“Ermənistanın təxribat törətməsi təəccüb doğurmur. Mahiyyət etibarı ilə Ermənistan terrorçu, təxribatçı dövlətdir. Artıq dünyada heç kimə sirr deyil ki, Cənubi Qafqazda təhlükəsizliyə və sülhə davamlı təhdid yaradan amil Ermənistanın addımlarıdır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib. Deputat bildirib ki, Ermənistanın təxribatları davam etdirəcəyi gözlənilən idi:
“2020-ci il 10 noyabr tarixində birgə bəyənatın imzalanması Vətən müharibəsində Azərbaycanın inamlı tarixi qələbəsinin nəticəsi idi. Birgə bəyanatın şərtlərinə əməl olunmaması yekunda sülh sazişinin imzalanmasını şərtləndirməlidir. Ermənistan hər şeydən öncə birgə bəyanatın şərtlərinə əməl etməkdən yayınmaqdadır. Bu yayınma prosesində də davamlı olaraq təxribatlar törədir”.
E.Mirbəşiroğlu əlavə edib ki, yekun sülh sazişinin imzalanması prosesini ləngitmək üçün ayrıca olaraq Ermənistana kənardan gələn təlimatlar verilir:
“Bildiyimiz kimi, Qərbin bəlli dairələri münaqişə vəziyyətindən istifadə edərək Cənubi Qafqazda özünün mövcudluqlarını təmin edirdilər və bu gün onların bu imkanının olmaması, Ermənistan vasitəsilə təxribatların törədilməsi ilə münaqişə vəziyyətinin mövcudluğu təəssüratını yaratmağa çalışırlar. Xüsusi olaraq da, Fransa, Amerika Birləşmiş Ştatları artıq mövcud olmayan münaqişənin tənzimlənməsini ATƏT-in Minsk qrupu platformasında davam etdirilməsi çağırışları ilə çıxış edirdilər. Düşünürəm ki, bu gün də yenə də Ermənistan kənardan aldığı təlimatlar əsasında bu təxribatları törədir. Hesab edirəm ki, bu, həm də Ermənistanın Müdafiə Nazirliyinə son dövrlərdə kənar təsirlərin güclənməsinin göstəricisidir. Ermənistanın Müdafiə Nazirliyində mərkəzi idarəetmə sistemi demək olar ki, mövcud deyil. Ayrı-ayrı siyasi dairələrdən də Müdafiə Nazirliyinə təsir imkanları mövcuddur, onlar da öz maraqlara cavab verdiyi halda Ermənistanı belə təxribatlar törətməyə sövq edirlər”.
Aynurə Pənahqızı Demokrat.az


