“Ermənistanın 44 günlük müharibədə təkcə hərbi cəhətdən itkisi 4 milyard dollara qədərdir. İndiki şərtlərdə Ermənistan ordusunun bərpası üçün təxminən 38 il vaxt lazımdır. Bu baxımdan, Ermənistanın silahlanması və bunun proseslərin inkişafına zərbə vurması ilə bağlı arqumentləri yanlışdır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib.
O, sülh və delimitasiya məsələləri ilə bağlı müsbət proseslərin baş verdiyini qeyd edib:
“Son günlərdə delimitasiya, demarkasiya və kommunikasiyaların açılması istiqamətində müsbət mesajların şahidi oluruq. O cümlədən, Türkiyə ilə sərhədlərin açılması, sülh müqaviləsinin imzalanması ilə bağlı da proses davam edir. Sadəcə olaraq, indiki vəziyyətdə proseslər aktuallaşdırılmır. Ən azından ona görə ki, Ermənistanda böyük təsir gücünə malik revanşistlər və ultramillətçilər var. Azərbaycanın proseslərin inkişafı ilə bağlı açıqlama verməməyi də məhz bu amillə bağlıdır. Düşünürəm ki, Paşinyanın son açıqlamaları gözlənilən sülh və delimitasiya proseslərinin başlandığını yox, davam etdiyini göstərir. Ola bilər ki, bu ayın sonuna doğru, yaxud gələn ay hansısa müqavilənin imzalanmasının da şahidi olaq.
Kommunikasiyalarla bağlı əsas məsələlərdən biri Zəngəzur dəhlizi ilə bağlı idi. Dəmir yoluna paralel olaraq avtomobil yolunun açılması ilə bağlı razılıq əldə etmək nisbətən çətin görünürdü. Bu məsələnin də müəyyən mənada öz əksini tapdığını düşünmək olar. Bununla bağlı daha müsbət mesajların verildiyini görürük. Düşünürəm ki, yaxın günlərdə daha vacib proseslərin şahidi olacağıq”.
Aygül Qarayeva Demokrat.az


