Quba rayonunda 1976-cı il təvəllüdlü Elmar arvadı Nərminə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin sentyabrın 17-də, saat 17.00 radələrində Quba rayonu, Rustov kəndində baş verib. Elmar yaşadıqları evdə aralarında ailə məişət münasibətləri zəminində yaranan mübahisə vaxtı yumruq və şillə ilə arvadı Nərmini döyərək ona xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Elmarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, Nərmin ilə 2001-ci ildə ailə həyatı qurub: “Birgə nikahımızdan 3 uşağımız var. Ailədə əvvəllər münasibətlərimiz yaxşı olsada, sonradan aramızda müəyyən mübahisələr və münaqişələr baş verib. Sentyabrın 17-də böyük oğlum Əlini Quba rayon mərkəzinə diş həkiminə apardıqdan sonra günorta vaxtı orada spirtli içki qəbul etdim. Evə gedəndən sonra təxminən saat 17.00-da arvadım mənə tapşırdığı ərzaqları ala bilməməyim ilə bağlı aramızda mübahisə yarandı. Mən də bundan əsəbiləşdim, yaşadığım evin yataq otağında əlim ilə onun sifətinə, baş və bədəninin müxtəlif nahiyyəsinə vurdum”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nərmin bildirib ki, hadisə günü, saat 17 radələrində əri Elmar sərxoş vəziyyətdə evə gəlib: “Elmara tapşırdığım ərzaq məhsullarını almadığı üçün aramızda mübahisə yarandı. Mübahisə zamanı sifət və bədənimin müxtəlif nahiyyələrimə vuraraq mənə xəsarər yetirdi”.
Nərmin ifadəsinin sonunda Elmar ilə barışdığını, ondan şikayəti olmadığını bildirib.
Bu cinayət işi Quba rayon Məhkəməsində hakim Rahim Həsənovun sədrliyi ilə araşdırılıb.
Hakim hökm çıxaran zaman zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını nəzərə alıb.
Bu səbəbdən Elmarın barəsində ittihamedici hökm çıxarılmayıb və o cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


