin edilə bilər. Şəxs müəyyən edilmiş vaxtda müayinədən keçir. Yəni planlı müayinə üçün növbə gözlədiyi müddətdə işdən azad olunması məsələsi də bu qaydada tənzimlənir. Əslində, vəziyyət belədir. Bəzən İngiltərədə və Almaniyada da xəstələr planlı müayinə üçün bir neçə ay gözləməli olurlar. Məsələ bundan ibarətdir. Təxirəsalınmaz yardıma gəlincə, bu cür yardımlar, təbii ki, gözlədilmədən göstərilir. Xəstələr təcili yardım xidmətinə və ya xəstəxanaların təcili yardım şöbələrinə müraciət edirlər və orada lazımi tədbirlər görülür. Bəzi yüngül şikayətlər isə ailə həkimi tərəfindən yerindəcə həll olunur. Daha mürəkkəb vəziyyətlərdə isə xəstəxanaya müraciət edilir". Məsələ ilə bağlı saytımıza danışan insan resursları meneceri Röyal Əhmədov söyləyib ki, işləyən vətəndaşların həkim qəbuluna yazılmaq və tibbi müayinələrdən keçmək zamanı çətinliklərlə üzləşməsinin əsas səbəblərindən biri tibb müəssisələrinin iş rejimi ilə vətəndaşların gündəlik iş qrafikinin uyğun gəlməməsidir: "Bir çox dövlət və özəl tibb müəssisəsində qəbul saatlarının əsasən iş gününün gündüz saatlarını əhatə etməsi işləyən insanların tibbi xidmətlərdən rahat istifadə imkanlarını məhdudlaşdırır. Burada əsas məsələ yalnız həkimlərin iş qrafiki deyil, həm də səhiyyə xidmətlərinin vətəndaşların real həyat tərzinə uyğun təşkil olunmasıdır. İnsan səhər saat 9-dan axşam saat 6-dək işləyirsə, həkim qəbuluna getmək üçün iş yerindən icazə almalı, bəzən əməkhaqqında itki ilə üzləşməli və ya müayinəsini növbəti tarixə keçirməli olur. Nəticədə, bəzi vətəndaşlar sağlamlıqlarında yaranan problemlərə vaxtında diqqət yetirə bilmirlər. Hesab edirəm ki, bu məsələnin həlli üçün tibb müəssisələrində çevik xidmət modelinin tətbiqi vacibdir. Məsələn, həftənin müəyyən günlərində axşam saatlarınadək qəbulun təşkili, şənbə günləri müayinə imkanlarının genişləndirilməsi, elektron növbə sistemlərinin təkmilləşdirilməsi və əvvəlcədən onlayn qeydiyyatın əlçatan olması vətəndaşların iş və sağlamlıq arasında seçim etmək məcburiyyətini azalda bilər. Əlbəttə, bütün tibb müəssisələrinin iş saatlarını uzatmaq həm kadr, həm də maliyyə baxımından müəyyən çətinliklər yarada bilər. Buna görə də hər müəssisənin imkanları və əhalinin tələbatı nəzərə alınaraq mərhələli həll yolları tətbiq edilməlidir. Digər tərəfdən, işəgötürənlərin də bu məsələdə rolu var. İşçilərin tibbi müayinələrə getməsi üçün qanunvericiliyə uyğun şərait yaradılmalı, sağlamlıqla bağlı müraciətlərə anlayışla yanaşılmalıdır. Əsas məqsəd insanların sağlamlıqlarını qorumaq üçün işlərini riskə atmaq və ya müayinələrini təxirə salmaq arasında seçim etməməsidir. Çevik tibbi xidmətlər həm vətəndaşların rifahına, həm də cəmiyyətdə sağlamlıq mədəniyyətinin formalaşmasına müsbət təsir göstərə bilər". Fidan Hacızadə

19 oktyabr 2026 20:00
Taunla bağlı qorxulu ssenari: Azərbaycanda risk var?
Sağlamlıq

Taunla bağlı qorxulu ssenari: Azərbaycanda risk var?

