“Soçidə Rusiya prezidentinin vasitəçiliyi ilə keçirilən üçtərəfli görüş əhəmiyyətli bir hadisədir. Ən azından o baxımdan ki, savaş bitəndən sonra yanvarın 11-də Moskva görüşündən keçən on ay müddətində, ilk dəfə olaraq Azərbaycan və Ermənistan rəhbərləri bir araya gəldilər. Görüşdə son bir ildə baş verən hadisələr və 10 noyabr anlaşmasının öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə olundu”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O, vurğulayıb ki, görüşdən əvvəl və sonra verilən bəyanatlar, o cümlədən üç dövlət tərəfindən qəbul edilən bəyanatın mətninə baxdıqda, orada bir çox məqamlar, nüanslara diqqət çəkir:
“Ən önəmli məsələlərdən biri tərəflər bir daha 10 noyabr anlaşmasının şərtlərini yerinə yetiriləcəklərinə sadiqliyini bildirirlər və bu prosesin davam etdirilməsində maraqlı olduqlarını qeyd edirlər. Yəni, bu o deməkdir ki, mövcud format münaqişənin həlli üçün ən önəmli format hesab olunur. Əslində, Türkiyə burada görünməsə də, arxa planda prosesin iştirakçısıdır. Bilirik ki, hazırda onlar Qarabağ ərazisində fəaliyyət göstərən müşahidə və monitorinq mərkəzində rus hərbçiləri ilə fəaliyyət göstərir. Dünən Rusiya prezidenti Azərbaycan prezidenti ilə görüşdə də bunu xüsusi qeyd etdi. O cümlədən də üçtərəfli görüşdə də bu məqama diqqət yetirdi. Orada vacib məqamlar hansı məqamlar idi. İlk olaraq, Rusiya prezidentinin dilindən səsləndirilən “tərəflər sülh müqaviləsini imzalamalı və bir-birinin ərazi bütövlüyünü tanımalıdır” kimi fikri əlbəttə ki, çox əhəmiyyətlidir. Bu bizim maraqlarımıza uyğundur. 
Politoloq qeyd edib ki, bu görüş erməni cəmiyyətində revanşist qüvvələrə və 10 noyabr razılaşmasını sabotaj edən qüvvələrə bir mesaj oldu:
“Həmçinin, Ermənistan rəhbərliyinə də bir mesaj oldu. Yəni, onlar 10 noyabrda üzərinə götürdükləri öhdəliklərdən kənara çıxa bilməzlər. Görüşdə regionda kommunikasiyaların açılması iqtisadi əlaqələrin inkişafı, ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, sülh müqaviləsinin imzalanması və s. kimi məsələlər burada önə çıxarıldı ki, bunlar da müsbət hadisələr sayılır. Bu, Azərbaycanın da maraqlarına uyğundur. Xüsusilə, Rusiya prezidentinin dilindən səsləndirilən “kommunikasiya xətlərinə həm dəmir yolları, həm də avtomobil yolları daxildir” fikrinin səsləndirilməsi də çox önəmli mesaj və bəyanat sayıla bilər. Çünki Ermənistan tərəfi Mehri üzərindən açılacaq dəhlizdən yalnız dəmiryolu xəttinin guya ifadə olunduğunu bildirməyə çalışırdı, bunu önə sürürdü. Amma bu görüşdə Rusiya prezidentinin dilindən konkret olaraq həm dəmiryolu, həm avtomobil yollarının açılması nəzərdə tutulduğu qeyd edildi. Bütün hallarda görüş ümumən, belə götürsək, əhəmiyyətli sayıla bilər. Ən azı o baxımdan ki, 10 ay sonra da gecikmə ilə də olsa, üç ölkə başçısı bir araya gəldi. Proseslərin bundan sonrakı inkişafı ilə bağlı müzakirələr aparıldı. Azərbaycan cəmiyyətini narahat edən, maraqlandıran, bir çox məqamlara isə xeyli dərəcədə aydınlıq gəldi”.
Aynurə Demokrat.az


