Sosial

Əməkdar inşaatçı Mahmud Abdullayevin portreti — FOTOLAR

Əməkdar inşaatçı Mahmud Abdullayevin portreti — FOTOLAR

(Foto: Mahmud Abdullayev. Foto dizayner Tural Hüseyn tərəfindən rənglənib)

Yaxşı insanlar dünyadan tez köçür deyirlər. Bu sözə inanmaq çətindir, ta ki öz tanıdıqların yaxşı insanlar dünyadan köçənə kimi. Təəssüf ki, belədir. O da dünyadan tez köçdü. Cəmi 50 il yaşadı. Amma bu qısa ömrünə çox şey sığdıra bildi. Bu il artıq 35 ildir ki, aramızda yoxdur. Gənc nəsilin nümayəndələrinə sovet dövrünün texniki peşə sahəsinin adamları az tanışdır. Ələlxüsus söhbət geniş ictimaiyyətə o qədər də cəlbedici görünməyən mühəndislik, inşaat sahəsindən gedirsə. Amma bu sahənin elə peşəkarlar mütəxəssisləri, həqiqi sənət fədailəri var ki, onları tanımaq lazımdır. Odur ki, qələm əhlindən olduğum üçün bu şərəfli missiyanı üzərimə götürmək qərarına gəldim. Ona görə ki, xatırlanası insan və yaxşısı ilə də pisi ilə də xatırlanmağa layiq olan zəmanə idi. Hər halda sovet dövrünü görmüş insanlar belə deyir. Xülasə, Sovet İttifaqı elə bir quruluş idi ki, qurulan zaman da, dağılan zaman da yüz minlərlə, bəlkədə milyonlarla insan taleyi yüz faiz ya yaxşı ya da pis tərəfə dəyişdi. Məsələn, İttifaq qurulanda milyonçular bir gündə bütün varidatlarını itirərək müflis oldular. Digərləri isə əksinə mütəmadi iş yeri və gəlir əldə etdilər. Sovet İttifaqı dağılandan sonra isə ən sadə insanlar qısa zamanda milyonçu olmaq imkanı qazandılar, kimlər isə əksinə olan-qalan fəhləlik həyatından və müntəzəm məvaciblərindən belə məhrum oldu. Bunların səbəbləri az-çox hamıya məlumdur. Lakin haqqında bəhs etdiyim insan nə bu quruluşun yaradılması, nə də dağılması zamanı baş vermiş çətinlikləri görüb. Bəlkədə bunun özü bir xoşbəxtlik idi. O, 1935-ci ilin oktyabr ayında Gürcüstanın soydaşlarımız kompakt yaşadığı Qardabani rayonunun Kosalı kəndində təsərrüfatçı ailəsində dünyaya göz açıb. Atası İsa Abdulla oğlunun kəndin sovxoz sahəsində geniş üzüm bağları olub. Mahmud məktəbdə hələ aşağı siniflərində oxuyarkən vaxtaşırı dərsdən çıxıb atasına təsərrüfat işlərində kömək edirdi. Ondan böyük qardaşı Əhməd ailə quraraq ata yurdundan tez getmişdi, kiçik qardaşı Məhəmməd isə Mahmuddan 6 yaş kiçik idi. Atası İsa kişi isə artıq 50 yaşını haqlamışdı və ona iri təsərrüfatında kömək lazım idi. Odur ki, Mahmud erkən yaşlarından zəhmətə əyilməli olub. Görünür gələcəkdəki ucalıq qisməti də məhz bu zamandan başlayıb. İnsanı ucaldan məhz zəhmətdir.

Əməkdar inşaatçı Mahmud Abdullayevin portreti — FOTOLAR
(Foto: İsa Abdulla oğlu, həyat yoldaşı Hilal xanım və böyük oğlu Əhmədlə. Gürcüstan SSR, Kosalı kəndi, 1970-ci illərin əvvəlləri)