Rusiyanın İrkutsk vilayətində Vəba ilə Mübarizə İnstitutunun laboratoriya əməkdaşının naməlum pnevmoniyadan ölməsi və onunla təmasda olan şəxslərin nəzarətə götürülməsi taunla bağlı narahatlıqları yenidən gündəmə gətirib. Hadisədən sonra sosial şəbəkələrdə taunun Rusiyada yayıldığı və epidemiyaya çevrilə biləcəyi ilə bağlı müxtəlif iddialar səsləndirilib. Taunun əsas əlamətləri hansılardır? Azərbaycana keçməsi ehtimalı varmı? Demokrat.az-a bu barədə danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, taunun tarixdə, insanlıq tarixində çox böyük pandemiyaları olub və həmin pandemiyalarda on milyonlarla insan dünyasını dəyişib: "Taun "Yersinia pestis" bakteriyası tərəfindən törədilən zoonoz, yəni heyvani mənşəli infeksiyadır. Onun əsas rezervuarları gəmiricilərdir. Susliklər, siçovullar və s. Bundan başqa, bəzən dovşanlarda və ev heyvanları olan dəvələrdə də taunun aşkarlandığı hallar var. Ümumiyyətlə, taun insana həmin heyvanları dişləyən birələr vasitəsilə yoluxur. Yoluxmuş birə ölənə qədər 10 nəfərə yaxın insanı yoluxdura bilər. Məsələ burasındadır ki, tarixdə də taunun yayılmasında birələrin rolu çox böyük olub. Həmin dövrdə, əlbəttə ki, insanlar xurafata inanırdılar. Dindarlar və dini şəxslər çimməyin düzgün olmadığını deyirdilər və nəticədə birələr bu infeksiyanın yayılmasında xüsusi rol oynayırdı. Yəni həmin pandemiyalarda xurafatın da rolu çox olub. Ümumiyyətlə, taunun üç forması var. Adətən bubon forması daha çox tanınır. "Bubon" yunanca "qasıq" deməkdir. Bu forma qasıq limfa düyünlərinin şişməsi, irinləməsi və partlaması ilə müşahidə olunan xəstəlikdir. Orta əsrlərdə bu forma geniş yayıldığı üçün bubon taunu adlandırılıb. Amma limfa düyünləri təkcə qasıq nahiyəsində deyil, qoltuqaltında, çiyində və digər nahiyələrdə də böyüyüb şişə bilər. Bu, infeksiyanın orqanizmə daxil olduğu yerdən asılıdır. İrinləyən və dağılmış limfa düyünlərindən xaric olan möhtəviyyat da yoluxucu ola bilər. Sonra ağciyər forması var. Bu forma hava-damcı yolu ilə yoluxur. Digər forma isə septik taundur. Bakteriya qana düşdükdə çox sürətlə artıb-çoxalır və septik şok yarada bilər". Professor əlavə edib ki, antibiotiklər, xüsusilə də streptomisin kəşf olunana qədər taun 95-98 faiz hallarda ölümlə nəticələnirdi: "Yəni tauna yoluxan insanların demək olar ki, hamısı həyatını itirirdi. Antibiotiklərin tətbiqindən sonra isə bunun qarşısını almaq mümkün oldu. Nəzərə alsaq ki, infeksiyanın çox sürətlə yayılmaq potensialı var, əgər bu, geniş yayılsa və pandemiya şəklini alsa, baxmayaraq ki, bu gün tibbin arsenalında kifayət qədər antibiotik var, yenə də böyük tələfatın olması gözlənilə bilər. O baxımdan infeksiya təhlükəlidir. Hər il taunun xırda ocaqları, yoluxma halları olur və onların qarşısı alınır. Ölüm halları da qeydə alınır. Azərbaycanda da taunun təbii rezervuarları var. Yəni bizdə infeksiyanın olması və Rusiyadan keçməsi tamamilə realdır. Əgər pandemiya başlasa, təbii ki, bu da real riskdir. Nə qədər soydaşımızın Rusiyada yaşadığını nəzərə alsaq, məsələyə ciddi yanaşmaq lazımdır. Bu məsələyə ciddi yanaşılmalıdır. Çünki bunun təxribat, hətta hərbi təxribat olma ehtimalı da istisna edilə bilməz. Bu, Rusiya-Ukrayna müharibəsinin istiqamətini dəyişmək üçün bir təxribat da ola bilər və s. Ona görə diqqətli olmaq və məsələyə ciddi yanaşmaq tələb olunur". Fidan Hacızadə

08 oktyabr 2026 19:00
Xəstə insan işə gəlməməlidir — Adil Qeybulla
Sağlamlıq

"Xəstə insan işə gəlməməlidir" — Adil Qeybulla

Havaların soyuması ilə birlikdə mövsümi xəstəliklərin yayılma riski də artır. Xüsusilə soyuq hava şəraitində immunitetin zəifləməsi və orqanizmin müxtəlif infeksiyalara qarşı həssaslığının artması halları baş verir. Soyuq hava immunitetə necə təsir edir və insanlar özlərini xəstəliklərdən necə qoruya bilərlər? Tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında deyib ki, əgər insanlar soyuq havaya uyğun hərəkət etsələr, problem yaşanmaz: "Amma soyuq havada geyim forması düzgün seçilmədikdə, həddən artıq kondisionerin altında oturduqda və ya yelçəkən yerdə qaldıqda orqanizmin soyuqlaması baş verə bilir. Təəssüflər olsun ki, bu cür hallarla çox rastlaşırıq. Nəticədə virusların fəallaşması, hər hansı soyuqdəymə xəstəlikləri adı altında ümumiləşdirilən yuxarı tənəffüs yollarının xəstəlikləri inkişaf edir. Bu da, gördüyünüz kimi, xeyli sayda insan arasında qripəbənzər əlamətlərlə müşahidə olunur. Həmişə payız vaxtı biz bunu müşahidə edirik". Onun sözlərinə görə, insanlar xəstə-xəstə işə gəlir, digərlərini yoluxdururlar: "Nəticədə bir şəhərdə, bir bölgədə hər yerdə bu situasiya özünü göstərir. Demək olar ki, hər il bununla qarşılaşırıq. Amma maska taxmaq, xəstə insanın işə gəlməməsi və ya işə gəlirsə, maska taxması kimi tədbirlərə əməl olunmasını müşahidə etmirik. Nəticədə də bu xəstəliklərin yayılması üçün şərait yaranır. Hesab edirəm ki, insanlar bütün bunlara düzgün yanaşsalar və məsələyə düzgün münasibət göstərsələr, bu cür problemlər mümkün qədər azalar". Fidan Hacızadə

