“Bütövlükdə götürdükdə, Azərbaycan tarixinin müqəddəs dövrünü yaşayırıq. O anlamda ki, Zəfərin qazanılmasından sonrakı birinci ildir və bu, özü-özlüyündə qələbənin bütün istiqamətlər üzrə möhkəmləndirilməsi ilə əlamətdar oldu. İlk növbədə onu qeyd etməliyik ki, hərbi meydanda savaşın başa çatması avtomotik olaraq diplomatik, siyasi, iqtisadi, regional və beynəlxalq platformalarda müxtəlif xarakterli savaşları daha da intensivləşdirdi. Bu, həm başa düşülən, həm də gözlənilən idi. Çünki döyüş meydanında Azərbaycana zərbə vura bilməyənlər onu qeyd etdiyimiz müstəvilərdə həyata keçirməyə çalışdılar”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. Deputat əlavə edib ki, belə olan təqdirdə ölkə rəhbərliyinin bütün strateji, taktiki xətti, məhz sözü gedən məsələlər üzrə Azərbaycanın mövqelərini güclü bir şəkildə hazırlanması ilə özünü göstərdi: “Bilirsiniz ki, il 11 yanvar Moskva danışıqları ilə başladı və orada müəyyən razılaşmaların həyata keçirilməsi, həmçinin 10 noyabr üçtərəfli bəyanatın növbəti dəfə təsdiqi ilə müşahidə olundu. Bu, avtomatik o, demək idi ki, bütün regional və beynəlxalq dairələr müharibənin nəticələrini təştif etməyə, onu qeyri-legitim adlandırmağa, hətta indi Amerikanın ayrı-ayrı dairələri buna görə Azərbaycanı suçlandıran mövqelər göstərməkdədirlər. Halbuki, Ermənistan bu nəticələri tanıyır, amma okeanın o tayında bunun əleyhinə qalxır. Bu, çox unikal vəziyyətdir. Amma bütün hallarda il Ermənistan-Azərbaycan arasındakı müharibənin diplomatik, siyasi masada sürəkli, daha kəskin, ciddi danışıqlar mərhələsi ilə başladı. Ardınca, deyə bilərəm ki, ağırlıq dərəcəsinə görə, 26 fevralda uzun illər Azərbaycan xalqının faciəsi kimi qeyd olunan təqvim zamanında ölkə rəhbəri dünyanın 50-dən artıq mediasını topladı və onlarla bir tərəfdən zəfərimizin, qələbəmizin əsas üzərində dayandığı təməlləri, eləcə də, bizim gələcəyə dair baxışlarımızı və xüsusilə də, bölgədə yaranmış yeni reallıqlar çərçivəsində ölkəmizin atacağı reallıqları bəyan etdi. 4 saatdan artıq çəkən görüş media məkanında böyük hadisəyə çevrilmişdir. Xatırlayırsınızsa, burada iştirak edən jurnalistlərin böyük bir hissəsi bunu çox yüksək qiymətləndirmişlər. Onların bir qismi Azərbaycanda gedən hadisələri tənqidi mövqedən yanaşan dairələr idi. Ancaq informasiya savaşında prezidentin 44 gündəki atdığı ən strateji addımlar məhz ilin başlanğıcından da davam etdi”.
Zahid Oruc əlavə edib ki, cənab Prezidentin mart ayında Cıdır düzündə, Şuşada bizim üçün müqəddəs məkanda, təkcə mədəniyyətimizin yox, həm də siyasətin, mənəviyyatın, dövlətçiliyin özü-özlüyündə mühüm bir məkanına çevrilən bir yerdə tonqal qalandı:
“Düşünürəm ki, bu xalqımızın yaddaşına, düşüncəsinə çox yaxşı təsir elədi. Sosial Tədqiqatlar Mərkəzi olaraq biz bu hadisəyə cəmiyyətimizdən mövqe soruşanda da bunların mütləq əksəriyyəti bunu yüksək qiymətləndirdiklərini dilə gətirmişdilər. Zəngəzur nəqliyyat dəhlizi ilə bağlı məsələlər, intensiv danışıqlar əsas nüvəsini təşkil eləməyə başladı. Və bunun birinci növbədə həm informasiyanın məkanında beynəlxalq danışıqlar müstəvisinə keçdiyini gördük, həm də termin kimi oturuşdu, özünə meydan qazandı. Ancaq bu, həm də qardaş Türkiyə və Azərbaycan liderləri arasında keçirilən görüşlərin və xüsusilə də, Şuşada prezident İlham Əliyevin Türkiyə Respublikasının rəhbəri Rəcəb Tayyib Ərdoğanı qarşılaması, artıq paytaxt Bakının deyil, Şuşanın həm də siyasət paytaxtına