Kosalı Məktəbində cəmi 4 sinif oxuyan Mahmud xüsusi istedadı ilə fərqlənirdi. Mütaliəyə maraq göstərirdi, Azərbaycan dili ilə bərabər rus və gürcü dillərinə yiyələnmişdi. Fitri olaraq rəsm çəkmək qabiliyyətinə də malik idi. Əmək fəaliyyətinə də gənc yaşlarından başlamışdı. Ötən əsrin 40-cı illərində Ümumittifaq hökuməti Tbilisidə metallurgiya zavodunun tikintisinə qərar verdi. İosif Stalinin sərəncamı ilə işlərə başlanılsada qısa müddətdən sonra Böyük Vətən mübaribəsi ilə əlaqədar tikinti işləri dayandırıldı. Müharibənin başa çatmasına yaxın isə metallurgiya zavodunun tikintisini Rustavi şəhərinə köçürmək qərara alındı. Yolsuzluq, pis hava, ağır yaşayış və məişət şəraitlərinə baxmayaraq fəhlələrin gündəlik gərgin işi sayəsində tez bir zamanda burada əsas obyektləri tikinti materialları ilə təmin edəcək karxana təsərrüfatları, həmçinin köməkçi sənaye müəssisələri və kommunikasiyalar yaradıldı. Güclü sənaye bazası, elmi-texniki sahədə kadrlar hazırlandıqdan sonra 500 hektarlıq ərazidə Zaqafqaziya Metal-Tikinti İdarəsinin əsas tikinti işləri vüsət aldı. 1949-cu ildən SSRİ tikinti Nazirliyinin tabeliyinə verilən bu trest, sonralar Gürcüstanın bir çox iri şəhərlərində böyük həcmdə sənaye və mülki obyetlərin tikintisini həyata keçirib. Dövr isə 1950-ci il idi. Jurnalist Paşa Əliyev yazırdı ki, o zaman Gürcüstanın gənc sənaye şəhəri olan Rustavinin kimya zavodlarında, iri tikinti-quraşdırma müəssisələrində və ən əsası, Metallurgiya zavodunda ixtisaslı fəhlələrə böyük ehtiyac duyulurdu. Bu cür müəssisələrdə çalışmaq üçün ilkin şərt, 1940-1963-cü illərdə SSRİ-də mövcud fabrik-zavod təhsili məktəblərində oxumaq idi. Sənaye və tikinti müəssisələrinin bazasında fəaliyyət göstərən bu cür təhsil müəssisələri SSRİ dövlət kadr ehtiyatları sisteminə daxil olmaqla kütləvi peşə ustaları yetişdirirdi. Mahmud da gənc yaşından, böyük həvəslə qaynar fəhlə həyatına can atırdı. O, Rustavidəki 36 nömrəli fabrik-zavodda təhsilini alaraq, əmisi oğlu Ziyəddın Abdullayevlə birlikdə Gürcüstanın ilk miqyaslı sənaye kompleksi olan “Закавказметаллургстрой” trestində (bundan sonra Zaqafqaziya Metal-Tikinti İdarəsi) usta kimi əmək fəaliyyətinə başladı. İki il burada işlədikdən sonra o, Sovet Ordusu sıralarına çağrıldı və əsgəri xidmətini şərəflə yerinə yetirdikdən sonra yenidən Rustaviyə qayıdaraq əmək fəaliyyətini davam etdirir. Mahmud, artıq doğma kollektivində rəngsazlar briqadasının başçısı idi. Rustavinin özündə o dövrdə tikilən yaşayış evləri, fabrik və zavodlar məhz Mahmudun başçılıq etdiyi rəngsazlar briqadası üzvlərinin əməyi ilə gözəlləşirdi. Həmin illərdə gənc mühəndis, həmdə tərtibatçı-rəssam kimi fəaliyyət göstərirdi. Onu doğma kəndində rəssam kimi tanıyırdılar.

Əməkdar inşaatçı Mahmud Abdullayevin portreti — FOTOLAR
(Foto: Əl işlərindən biri hazırda da Kosalı kəndində Bilal kişinin evində böyük otaqların birində qorunur. Foto 2020-ci ildə çəkilib)
Əməkdar inşaatçı Mahmud Abdullayevin portreti — FOTOLAR
(Foto: Mahmud dəblə ayaqlaşmağı sevirdi. O zaman hər şəhərdə, demək olar ki, cəmi bir xarici geyim dükanı fəaliyyət göstərirdi. El arasında “importnu” mağazalar adlanırdı. Və heçdə hər kəs həmin mağazalardan geyim ala bilmirdi. Lakin Mahmud istisna idi).