05 oktyabr 2026 20:30
Ürək xəstəliyi adətən birdən-birə yaranmır
Sağlamlıq

"Ürək xəstəliyi adətən birdən-birə yaranmır"

Bakıda yol qəzası zamanı sürücünün halı pisləşərək sükan arxasında dünyasını dəyişməsi diqqət çəkib. İlkin məlumata görə, sürücünün ürək tutmasından öldüyü bildirilir. Belə hallar nəqliyyat vasitəsini idarə edən şəxsin səhhətinin qəfil pisləşməsi ilə bağlı ciddi suallar yaradır. Bəs insanın sükan arxasında qəfil halının pisləşməsinə və ölümünə hansı amillər səbəb ola bilər? Ürək tutması hansı hallarda qəfil baş verir və belə riskləri əvvəlcədən müəyyən etmək mümkündürmü? Tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında söyləyib ki, hər bir xəstəliyin və təcili vəziyyətin müəyyən prediktorları, yəni əvvəlcədən özünü göstərən əlamətləri olur: "Ürək xəstəliyi də adətən birdən-birə baş vermir. Şəxsin ürəyində mütəmadi sıxıntılar, ağrılar, gəzərkən başgicəllənmə, yüksək qan təzyiqi və digər əlamətlər ola bilər. Lakin insan bunlara əhəmiyyət vermir. Nəticədə qan təzyiqi kəskin şəkildə yüksəlir, ürəyin işemiyasına, ürək tutmasına, infarkta, hətta insulta gətirib çıxara bilir. Bundan başqa, aşağı ətraf venalarında yaranan tromblar da kifayət qədər çoxdur və insanlar buna əhəmiyyət vermirlər. Halbuki bunlar sonradan tromboemboliyaya səbəb ola bilər". Professor bildirib ki, sürücülərə sağlamlıq haqqında tibbi arayışın verilməsinin məqsədi də məhz budur: "İnsanlar öz sağlamlıqlarına diqqət etməlidirlər. Evdə infarkt və ya insult keçirən xəstələri araşdıranda görürsən ki, onların böyük əksəriyyəti vaxtında özünə fikir verməyib. Xəstəlik tədricən inkişaf edib, qan təzyiqi yüksəlib, insan buna öyrəşib və nəhayət, vəziyyət kritik həddə çataraq ağır, hətta ölümcül fəsadlarla nəticələnib. Sükan arxasında oturan şəxs ən azı həmin gün özünü yaxşı hiss etdiyinə əmin olmalıdır. Əgər onun yanaşı xəstəlikləri varsa, sükan arxasında oturmasının nə dərəcədə təhlükəli olduğunu həkim müəyyən etməlidir. Yüksək qan təzyiqi ilə gəzmək olmaz, onu daim normada saxlamaq lazımdır. Araşdırmalara görə, ürək tutmaları və insultların böyük əksəriyyətində əsas risk faktorlarından biri məhz yüksək qan təzyiqidir. Ürək-damar problemləri olan şəxslərin sükan arxasında oturması da məqsədəuyğun deyil. Bu baxımdan insanlar öz sağlamlıqlarını və mövcud xəstəliklərini nəzərə almalıdırlar". Fidan Hacızadə

24 sentyabr 2026 11:00
Professor: Süni intellekt xərçəngə çarə tapmayacaq
Sağlamlıq

