“ATƏT-in nazirlər konfransında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməsi tamamilə normal haldır. Adətən, belə tədbirlərdə bir çox dövlətlər problem yaşadığı ölkələrlə ziddiyyətləri aradan qaldırmaq üçün əlavə cəhdlər edirlər. Bəzi hallarda hətta buna nail də olurlar”.
Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Analitik qeyd edib ki, ancaq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə belə bir iddia irəli sürmək bir qədər çətindir:
“Çünki bu görüşdə hər iki xarici işlər naziri ən yaxşı halda, öz ölkəsinin hansısa diplomatik mesajını qarşı tərəfə çatdıra bilər. Ancaq onların hansısa prinsipial məsələni müzakirə etməsi qətiyyən inandırıcı görünmür. Çünki əsas prinsipial məsələlər noyabrın 26-da Soçidə keçirilən üçtərəfli görüşdə müzakirə edilib. Azərbaycan, Rusiya və Ermənistan liderləri ortaq bəyanatla çıxış edərək, əldə edilmiş anlaşmalar barədə məlumatları artıq ictimailəşdiriblər. Xarici işlər nazirləri də Soçi görüşünün nəticələri əsasında hərəkət edəcəklər. Böyük ehtimalla onlar liderlərin anlaşmalarının icrası ilə bağlı müəyyən konkret detallar ətrafında fikir mübadiləsi aparmaqla, kifayətlənəcəklər”.
Aynurə Demokrat.az