Onun işlədiyi Zaqafqaziya Metal-Tikinti İdarəsi ümumittifaq əhəmiyyətə malik idi. Məsələn, Gürcüstanda yaradılan Rustavi Metallurgiya Zavodunun Azərbaycanla xammal sahəsində bağlılığı var idi. Bu nəhəng Zavodun xammal əsaslarından biri Daşkəsən rayonundakı Dəmir Filizi olub. İstismarına 1954-cü ildən başlanılan Daşkəsən Dəmir Filizi və Kobalt sahəsinin məhsulları Rustavi Metalurgiya Zavoduna, o cümlədən Qaradağ ağırlaşdırıcı məhlul zavoduna və Bolqarıstana daşınırdı. Bu cür əlaqələr qonşu respublikalar arasında əməkdaşlığın gücləndirilməsinə kömək edirdi. İstedadlı və peşəkar mütəxəssislər isə irəli çəkilir, respublikada tikilən başqa istilik və su elektrik stansiyalarında onların dəyərli məsləhətləri və təklifləri dinlənilirdi. Mahmud da bu cür mühəndislərdən idi. Tbilisi DRES kimi nəhəng energetika ocağında onun iş ustalığından ağızdolusu danışırdılar. SSRİ ərazisində və hətta onun hüdudlarından kənarda, o cümlədən İranda tikinti və təmir layihələrinə cəlb edilən soydaşımızın istedadını tezliklə Azərbaycanda da qiymətəndirdilər. 1966-cı ildə burada təsis olunmuş “Кавказэнергомонтажизоляция” (bundan sonra Qafqazenerqomontajizolyasiya) xüsusiləşdirilmiş idarənin rəhbəri Məhəmməd Baxşəliyev (kollektivdə Mamed Cabbaroviç kimi tanınıb) onu 1967-ci ildə İdarənin Tbilisi sahəsində izoləedicilər briqadasının başçısı təyin etdi. O illərdə Gürcüstan energetikasının flaqmanı olan Tbilisi Dövlət Rayon Elektrik Stansiyasında energetika aqreqatlarının izolə edilməsi kimi mühüm iş Mahmudun rəhbərlik etdiyi briqadanın üzərinə məsul vəzifələr qoymuşdu. O, həmdə müxtəlif ixtisasartırma kurslarına cəlb edilirdi. Belə ki, 1968-ci ildə SSRİ Energetika və Elektrikləşdirmə nazirliyinin Mərkəzi Montajkimyaizolyasiya trestinin Tədris bölməsi təşkilatı tərəfindən “istilik izolyasiyasının quraşdırılması” üzrə Mühəndis-texnik qismində ixtisasartırma kurslarına cəlb olunan Mahmud, artıq ixtisaslı usta idi. Dövlət və əmək intizamına ciddi əməl edilməsi, qarşıda duran vəzifənin şərəflə yerinə yetirilməsi onun rəhbərlik etdiyi kollektivə hər zaman uğur qazandırıb. Növbəti ilin hesabına işləyən kollektiv dəfələrlə sosializm yarışının qalibi olub.

Əməkdar inşaatçı Mahmud Abdullayevin portreti — FOTOLAR
(Foto: İzoləedicilər briqadasının başçısı Mahmud Abdullayev (ilk sırada solda birinci) və briqadanın üzvləri, o cümlədən əmisi oğlu Ziyəddın Abdullayev (3-cü sırada mərkəzdə). Tbilisi şəhəri, 2 may 1967-ci il)

Əməkdar inşaatçı Mahmud Abdullayevin portreti — FOTOLAR
(Foto: Şəkildə soldan sağa Mingəçevir İES-in sahə rəisi Musa Nəsirov, "Qafqazenerqomontajizolyasiya" trestinin təsisçisi və rəhbəri Məhəmməd Baxşəliyev (Mamed Cabbaroviç), Mahmud Abdullayev və Metal Qaynaq Sınaq şirkətinin həmtəsisçisi Rasim Məmmədov. Şəki şəhəri, Şəki xan sarayı abidəsinin önündə. 1985-ci il)

