Gündəm

Deputat: “Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır”

Deputat: “Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır”

“Dövlət başçımız da Dünya Azərbaycanlılarının həmrəylik və yeni il münasibətilə xalqa müraciətində diqqətə çatdırdı ki, bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə 2022-ci il “Şuşa İli” elan edilib. Məlumdur ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. 28 il düşmən əsarətində olan, lakin heç vaxt milli simasını və ruhunu dəyişməyən Şuşanın azad edilməsi bu şəhərin tarixi şöhrətini özünə qaytarmaqdadır. Son 1 ildə görülən işlər bir daha göstərir ki, Şuşa Qarabağın incisi kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir. Ümumiyyətlə, Azərbaycan xalqının Şuşaya hər zaman xüsusi münasibəti olub”.

Bunu Demokrat.az-a açıqlmasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib. Deputat bildirib ki, ermənilər işğal zamanı Şuşanı erməniləşdirməyə cəhd etsələr də, buna nail ola bilməyiblər:

“Prezident İlham Əliyevin də söylədiyi kimi, “bu, onlar üçün yad şəhərdir, öz şəhəri saysaydılar, bu vəziyyətə salmazdılar”. Azad olunduqdan sonra bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilir. Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub-saxlanmasına xidmət etməklə yanaşı, onun hərtərəfli inkişafına da şərait yaradır. İşğal dövrünə qədər Şuşada daim azərbaycanlılar yaşadığı kimi, bundan sonra da azərbaycanlılar əbədi olaraq Şuşada yaşayacaqlar. “Şuşa ili” çərçivəsində həyata keçiriləcək tədbirlər isə mədəniyyət paytaxtımızın inkişafına və nüfuzunun daha da artmasına zəmin yaradacaq.Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır”. Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az