Hadisə

Cahangir Hacıyevin həyat yoldaşı məhkəməyə çağırıldı

Cahangir Hacıyevin həyat yoldaşı məhkəməyə çağırıldı

"İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə İlqar İsmayılovun vəkilləri vəsatət verib.

Vəkillər "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanın məhkəməyə şahid qismində çağırılması barədə vəsatət veriblər.

İlqar İsmayılovun vəkili İlhamə Həsənova deyib ki, Həmzəyevanın dindirilməsi zəruridir: "Çünki 2011-ci ildən o da şirkətin həmtəsisçisi olub.

Elektron yazışmalardan aydın olur ki, faktiki rəhbərlik Zərifə Həmzəyevaya məxsus olub. Ən xırda məsələlərdən də onun xəbəri olub. Az qala, şirkətə süpürgə alınmasına qədər onun göstərişiylə baş verib. Həm də məhkəmədə dindirilən şahidlər ona mütəmadi şirkətdən gəlirlər verildiyini bildiriblər".

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra 2006-2017-ci illərdə şirkətdə çalışmış Həbib Qarayev şahid qismində ifadə verib. O deyib ki, Həmzəyevaya çatası gəliri dəfələrlə apararaq "Gazelli Group"un vitse-prezidenti Fuad Əliyevə təqdim edib: "Hər dəfə apardığım məbləğ 500 mindən yuxarı olurdu".

Vəkillər Fuad Əliyevin də məhkəmədə dindirilməsini istəyib.

Lakin məhkəmə bu vəsatəti də təmin etməyib.

Növbəti proses oktyabrın 4-də davam edəcək.

İttihama görə, İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

İstintaq orqanı tərəfindən onun basində Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az