Bakının Qaradağ rayonunda 1998-ci il təvəllüdlü Asif dostu Tohidə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 15 may 2021-ci ildə, saat 23 radələrində baş verib. Asif yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsində tanışı Tohid ilə şəxsi münasibətlərin pozulması zəminində mübahisə edib.
Bu zaman Asif əli ilə Tohidin sifət nahiyəsinə bir dəfə zərbə endirib. Tohid ağız bucağının və sağ yanağın selikli qişasının əzilmiş-cırılmış yarası kimi xarakterizə edilən xəsarət alıb.
İstintaq orqanı tərəfindən Asifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Asif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Tohidi Lökbatan qəsəbəsində yerləşən avtoyuma məntəqəsində tanıyıb: “Tohidlə aramızda olan tanışlığımız dostluğa çevrildi. Tohid bir neçə dəfə yaşadığım mənzildə olub. Mayın 15-də, təxminən saat 21 radələrində Bakı şəhərində kafedə çörək yeyərkən bir qədər spirtli içki qəbul etdim. Həmin gün saat 23 radələrində Lökbatan qəsəbəsi, 28 may küçəsində “Kingsmart” mağazasının yanında olan zaman Tohidlə rastlaşdım. Tohidlə söhbət edə edə mahəllərinə gedən zaman yolda yadına düşdü ki, onun mənə 42 manat borcu var. Buna görə də Tohiddən pul borcunu təkidlə istədim. Tohid pulunun olmadığnı bildirdi və müəyyən müddətdən sonra verəcəyinə söz verdi”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu zaman yadına Tohidin qəsəbədə guya onun narkotik vasitələr qəbul etməyi barədə söhbət yaymağı yadıma düşüb: “Tohiddən nə üçün adıma söz çıxartdığını soruşdum. Tohid isə elə söz demədiyini bildirdi. Tohidin sifət nahiyyəsindən ağzının üstündən yumruqla bir dəfə vurdum. Tohid zərbədən sonra məni kənara itələdi və ağlamağa başladı. Mən də özümə gələrək Tohidin könlünü almaq üçün bir az söhbət elədim. Tohidi anamın kafesinin yanında olan avtoyuma məntəqəsində işə düzəldəcəyimi bildirdim. Buna görə də anama zəng etdim, Tohidi yanında avtoyuma məntəqəsində işə düzəltməsini xahiş elədim”.
Asif bildirib ki, bundan sonra Tohidlə birlikdə taksi vasitəsi ilə anasının işlədiyi AZNS qəsəbəsinə gedən zaman yolda dəmiryol keçidinin yaxınlığında anası ilə rastlaşıb və onlar birlikdə taksi vasitəsi ilə Lökbatan qəsəbəsində qayıdıblar. “İş barəsində anam ilə Tohid söhbət etdikdən sonra onu evlərinin qarşısına apardım”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Tohid bildirib ki, 3 sentybar 2021-ci ildə Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə tutulub: “Hazırda Bakı istintaq Təcridxanasında saxlanılıram. Asif adlı şəxslə münasibətlərim normal olub. Lökbatan qəsəbəsində yerləşən avtoyuma məntəqəsində işləyən zaman Asif adlı şəxslə tanış olmuşam və bir neçə dəfə Asifin yaşadığı mənzildə qonaq olmuşam”.
Təqsirləndirilən şəxs deyib ki, mayın 15-də işdən sonra bir hədər spirtli içki içdikdən sonra evə gedən zaman Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Kingsmart” marketin qarşısında Asiflə rastlaşıb: “Asiflə görüşərək evə gedən zaman söhbət etdik. Zarafatlaşanda Asif bildirdi ki, guya qəsəbədə onun narkotik vasitələrdən istifadə etdiyini yaymışam. Buna görə də Asiflə aramızda sözlü mübahisə yarandı. Mübahisə zamanı Asif spirtli içki qəbul etdiyindən sifət nahiyyəmdən bir dəfə vurdu. Asif yenidən üzərimə gələn zaman onu kənara itələdim. Bundan sonra Asif yenidən yanıma gəldi və məndən üzr istədi”.
Zərərçəkmiş deyib ki, onlar birlikdə olan zaman Asif anasına zəng edib: “Mobil telefonla danışdıqdan sonra mənə bildirdi ki, anasının işlədiyi Qızıldaş qəsəbəsi, AZNS adlanan yerdə kafedə məni işə düzəldəcək. Biz birlikdə dəmiryol keçidinin yanına gəldik. Orada Asifin anası ilə görüşdük. Sonra Asifin anası məndən oğlunun hərəkətlərinə görə üzr istədi, məni evimizin gətirdi”. Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin olmadığını deyib.
Bu cinayət işinə Qaradağ rayon Məhkəməsində hakim İslam Həsənovun sədrliyi ilə baxılıb.
Asifin barəsində “8 Noyabr – Zəfər günü münasibətilə aministiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilib.
Onun barəsində olan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Asifin barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilib.
Fariz Məlikli Demokrat.az


