Gündəm

"Azərbaycan bu cür qanunsuz səfərlərin reallaşmaması üçün tədbir görməlidir"— Politoloq

Azərbaycan bu cür qanunsuz səfərlərin reallaşmaması üçün tədbir görməlidir— Politoloq

Xəbər verdiyimiz kimi, Ermənistan kütləvi informasiya vasitələrində Ermənistanın müdafiə naziri Arşak Karapetyanın Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz səfər etməsi barədə məlumat verilib. Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, Ermənistan müdafiə nazirinin icazəsiz olaraq Azərbaycan ərazilərinə daxil olması, qanunsuz erməni birləşmələri ilə görüşlər keçirməsi və onların döyüş hazırlığı barədə fikirlər səsləndirməsi hərbi-siyasi təxribatdır.

Səfərlə bağlı fikirlərini Demokrat.az-a bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu bildirib ki, bu addımla qarşı tərəf Azərbaycanın Zəfər bayramına kölgə salmaq istəyir.

Politoloq diqqətə çatdırıb ki, bu hərbi-siyasi təxribat Azərbaycanın siyasətinə əsla təsir etməməlidir:

“Bildiyimiz kimi, dünən Azərbaycan çox qürurla, mərdliklə öz Zəfər bayramını qeyd etdi. Bundan qıcıqlanan düşmən Zəfər bayramımıza kölgə salmaq üçün belə bir səfəri reallaşdırdı.Təbii ki, bu bizim siyasətə əsla təsir etməməlidir. Düzdür, öz narahatlığımızı bildirməliyik. Ermənilər və rus hərbçilər də artıq anlamalıdır ki, bu səfərlər reallaşdıqca, bölgədə gərginlik azalmayacaq. Ona görə də Azərbaycan Müdafiə Nazirliyinin bu bəyanatını bir xəbərdarlıq bəyanatı kimi qiymətləndirirəm”.

E.Şahinoğlu vurğulayıb ki, bir daha belə qanunsuz səfərlərin reallaşmaması üçün Azərbaycan mühüm tədbirlər həyata keçirməlidir:

“Əslində, bu istiqamətdə mühüm tədbirlər görməliyik. Əsas tədbirlərimiz nə olmalıdır? Ən başlıcası, biz Laçın dəhlizini nəzarət altına almalıyıq. Həmin ərazilərdə sərhədçilərimiz, gömrük xidmətimiz olmalıdır. Bunlar olmayınca, çox təəssüf ki, bu cür səfərlər davam edəcək”.

Aynurə Demokrat.az

D
demokrat.az