Professor: Süni intellekt xərçəngə çarə tapmayacaq

Süni intellektxərçəngin müalicəsini tapmağa kömək edə bilər. Məlumata görə, Böyük Britaniyanın Kembric şəhərində yerləşən çip dizayn şirkəti Arm Holdings-in baş icraçı direktoru Rene Haas süni intellektin tibbdə böyük dəyişikliklərə səbəb olacağını bildirib.Tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, süni intellekt nə qədər inkişaf etsə belə, o, həkim üçün yalnız yardımçı olacaq:“Xərçəng infeksion xəstəlik deyil, sıradan xəstəlik deyil ki, onun hansısa müalicəsi və ya dərmanı tapılsın. Xərçəng orqanizmdə genomun nəzarətindən çıxan hüceyrələrin bölünmə prosesidir. Bu hüceyrələr bədəndə ikinci bir inkişaf yaradır və nə vaxtsa bu inkişaf orqanizmi üstələyir. Ona görə də xərçəngi adi bir xəstəlik və onun konkret bir dərmanı kimi təsəvvür etmək tamamilə yanlış yanaşmadır. Nə qədər canlı var, o qədər də xərçəng var. Bu xəstəlik olub və olacaq. Sadəcə olaraq, xərçəng xəstəliyinin statistikası niyə artır? Birinci növbədə əhali artır, ikinci növbədə isə ekologiya pisləşir. Xərçəng xəstəliyini törədən xarici amillər, sərbəst radikallar, şüa, radiasiya faktorları, sintetik və süni qidalar, müxtəlif zərərli maddələr və digər faktorlar çoxdur. Viruslar da bu prosesdə rol oynaya bilər. Məsələn, bədəndə məskunlaşmış herpes, Epşteyn-Barr virusu, qrip virusu, hətta koronavirusun özü ilə bağlı proseslər də mövcuddur. Yəni bütün bunlarla bağlı proses davam edir. Ona görə də xərçəng xəstəliyi daim olacaq”.Professor vurğulayıb ki, hətta ən böyük inkişaflar olsa belə, xərçəng xəstəliyi davam edəcək:“Çünki ilkin mərhələdə hansısa formada bunun qarşısını almaq mümkün olsa belə, müəyyən bir müddətdən sonra xərçəng xəstəliyi yayıldıqca hüceyrələrdə polimorfizm yaranır. Yəni hətta “ağıllı dərmanlar” deyilən maddələr, hədəf preparatlar belə onları tanımaya bilər. Ona görə də xərçəng xəstəliyi ilə bağlı məsələ çox qəlizdir. Məsələn, mədəaltı vəzin xərçəngi ümumiyyətlə proqnozu çox pis olan xərçəng qrupuna aiddir. Sonra bəzi xərçəng xəstəliklərinin anaplastik formaları var ki, bunlar çox aqressiv gedişə malikdir. Xərçəng xəstəliyinin diferensiasiya dərəcəsini, formalarını, tiplərini, inkişaf dərəcələrini və digər xüsusiyyətlərini nəzərə aldıqda, minlərlə, hətta on minlərlə müxtəlif xərçəng növü ortaya çıxmış olur. Məsələn, təkcə süd vəzisi xərçənginin beş molekulyar tipi var. Onların hər birinin öz inkişaf dərəcəsi və fərqli proliferasiya indeksi mövcuddur. Elə bunu hesabladıqda belə, onların hər birinin daxilində 25-50-yə yaxın müxtəlif növ ortaya çıxmış olur. O baxımdan xərçəng xəstəliyinin hansısa universal dərmanını süni intellektin tapacağı fikri yalnız nağıldır. Süni intellektin yaradıcı təfəkkürü yoxdur. O, yalnız məlumatları ümumiləşdirə, insanlara nələrsə təklif edə və ya müəyyən ehtimallar irəli sürə bilər. Amma bu, qətiyyən o demək deyil ki, süni intellekt xərçəng xəstəliyi kimi orqanizmin nəzarətindən çıxan inkişafın qarşısını ala biləcək”.Fidan Hacızadə demokrat.az

09 sentyabr 2026 16:00
Tacir Şahmalıoğlu: Diabetlə birdəfəlik vidalaşdım — Hansı əməliyyatı etdirib?
Şou-biznes

Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" — Hansı əməliyyatı etdirib?

Müğənni Tacir Şahmalıoğlu xeyli çəki itirib.Demokrat.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. Müğənni bir neçə ay əvvəl diabetlə bağlı əməliyyat keçirdiyini bildirib:“Yüksək şəkər xəstəliyim var idi, narahatlıq verirdi. Bir neçə ay əvvəl İstanbulda əməliyyat olundum. Müalicəm effekt verdi və şəkərlə birdəfəlik vidalaşdım. Həkimlər arıqlamağımı istəyirdilər, amma nə etdimsə, mümkün olmadı. İndi hər ay çəki itirirəm".Tacir Şahmalıoğlu sağlam şəkildə çəki itirdiyini də vurğulayıb:“Xəstəliyim yoxdur, sağlam yolla arıqlayıram”.Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, 2-ci tip şəkərli diabet metabolik xəstəlik olduğundan bu xəstəliyin müalicəsində tətbiq olunan əməliyyatlar metabolik və ya bariatrik cərrahiyyə adlanır:“Bu zaman qanda şəkərin səviyyəsində stabillik əldə etmək üçün xüsusi əməliyyatlar icra olunur. Bunlardan biri mədə şuntlama əməliyyatıdır. Bu zaman mədənin həcmi azaldılır və qidanın mədədən onikibarmaq bağırsağa deyil, birbaşa nazik bağırsağa keçməsi təmin edilir. Bu zaman onikibarmaq bağırsaqdakı reseptorların insulin ifrazını stimullaşdırması baş vermir. Söhbət bundan gedir. Bu tip əməliyyatlardan sonra ağır çəkisi olan, bədən kütlə indeksi 40-dan yuxarı olan, yanaşı xəstəlikləri mövcud olan və şəkəri tənzimlənməyən xəstələrin vəziyyətində əhəmiyyətli stabilləşmə əldə olunur”.Demokrat.az demokrat.az