Mahmud səxavətli, mehriban, ünsiyyətçil, zəhmətkeş insan həmdə qayğıkeş ailə başçısı idi. Əliaçıqlığı isə çoxlarına nümunə idi. Təsadüfi deyil ki, haqqında danışan yaxınları, dostları, iş yoldaşları və həmkəndliləri onun istedadı ilə yanaşı məhz insani keyfiyyətlərini qeyd edirlər. Hər kəsin Mahmudla bağlı xoş xatirəsi və öz təşəkkür borcu var idi. Səlis və aydın nitqə, qamətli və şux görünüşə, dərin texniki biliklərə sahib olması onu perspektivli kadr kimi rəhbərliyin gözündə daha cəlbedici edirdi. Məhəmməd Baxşəliyevin rəhbərliyi ilə “Qafqazenerqomontajizolyasiya” idarəsinin Tbilisi sahəsində briqadir, iş icraçısı, baş iş icraçısı vəzifələrinədək irəliləyən Mahmud, 1979-cu ildə bu İdarənin Tbilisi sahəsinin rəisi təyin edilir. Qabaqcıl istehsalat rəhbəri mütləq Ali təhsilə sahib olmalı idi. Mahmud Abdullayev bu arzusunu 40 yaşdan sonra həyata keçirib. Oxumaq heç vaxt gec deyil məsəli onun timsalında tam yerinə düşür. O, 1979-1983-cü illərdə Ümumittifaq Energetika Texnikumunda qiyabi şöbədə Ali təhsil alan peşəkar inşaatçı əmək fəaliyyətini bir an belə olsun dayandırmırdı. Tbilisi DRES-in sahə rəisi kimi çalışdığı illərdə Mahmud, Tbilisi istilik şəbəkəsi, Qafqazda ən böyük su elektrik stansiyası olan İnquri Su Elektrik Stansiyası, Tkvarçeli Dövlət Rayon Elektrik Stansiyasının işaasında yaxından iştirak edib. Kollektivdə ona Mahmud İsayeviç deyə müraciət edirdilər. Çünki peşələri müxtəlif olduğu kimi briqadanın milli tərkibi də müxtəlif idi. Sovet dövründə isə ruslarda olduğu kimi azərbaycanlılara ad və ata adı ilə müraciət etmək ənənəsi var idi. Bu beynəlmiləl kollektivdə isə 85 nəfər çalışırdı. Onun rəisi olduğu sahədə əsas vəzifə istilik və su elektrik stansiyalarında buxar xəttlərinin izolyasiyası və qazanxanaların xüsusi kərpiclərlə hörülməsi idi. Mahmudun nəzarətində bir neçə sahə olub. Bütövlükdə isə Qafqazenerqomontajizolyasiya İdarəsinin Gürcüstan, Ermənistan, Özbəkistan, Türkmənistan Sovet Sosialist Respublikalarında, həmçinin Rusiyanın Stavropol diyarı, Nevinnomıssk və Pyatiqorsk şəhərləri də daxil olmaqla bütövlükdə 15-16 sahəsi fəaliyyət göstərirdi. Mərkəzi Bakıda yerləşən bu İdarə digərləri kimi “Moskva”ya tabe idi. Hər ayın tamamında sahə rəisləri, o cümlədən Mahmud, hesabat vermək üçün Bakıda toplaşırdılar. Məhəmməd Baxşəliyev onları Şüvəlandakı Şimal İES-in yaxınlığındakı mehmanxanasında qəbul edirdi. İşgüzar görüşlərə Mahmud özünün “Qaz-69” Villis avtomobili ilə gedirdi. Mingəçevir İstilik Elektrik Stansiyasının sahə rəisi olmuş Tağı Tağıyev xatırlayır ki, Mahmudun sahələri çox olduğundan o, demək olar ki, ay boyu yollarda oludu. “Mingəçevirə gəlirdi, sonra “Bakı”ya hesabat verirdi, sonra Dağıstana baş çəkirdi, sonra Tkvarçeliyə yollanırdı, sonra Qardabaniyə qayıdırdı. Qardabanidən, bəzən, layihə almaq üçün Rusiyanın Rostov şəhərinə gedirdi. Layihə İnstitutu orada idi. Elə daima təkər üstündə idi. Çox işgüzar idi. Həmdə canlara dəyən adam olub”, deyir Tağı Tağıyev.