çevrilməsi və orada imzalanan Şuşa Bəyannaməsi oldu. İlin əsas siyasi hadisələrini düşünürəm ki, özünün əhəmiyyətlilik dərəcəsinə görə bölgədə istər təhlükəsizlik, istər post-müharibə dövrünün arxitekturası regiona sızmağa çalışan müxtəlif və bu müharibədən kənar qalan dövlətlərin hərbi və digər xarakterli təsirlərinin qarşısında bu bəyannamə çəkindirici rol oynadı. Zənn edirəm ki, o başa düşüləndir ki, iki dövlət arasında hərbi ittifaq sazişi qədər əhəmiyyətə malik olan bu sənəd avtomatik olaraq, Azərbaycanın təhlükəsizliyinin Türkiyənin və əksinə iştirakını özündə ehtiva edən bir müqavilənin imzalanmasının şahidi olduq. Şübhəsiz ki, biz bütövlükdə götürəndə qlobal platformalarda cənab Prezidentin müxtəlif beynəlxalq görüşləri, danışıqları apardığının şahidi olduq. Həmçinin, artıq ilin sonuna doğru Türk Şurasında bir tərəfdən Türkdilli Dövlətlər adlanan və bu qədər ki, dövrdə inkişafdan keçən və əsas nüvəsində Azərbaycanın yer aldığı bu birlik Türk Dövlətləri Təşkilatı kimi bir statusa yiyələnməklə, orada cənab Prezidentə məhz Ali Baş Komandan kimi, bəlkə də son 200 il ərzində türk dünyasının ən böyük hadisəsi kimi bu savaşın qalibi statusunda Türk Dünyasının Ali Ordeni ilə təltif olunmasını biz ilin hadisələri sırasında ən mühüm yerə qoyarıq”.
İlin yekunları həm də Zəfər Amnistiyası ilə əlamətdar olduğunu deyən deputat qeyd edib ki, bu, eyni zamanda humanitar müstəvidə düşünürəm ki, cəmiyyətimizə bir siqnal verdi: “Dövlət istəyir ki, gerçəkdən də qələbədən bütün cəmiyyətin üzvləri, o cümlədən məhbusları da faydalana bilsinlər. Yekun olaraq, prezidentin bu il ərzində aktiv görüşləri 60-dan artıq olub, o cümlədən 40-dan çox müşavirə, mətbuat konfransları keçirilib, yüzdən artıq qəbullar reallaşdırılıb. Onu demək istəyirəm ki, ilin sonunda həm də sosial sferada atılan addımlar pandemiyanın vurduğu zərbələr fonunda əhalinin gəlirlərinin bir hissəsinin azalmasına məhz dövlətin ilin sonunda verdiyi qərarlarla müəyyən konvensasiya edici addımların atılması, istər minimum əmək haqlarının, minimum pensiyaların qaldırılması və digər sferalarada dövlət qulluqçularından bütün hakimiyyət orqanlarından təmsil olunan insanlara, vətəndaşlara qədər verilən qərarlara, o cümlədən birinci Qarabağ müharibəsi dövründə qazi olan insanlarımızla bağlı 50 milyondan artıq vəsaitin verilməsi də, düşünürəm ki, dövrün ən mühüm hadisələridir. Biz qələbəmizin möhkəmləndirilməsini ilini yaşadıq. Bu gün belə, yeni bərpa etdiyimiz müqəddəs sərhədlərdə bizim yeni-yeni təmas xəttinin keşiyini çəkən Azərbaycan əsgəri və zabitlərinin igidliyi, qəhrəmanlığı ilə əlamətdar oldu. Biz “Youtube” kanallarına, media, sosial şəbəkələrə düşən hər kadrın yüz minlərlə izləndiyini gördük. Şahidi olduq ki, işğaldan azad olunmuş və qazanılmış bu ərazilərinin hər birinin üzərində biz şübhəsiz ki, Azərbaycan ordusu ilə möhkəmlənirik. Möhtərəm Cənab Prezident özünün yubileyini Xocavənddə yeni hərbi hissənin komanda dostlarının birlikdə keçirməsi, yeni hərbi modelə keçidin buradan elan olunması Azərbaycan Silahlı Qüvvələrinin savaşdan sonra daha modern bir sistemə keçidi üçün addımların atılmasını da, ilin ən parlaq hadisələri sırasına aid edərdik. Ona görə də, bütün çətinliklərə, insanlarımızın müxtəlif sıxıntılarına rəğmən və bunları nəzərə aldığımızda belə, hərbi-siyasi-strateji maraqlarımız baxımında ili müsbət qiymətləndiririk və uğurlu sayırıq”.
Aynurə Pənahqızı Demokrat.az