08 sentyabr 2026 17:05
Adil Qeybulla: Estetik əməliyyatlara qadağa qoymaq çıxış yolu deyil
Sağlamlıq

Adil Qeybulla: "Estetik əməliyyatlara qadağa qoymaq çıxış yolu deyil"

Azərbaycanda estetik və plastik cərrahiyyə sahəsində yeni məhdudiyyətlərin tətbiqi gündəmdədir. Xüsusilə ümumi cərrahların bu sahədə müəyyən əməliyyatları həyata keçirməsinə qoyulacaq məhdudiyyət pasiyentlərin təhlükəsizliyi ilə bağlı məsələləri yenidən aktuallaşdırıb.Bəs bu dəyişiklik estetik cərrahiyyədə mövcud problemlərin həllinə nə dərəcədə kömək edə bilər? Məhdudiyyətlər pasiyentlərin təhlükəsizliyini artıracaq, yoxsa sahədə yeni problemlər və xidmət çatışmazlığı yaradacaq? Əsas problem həkimlərin ixtisaslaşmasındadır, yoxsa estetik əməliyyatların həyata keçirildiyi klinikalara nəzarət və lisenziyalaşdırma mexanizmlərində?Tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, estetik əməliyyatlara cəmiyyətdə kifayət qədər böyük tələbat var və insanların bu cür əməliyyatlara müraciət etməsi normal haldır.Onun sözlərinə görə, məsələni tam qadağa ilə həll etmək doğru yanaşma deyil."Əsas məsələ estetik cərrahiyyə sahəsində ciddi və aydın qaydaların müəyyənləşdirilməsi, bu xidmətlərin vahid sistem və protokol əsasında həyata keçirilməsidir. Estetik əməliyyatlardan sonra baş verən ağırlaşmaların, hətta bəzi hallarda ölüm hallarının qarşısının alınması üçün əməliyyatdan əvvəl və sonra xəstənin vəziyyətinə nəzarət gücləndirilməlidir. Bu cür ağırlaşmalar bəzən səriştəsizlik, tibbi protokolların pozulması və ya xəstənin əməliyyatdan sonrakı vəziyyətinin lazımi səviyyədə müşahidə edilməməsi ilə bağlı ola bilər. Məsələn, xəstənin əməliyyatdan cəmi bir gün sonra evə buraxılması bəzi hallarda əlavə risklər yarada bilər. Dehidratasiya, elektrolit mübadiləsinin pozulması və digər fəsadlar vaxtında aşkar edilmədikdə ciddi nəticələrə səbəb ola bilər. Buna görə də əməliyyatdan sonrakı müşahidə müddəti, xəstənin evə buraxılması üçün tələb olunan tibbi göstəricilər və nəzarət qaydaları dəqiq müəyyənləşdirilməlidir", - deyə professor bildirib.Alim qeyd edib ki, digər mühüm məsələ isə estetik cərrahiyyə ilə kimin məşğul ola bilməsidir."Mənim fikrimcə, bu sahədə çalışan həkimin yalnız qısa müddətli kurs keçməsi kifayət etməməlidir. Ümumi cərrahiyyə üzrə müəyyən iş təcrübəsi olan və daha sonra estetik və ya plastik cərrahiyyə istiqamətində müvafiq rezidentura və peşəkar hazırlıq keçmiş şəxslərin bu fəaliyyətlə məşğul olmasına icazə verilməlidir. Əks halda, kiminsə yanında müəyyən müddət işləyərək və ya praktiki təcrübə əldə edərək özünü estetik cərrah kimi təqdim etməsi ciddi təhlükələr yarada bilər. Əgər bir şəxsin bu sahədə fəaliyyət göstərmək üçün müvafiq diplomu, ixtisası və peşəkar hazırlığı yoxdursa, onun estetik əməliyyatlar aparması ümumiyyətlə yolverilməzdir. Ona görə də düşünürəm ki, əsas məsələ estetik əməliyyatlara qadağa qoymaq yox, bu sahəni ciddi şəkildə tənzimləməkdir. Kimlərin estetik cərrah ola biləcəyi, hansı təhsilə və təcrübəyə malik olmalı olduğu, hansı əməliyyatları həyata keçirə biləcəyi, əməliyyatdan əvvəl və sonra xəstə ilə bağlı hansı prosedurların tətbiq edilməli olduğu konkret protokollarla müəyyənləşdirilməlidir. Bu qaydalar tətbiq edilərsə, onlara nəzarət gücləndirilərsə və tələbləri pozan şəxslərə qarşı məsuliyyət mexanizmi yaradılarsa, həm insanların estetik əməliyyatlara olan tələbatı qarşılanar, həm də xəstələrin həyatı və sağlamlığı üçün risklər əhəmiyyətli dərəcədə azalar", - deyə Adil Qeybulla fikrini tamamlayıb.Nuray Paşşanlı demokrat.az

03 sentyabr 2026 09:54
Pişiklərin müdafiəçiləri bu gün niyə ilanların öldürülməsinə qarşı da eyni həssaslıqla çıxış etmirlər?
Sosial

"Pişiklərin müdafiəçiləri bu gün niyə ilanların öldürülməsinə qarşı da eyni həssaslıqla çıxış etmirlər?"