Əməkdar inşaatçı Mahmud Abdullayevin portreti — FOTOLAR
(Foto: "Qafqazenerjimontajizolyasiya" ixtisaslaşdırılmış idarənin Bakı sahəsinin rəisi Dadaş Ağayev (soldan ikinci), Məhəmməd Baxşəliyev (Mamed Cabbaroviç) (mərkəzdə), TbilDRES-in sahə rəisi Mahmud Abdullayev (sağdan ikinci) və Mingəçevir İES-in sahə rəisi Tağı Tağıyev (sağdan birinci). Soçi, 3 mart 1985-ci il)
Əməkdar inşaatçı Mahmud Abdullayevin portreti — FOTOLAR
(Foto: Mahmud “Moskviç-400” maşını ilə. 1950-ci illərin ortaları. Kosalı kəndində həmin dövrdə yalnız iki nəfərdə avtomobil var idi. Onlardan biri Mahmudda olan bu “Moskviç” maşını idi. Ümumiyətlə o, avtomobil həvəskarı olub. O, eyni zamanda 1963-cü ildə kəndə ilk dəfə “Volqa” avtomobilini gətirib)

1980-ci illər idi. Mahmudun başçılıq etdiyi izoləedicilər kollektivi artıq Tkvarçelidəki Dövlət Rayon Elektrik Stansiyasının tikintisini başa çatdırmaq üzrə idi. Yorulmadan çalışan kollektivin Tkvarçeli DRES-in ilk enerji aqreqatlarının vaxtından əvvəl istifadəyə verilməsində xüsusi payı olub. Bu münasibətlə Gürcüstan KP Mərkəzi Komitəsi və digər dövlət orqanları hətta stansiyanın bütün fəhlə və qulluqçularına təbrik məktubu da ünvanladı. Mahmudun zəhməti də yüksək qiymətləndirildi. 1983-cü ildə Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə o, “Tikintidə səmərəli işinə və Tkvarçeli DRES-in 110 min kilovatlıq enerji blokunun müvəffəqiyyətlə istifadəyə verilməsində fərqləndiyinə görə” Gürcüstan SSR “Əməkdar inşaatçısı” fəxri adı ilə təltif edildi. Təbii ki, bu böyük nailiyyət idi. O dövrdə Tbilisi DRES-də 4 minə yaxın işçi çalışırdı. Onlardan təxminən 800 nəfəri azərbaycanlı idi. Mahmud soydaşlarımız arasında həmin dövrdə bu yüksək mükafata layiq görülmüş yeganə azərbaycanlı idi. Onun kürəkəni, Tbilisi DRES-də idarə rəisi olmuş Hafiz Abdullayev xatırlayır ki, o zaman gürcü mütəxəssisləri Gürcüstanda çalışan azərbaycanlıların istedadını görməzdən gəlirdi. Buna rəğmən hətta onlar da Mahmud kimi peşəkar kadrların istedadını etiraf etmək məcburiyyətində idilər. Onun fikirləri ilə hesablaşırdılar. Əbəs deyil ki, Gürcüstanın Energetika və Elektrikləşdirmə baş idarə rəisinin birinci müavini Yuriy Tsaqareli onunla birbaşa ünsiyyət qururdu, tez-tez görüşürdü. O da Mahmudun gördüyü işlərə bir mütəxəssis kimi heyran idi. Vətəninə və xalqına bağlı olan Mahmud öz əlaqələrindən istifadə edib azərbaycanlı mütəxəssislər və məsul işçilərlə gürcü həmkarları və vəzifəliləri arasında körpü rolunu oynayırdı. Birgə iş birliyini genişləndirməyə kömək edirdi.

Əməkdar inşaatçı Mahmud Abdullayevin portreti — FOTOLAR
(Foto: Tkvarçeli DRES, Abxaziya, Gürcüstan SSR)

Əməkdar inşaatçı Mahmud Abdullayevin portreti — FOTOLAR
(Foto: Gürcüstan SSR Ali Sovetinin orqanı, №8 (475) iyul 1983-cü il, səh. 34)

