Gündəm

“İstəyirik ki, Avropa Azərbaycanlılar Konqresi olaraq Avrasiya Xalqlar Assambleyası ilə birlikdə əməkdaşlıq edək”— Sahil Qasımov

“İstəyirik ki, Avropa Azərbaycanlılar Konqresi olaraq Avrasiya Xalqlar Assambleyası ilə birlikdə əməkdaşlıq edək”— Sahil Qasımov

“Bu gün Avropa Azərbaycanlılar Konqresi ilə Avrasiya Xalqlar Assambleyasının birgə onlayn toplantısı keçirildi. Bu, əməkdaşlıq haqqında ilk toplantımız idi. Çünki biz istəyirik ki, Avropa Azərbaycanlılar Konqresi olaraq Avrasiya Xalqlar Assambleyası ilə birlikdə əməkdaşlıq edək”.

Bunu Demokrat.az-a açıqlamasında Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov deyib. Konqresin prezidenti əməkdaşlıq haqqında memorandumun hazırlandığını və həmin memorandumun yaxın vaxtlarda imzalayacağını da diqqətə çatdırıb:

“Bu, böyük bir təşkilatdır. Qeyd edim ki, Avrasiya Xalqlar Assambleyası həm Avrasiya, həm Avropa, həm də Asiya qitəsində yerləşən ölkələrin təşkilatları ilə fəaliyyətdədir. Azərbaycanla da bu təşkilatların çox böyük iş birliyi var. Xatırladım ki, 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən onlar Bakıya dəvət olunmuşdular. Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Xalça Muzeyində və digər yerlərdə olmuş, bir sıra tədbirlər keçirmişdilər. Mən deyərdim ki, bu, böyük və nəhəng bir təşkilatdır”.

S.Qasımov qeyd edib ki, bu təşkilatın istəyi Avropa Azərbaycanlılar Konqresi ilə əməkdaşlıq etməkdir:

“Bilirsiniz ki, Avropa Azərbaycanlılar Konqresi Azərbaycanın ən böyük diaspor təşkilatıdır. Bildiyiniz kimi, 40-dan çox ölkəni birləşdirir və burada yüzlərlə təşkilat var. Avrasiya Xalqlar Assambleyasının baş ofisi Moskvada yerləşir və mən fevral ayında assambleyanın toplantısında iştirak etmək üçün Moskvaya dəvət almışam. Avrasiya Xalqlar Assambleyasının sədri Andrey Yuliyeviç Benyaminovdur. Bu gün onlayn konfransda da Assambleya Təşkilatının sədri bizimlə birbaşa bağlantı yaratdı. Assambleyanın rəhbərliyi, habelə Avropa Azərbaycanlılar Konqresinin müxtəlif ölkələrdən olan üzvləri də konfransa bağlandılar və qarşıda duran məsələləri müzakirə etdilər. Konfransda qarşıdakı illərdə Avrasiya ölkələrində birlikdə tədbirlər keçirmək qərara alındı. Qeyd edim ki, bu, siyasi təşkilat deyil. O, mədəni, sosioloji, idman və s. kimi sahələri də özündə ehtiva edir. Təşkilatın əsas məqsədi xalqları bir araya gətirmək, onların bir-birinə mədəniyyətini tanıtmaq və insanların, xalqların bir-biriylə dostluğunu gündəmdə saxlamaqdır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az