Yay aylarında havaların isinməsi ilə ilanlarla qarşılaşma və ilan sancması hallarına daha çox rast gəlinir. Xüsusilə təbiətdə, kənd və bağ ərazilərində olan insanların bu risklə üzləşmə ehtimalı artır. İlan sancması bəzi hallarda ciddi fəsadlara, hətta ölümə səbəb ola bilər. Belə vəziyyətdə ilkin müdaxilənin düzgün aparılması isə həyati əhəmiyyət daşıyır.Tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, Abşeron yarımadasında təxminən 30 il əvvəl kifayət qədər boş sahələr var idi və həmin ərazilərdə ilanlar, itlər, pişiklər və digər heyvanlar yaşayırdı:“İndi isə həmin boş sahələrin böyük hissəsi zəbt olunub, tikililər və bağlar salınıb. Nəticədə vəhşi heyvanların, o cümlədən ilanların yaşayış arealı xeyli daralıb. Üstəlik, ilanlar göründüyü zaman çox vaxt öldürülür. İlanlar vəhşi təbiətin çox mühüm elementlərindən biridir. Onlar, xüsusilə, gəmiricilərin sayının tənzimlənməsində ciddi rol oynayırlar. Yəni ilanların ekosistemdə özünəməxsus funksiyası var. Digər tərəfdən, Zaqafqaziyada iki zəhərli ilan növü var ki, onların zəhərindən uzun müddətdir müxtəlif dərman preparatlarının hazırlanmasında istifadə olunur. Ona görə də hesab edirəm ki, ilanları kütləvi şəkildə öldürmək və onlarla bu formada mübarizə aparmaq təbiəti düzgün başa düşməməkdir. Maraqlıdır, pişiklərin müdafiəçiləri bu gün niyə ilanların öldürülməsinə qarşı da eyni həssaslıqla çıxış etmirlər? Axı onlar da canlıdır və vəhşi təbiətdə öz funksiyaları var. Xarici ölkələrdə ilanlar xüsusi mütəxəssislər tərəfindən tutulur və daha sonra yenidən vəhşi təbiətə buraxılır. Bizdə isə vəziyyət tamamilə fərqlidir. Boş sahələr zəbt olunur, insanlar özləri üçün bağlar salır, bağ evləri tikirlər və həmin ərazilərdə ilan görən kimi onu öldürürlər. Bəs ilanlar harada yaşamalıdır? Pişiklərin və sahibsiz itlərin, pişiklərin müdafiəsi ilə məşğul olan insanlar bu məsələyə də münasibət bildirməlidirlər. Hesab edirəm ki, heyvanlar ya vəhşi təbiətdə yaşamalıdır, ya da himayə olunmalıdır. Onları öldürmək, onlara zərər vermək və təbiətdən sıradan çıxarmaq olmaz. Çünki bu, ekosistemin bir zəncirini qoparmaq, ona zərər vurmaq deməkdir və bunun nəticəsi mütləq özünü göstərəcək”.Həkim qeyd edib ki, sosial şəbəkələrə baxıram, ilanların öldürülməsi ilə bağlı görüntülər paylaşılır:“Bu, tamamilə yolverilməzdir. Pişiklərə yem verən, sosial şəbəkələrdə heyvan müdafiəçisi kimi çıxış edən insanlar da bu məsələlərə diqqət yetirməlidirlər. Əgər pişikləri qorumaq istəyirlərsə, onları evlərinə aparıb saxlasınlar, baytar nəzarətindən keçirsinlər və normal şəkildə himayə etsinlər. Küçədə arıqlamış, parazitlərə yoluxmuş və ya xəstə heyvanın qarşısına sadəcə yem qoymaq isə məncə, özlüyündə humanizmdən xəbər vermir. Təəssüf ki, bu, bəzən təbiəti və ekosistemdəki tarazlığı düzgün başa düşməməyin nəticəsi olur”.Qeyd edək ki, Neftçalanın Həsənabad qəsəbəsində C.Rövşəni gürzə ilanı sancıb. O, hadisədən sonra ilanı öldürüb, bundan sonra isə özünün halı pisləşib. Lakin ailəsi onu ilan sancmasından gec xəbər tutub. Nəticədə 1962-ci il təvəllüdlü kişinin həyatını xilas etmək olmayıb.Fidan Hacızadə demokrat.az