Mahmud dünyagörüşü və etiqadı ilə də başqalarından fərqlənirdi. Valideyinləri kimi o da dinə, etiqada bağlı insan idi və hətta xeyriyyəçilik fəaliyyəti məşğul olurdu. Sirr deyil ki, sovet hakimiyyəti illərində dini fəaliyyətə məhdudiyyətlər qoyulmuşdu, Allahsızlıq təbliğ edilirdi. O zaman müsəlman əhalinin yaşadığı şəhərlərdə məscidlərin bərpasına nəinki vəsait ayrılmırdı, hətta sökülərək sayı azaldılır və ya aidiyyatı üzrə istifadə edilmirdi. Müsəlman əhali yalnız evlərində, həmdə gizlində ibadət edirdi. Belə bir dönəmdə Mahmud, Gürcüstanda, Dağıstanda və müsəlmanların yaşadığı digər yerlərdə məscidlərin dam örtüklərini təmənnasız olaraq təmir etdiridi. Halbuki bu cür fəaliyyət təhlükəli idi. Buna baxmayaraq o, təmirə ehtiyacı olan Allah evlərinin bərpası üçün həm material, həm də ixtiyarında olan işçi qüvvəsi ayırırdı. Bundan başqa dini görüşləri səbəbindən o heç vaxt Kommunist Partiyasının üzvlüyünü qəbul etməyib. Halbuki SSRİ dövründə Partiya üzvü olmayan şəxs nəinki sahə rəisi heç briqadir vəzifəsinə belə təyin olunmurdu. Mahmudun işinin peşəkarı olması sayəsində partiya mənsubluğunun olmamasına göz yumurdular.

Əməkdar inşaatçı Mahmud Abdullayevin portreti — FOTOLAR
(Foto: “Qafqazenerqomontajizolyasiya” trestinin Tbilisi sahəsinin rəisi Mahmud Abdullayev (sağdan ikinci), trestinin təsisçisi və rəhbəri Məhəmməd Baxşəliyev və ya Mamed Cabbaroviç (soldan dördüncü), trestin digər sahə rəisləri. Soçi şəhəri, 1980-ci illər. Şəkil dizayner Tural Hüseyn tərəfindən rənglənib).

50 illik ömründə qaynar fəhlə həyatından şərəfli, şöhrətli rəis həyatınadək yüksələn Mahmud Abdullayev 1985-ci ildə qəfil ağır xəstələndi. Qısa müddət ərzində Tbilisidə həkimlərin tövsiyəsi və dövlətin dəstəyi ilə Moskvada SSRİ tibb elmləri Akademiyasının akademiki, tanınmış cərrah Mixail Perelman tərəfindən müayinə olunsa da artıq gec idi. Onun ağciyərində onkoloji bədxassəli şiş aşkarlanmışdı. Kiçik qardaşı Məhəmməd Abdullayevin yaxın dostu və tələbə yoldaşı olmuş, Azərbaycan Texniki Universitetinin təqaüddə olan müəllimi Rauf Məmmədov da o zaman ona baş çəkib. “O, Ağciyər İnstitutunda (Rusiyanın Mərkəzi Elmi-Tədqiqat Vərəm İnstitutu) yatırdı. Məhəmməd, İsmayıl İsmayılov və mən getdik xəstəxanada onunla görüşdük. Sən demə 2 gündən sonra evə yazılacaqmış. O zaman mən orada ixtisasartırma kurslarında idim. Biz aspirantların yataqxanasında qalırdıq. Bir də gördüm yanımıza gəlib. Bizi “Bakı” restoranına apardı. Mahmud, dosta – tanışa əvəzsiz adam idi”, deyə Rauf Məmmədov xatırlayır.

Əməkdar inşaatçı Mahmud Abdullayevin portreti — FOTOLAR
(Foto: Azərbaycan Texniki Universitetinin təqaüddə olan müəllimi, dosent Rauf Məmmədovla müsahibədən. Bakı, 2021-ci il).

Təəssüf ki, həkimlər Mahmudun ömrünü cəmi bir il uzada bildilər. O, 17 avqust 1986-cı il tarixində yaşadığı evdə dünyasını dəyişdi. Məqalənin əvvəlində qeyd etdiyim kimi, Mahmud SSRİ-nin süqutunu görmədi və buna görə xoşbəxt insan sayıla bilər. Çünki onun ölümüdən cəmi 5 il sonra İttifaq dağıldı və sözügedən trest də əvvəlki əhəmiyyətini itirdi. Bu gün həmin nəhəng idarələrdən, böyük kollektivlərdən geriyə qalan yalnız xatirələrdir...Yaşamaq – yaşatmaqdır deyirlər. Deməli, kimlərinsə qismətində yaşamaq, kimlərinsə qismətində yaşatmaq var imiş. Mahmud Rövşənoğlu Demokrat.az

D
demokrat.az