“Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin daha da gücləndirilməsinə öz mühüm və müsbət təsirini göstərir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hicran Hüseynova deyib. Deputat vurğulayıb ki, davamlı olaraq sosial müavinət və təqaüdlərin, əmək haqlarının artırılması vətəndaşlarımızın sosial-iqtisadi vəziyyətinin dayanıqlı olmasına səbəb olur:
“Prezident İlham Əliyevin daha bir yeni sərəncamı dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Həmin işçilərin maaşları da 2022-ci il yanvarın 1-dən orta hesabla 20% artırılacaq. Bu məqsədlə dövlət büdcəsindən 9 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Həmin təşkilatlarda ümumilikdə 4 min şəxs çalışır. Prezident İlham Əliyevin 2021-ci il dekabrın 20-də imzaladığı yeni sərəncam və fərmanlarla müavinət və təqaüdlərin artırılması isə 732 min şəxsi, o cümlədən 132 min doktorant və tələbəni əhatə edərək, onların müavinət və təqaüdlərinin 2022-ci ilin əvvəlindən artırılmasını təmin edir. Bu müavinət və təqaüd artımları üçün illik əlavə 200 milyon manat ayrılıb”.
Millət vəkili qeyd edib ki, yeni fərman və sərəncamlar əhalinin ən həssas sosial təbəqəsini əhatə edir:
“Yeni fərman və sərəncamlar müavinət və təqaüd artımı əlilliyi olan şəxslər və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənlər, yaşa görə müavinət alanlar, ailə başçısını itirməyə görə müavinət alanlar, müddətli hərbi xidmətdə olanların uşaqları, uşaqların qəyyumları, beşdən çox uşağı olan qadınlar, bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələr, övladlığa uşaq götürənlər, işləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları, “Xalq” və “Əməkdar” fəxri adı olanlar, doktorant və tələbələri əhatə edir. Bu isə əhalinin ən həssas sosial təbəqəsidir. Həmçinin uşağın doğulmasına görə və dəfn üçün birdəfəlik müavinətlər də artırılır. Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial ödəniş 2019-cu ilin əvvəlində cəmi 82 manat idisə, gələn ilin əvvəlindən həmin məbləğdən 3,4 dəfə çox olmaqla onlar üçün müavinət (200 manat) və təqaüd (80 manat) formasında aylıq 280 manat sosial ödəniş ediləcəkdir. Son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə müavinətlər də artırılıb. Bu təqaüdlər cari ilin əvvəlində növbəti dəfə orta hesabla 50% artırılıb. Bilirsiniz ki, Azərbaycan Vətən müharibəsi aparıb. Qeyd edim ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz zəfər çalaraq tarixi ədaləti bərpa etmişdir. Şəhid ailələri, qazilərin sağlamlığı, onların mənzil-məişət problemləri, müharibə zamanı Ermənistanın törətdiyi hərbi terror nəticəsində dinc əhaliyə dəyən zərərlərin aradan qaldırılması kimi mühüm məsələlər həll edilir. Təbii ki, bütün bunlar dövlətimizin qarşısında duran əsas prioritet məsələlərdəndir”.
Hicran Hüseynova diqqətə çatdırıb ki, hazırda erməni işğalından azad olunan ərazilərdə tikinti-quruculuq işləri aparılır:
“Qeyd etmək lazımdır ki, bu layihələrə dövlət kifayət qədər maliyyə vəsaiti ayırmışdır. Həmçinin ölkə sərhədlərini və bütövlükdə ərazilərimizin təhlükəsizliyi üçün müdafiə xərcləri artmaqdadır. Ancaq bununla yanaşı, cənab Prezident əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məsələsini gündəmdə saxlayır, sosial islahatlar aparır. Bu, dövlətin vətəndaşına göstərdiyi diqqətdir, qayğıdır. Əlbəttə ki, gələcəkdə də bu sosial layihələr davam edəcək, əhalimizin sosial müdafiəsi daha da gücləndiriləcəkdir”.
Aynurə Pənahqızı Demokrat.az