22 avqust 2026 21:30
Ürək çatışmazlığı riskini dəfələrlə artıran içkilər açıqlandı — Biri hər gün içilir
Sağlamlıq

Ürək çatışmazlığı riskini dəfələrlə artıran içkilər açıqlandı — Biri hər gün içilir

Kofeinin həddindən artıq və müntəzəm qəbulunun ürək-damar sisteminə təsiri məsələsi xüsusilə kofeinə həssaslığı olan şəxslər üçün aktualdır.Kofein bəzi insanlarda ürək döyüntülərinin sürətlənməsinə, arterial təzyiqin müvəqqəti yüksəlməsinə və ürək ritmində dəyişikliklərə səbəb ola bilər.Bəs kofeinin həddindən artıq qəbulu ürək-damar sistemi üçün hansı risklər yaradır? Kofein yüksək arterial təzyiq, ürəkdöyünmə və ürək ritminin pozulması ehtimalını artıra bilərmi? Ürək-damar xəstəliyi olan şəxslər kofe qəbul edərkən nələrə diqqət etməlidirlər?Tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, ürək insan doğulduğu andan etibarən fasiləsiz fəaliyyət göstərən əzələdir.Onun sözlərinə görə, ürək digər əzələlərdən fərqli olaraq ömür boyu fasiləsiz fəaliyyət göstərir:“Məsələn, insan əlini uzun müddət açıb-bağlaya bilməz, müəyyən müddətdən sonra əzələlər yorular. Lakin ürək əzələsi ömür boyu fəaliyyət göstərməlidir.Ürək əzələsi həddindən artıq yükləndikdə və ürək döyüntüləri uzun müddət yüksək olduqda müxtəlif problemlər yarana bilər. Ürək ritminin pozulması, xüsusilə də bəzi hallarda ciddi aritmiyalar və fibrillyasiya meydana çıxa bilər. Bu zaman ürəyin normal yığılma və qanı orqanizmə ötürmə funksiyası pozulur.İdman zamanı qəfil ürək dayanması və ya ağır ürək-damar hadisələri ilə bağlı halların şahidi oluruq. Təbii ki, belə vəziyyətlərin arxasında müxtəlif səbəblər, o cümlədən əvvəldən mövcud olan, lakin aşkarlanmadığı üçün bilinməyən ürək patologiyaları dayana bilər.Həddindən artıq fiziki yük də müəyyən hallarda ürəyə əlavə gərginlik yarada bilər.Kofeinə gəldikdə isə, xüsusilə yüksək miqdarda qəbul edildikdə ürək döyüntülərinin sürətlənməsinə, yəni taxikardiyaya səbəb ola bilər. Bu da ürək-damar sisteminə əlavə yük yaradır. Energetik içkilərdə kofeinlə yanaşı digər stimullaşdırıcı maddələrin də olması bu təsiri daha da əhəmiyyətli edə bilər”.Adil Qeybulla əlavə edib ki, energetik içkilərin həddindən artıq və müntəzəm istifadəsi xüsusilə ürək-damar sistemi ilə bağlı problemi olan insanlarda arzuolunmaz nəticələr yarada bilər:“Ürək döyüntülərinin sürətlənməsi, ritm pozuntuları, arterial təzyiqin yüksəlməsi və ürəkdə əlavə gərginlik kimi hallar müşahidə oluna bilər.Uzunmüddətli və həddindən artıq yüklənmə bəzi insanlarda ürək əzələsinin struktur və funksional dəyişiklikləri ilə əlaqəli ola bilər. Məsələn, ürək boşluqlarının genişlənməsi və ürəyin yığılma gücünün azalması kimi problemlər yarana bilər. Bu proses müəyyən hallarda ürək çatışmazlığı riskini də artıra bilər.Ona görə də energetik içkilərdən istifadə zamanı xüsusilə ehtiyatlı olmaq lazımdır. İnsanlar bu içkiləri sadəcə enerji verən adi məhsul kimi qəbul etməməlidirlər.Tərkibində yüksək miqdarda kofein və digər stimullaşdırıcı maddələr olan içkilərin həddindən artıq istifadəsi ürək-damar sistemi üçün əlavə yük yarada bilər.Xüsusilə ürəkdöyünmə, ritm pozuntusu, sinə ağrısı və ya təzyiq dəyişiklikləri müşahidə edən şəxslərin belə məhsullardan istifadəni davam etdirmək əvəzinə həkimə müraciət etməsi daha doğru olar”, – deyə Adil Qeybulla fikrini tamamlayıb.Nuray Paşşanlı demokrat.az

21 avqust 2026 20:30
Arıqlamaq üçün edilən bu üsul risklidir — Professor xəbərdarlıq etdi
Sağlamlıq

Arıqlamaq üçün edilən bu üsul risklidir — Professor xəbərdarlıq etdi

Arıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratların kəskin şəkildə rasiondan çıxarılması halsızlıq, baş ağrısı, əsəbilik, diqqət dağınıqlığı və digər sağlamlıq problemləri ilə nəticələnə bilir.Karbohidratları rasiondan tamamilə çıxarmaq sağlamlıq üçün təhlükəlidirmi? Bu hal orqanizmdə hansı problemlərə səbəb ola bilər?Tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, karbohidratlar gündəlik qəbul etdiyimiz bir çox qidanın tərkibində var:“Hətta ayrıca karbohidratlı məhsullar qəbul etməsək belə, şirin qidalar və digər qida məhsulları vasitəsilə bədənə kifayət qədər, bəzən isə həddindən artıq miqdarda karbohidrat daxil olur. Ona görə də karbohidratların mümkün qədər məhdudlaşdırılması vacibdir. Çünki artıq miqdarda qəbul edilən karbohidratlar orqanizm üçün əlavə yük yarada bilər. Onlar bədəndə enerji ehtiyatı kimi depolaşa, artıq qəbul edildikdə isə çəki artımına, metabolik pozuntulara və uzunmüddətli perspektivdə şəkərli diabet kimi problemlərin yaranmasına zəmin yarada bilər”.Adil Qeybulla vurğulayıb ki, yüksək miqdarda karbohidrat qəbuluna ehtiyac daha çox ciddi fiziki fəaliyyət göstərən insanlarda özünü göstərə bilər:“Lakin hazırda insanların əksəriyyətinin gündəlik fiziki aktivliyi əvvəlki dövrlərlə müqayisədə xeyli azalıb. Hərəkətsiz həyat tərzi, oturaq iş və fiziki aktivliyin kifayət qədər olmaması nəticəsində qəbul edilən artıq kalorilər bədəndə sərf olunmadan qala bilər. Bu baxımdan, rasionda karbohidratların miqdarına nə qədər diqqət etsək və xüsusilə artıq karbohidrat qəbulunu nə qədər azaltsaq, sağlamlığımızın qorunmasına bir o qədər töhfə vermiş olarıq. Əsas məsələ isə karbohidratları tamamilə qidadan çıxarmaq deyil, onların miqdarını və mənbəyini düzgün seçməkdir”.Fidan Hacızadə demokrat.az

14 avqust 2026 22:30
Bu insanlar pişik yemi ilə qidalanırlar — Açıqlama
Sağlamlıq

Bu insanlar pişik yemi ilə qidalanırlar — Açıqlama

Arıqlamaq məqsədilə müxtəlif üsullara əl atan insanların sayı artır. Bəzi hallarda hətta mədəyə balon yerləşdirilməsi kimi tibbi müdaxilələrə müraciət edilir. Lakin bəzi hallarda arıqlamaq üçün mədəsinə balon qoyulan şəxsin “pişik yeməyi” ilə qidalanmasının tövsiyə edildiyi də diqqət çəkir.Belə bir qidalanma üsulu nə dərəcədə doğrudur və mədə balonu olan şəxslər həqiqətən bu cür qidalar qəbul edə bilərmi?Tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında söyləyib ki, mədədə balon yerləşdirilməsi mədənin həcminin kiçildilməsinə hesablanan prosedurlardan biridir.Onun sözlərinə görə, təcrübə göstərir ki, doyma hissinin itməsi, mədənin genişlənməsi, insulin müqaviməti bütün bunlar köklüyün və artıq çəkinin əsas səbəbləri sırasında dayanır:“Mədəyə balon yerləşdirilməsi də bu problemlərin korreksiyasına yönəlmiş prosedurlardan biridir. Ümumiyyətlə, hər bir halda xəstə peşəkar, yəni ixtisaslı dietoloqa müraciət etməlidir. Dietoloq araşdırmalıdır ki, kökəlmənin əsasında nə dayanır. Bu, adipozogenital distrofiya, müxtəlif digər səbəblər və ya insulin müqaviməti ola bilər. Yəni bütün bunların səbəbi müəyyən edildikdən sonra xəstəyə uyğun müalicə və qidalanma planı hazırlanmalıdır”.Professor bildirib ki, bəzən əməliyyata ehtiyac yaranır:“Məsələn, həddən artıq çəki həyat üçün təhlükə yaradırsa, belə hallarda mədə kiçiltmə əməliyyatı və ya digər mürəkkəb mədə-bağırsaq şuntlama əməliyyatları aparılır. Bu əməliyyatların hamısı həzmin korreksiyasına, çəkinin azaldılmasına və qida qəbulunun məhdudlaşdırılmasına hesablanıb. Düşünürəm ki, optimal mexanizm axtarılmalı və hər bir halda fərdi yanaşma tətbiq edilməlidir. Ola bilər, zaman gələcək ki, hər hansı dərman preparatı vasitəsilə beyində bu proseslər korreksiya oluna biləcək. Amma hər bir şəxs qida hərisliyindən psixoloji olaraq uzaqlaşa və qidalanmasını düzgün rejimə sala bilsə, öz çəkisinə nəzarət edə bilər”.Fidan Hacızadə demokrat.az

11 avqust 2026 10:00