Daha öncə də xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır.
Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işləri siyasi partiya rəhbərlərinin ölkə başçısına ünvanladığı müraciətdən sonra, Prezident İlham Əliyevin göstərişi əsasında həyata keçirilir.
Ərazidə yaşıllıq salınır, təmizlik işləri aparılır.
Məsələ ilə bağlı Musavat.com-a danışan Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov bildirib ki, əslində siyasi partiyalarla bağlı bu proses 2018-ci ilin prezident seçkilərindən sonra başladılıb:
“Yəni bunu islahatlar paketi çərçivəsində baş verən proses kimi qiymətləndirə bilərik. Məlumdur ki, son illərdə dövlətdə də ciddi kadr dəyişikliyi oldu. Eyni zamanda, bir açılım da baş verdi. Çünki uzun zaman sonra iqtidar tərəfi müxalifət düşərgəsində olan siyasi partiyalara diqqəti artırmağa başladı. 2019-cu ildə cənab Prezidentin sərəncamına əsasən, Prezident Administrasiyasında Siyasi partiyalarla iş şöbəsi yaradıldı. Bundan sonra həmin şöbənin qarşısında ciddi tapşırıqlar qoyuldu ki, ölkədə olan bütün siyasi partiyalarla dialoq mühiti yaradılsın. Bir neçə partiyanı çıxmaq şərti ilə əksər siyasi partiyalar bu prosesə qoşuldular. Beləliklə, iqtidarla müxalifət nümayəndələri arasında görüşlər keçirildi. Bu danışıqlar və görüşlərin nəticəsi isə uğurlu oldu. Artıq 20-dən çox siyasi partiyaya dövlət tərəfindən ofislər verilib. Həmin ofislər şəhərin bir neçə yerində, ofis mərkəzlərindədir. Oranın təmir xərclərini dövlət öz üzərinə götürüb və partiyalara yalnız çox cüzi olan kirayə xərclərini ödəmək qalıb. İndi isə 9 partiyanın ofisinin yerləşdiyi Azadlıq prospektindəki binanın həyəti abadlaşdırılır. Bunu çox yüksək qiymətləndiririk. Bəzi radikal qüvvələr bu prosesi önəmsəmirlər. Çalışırlar ki, buna kölgə salsınlar. Ancaq biz deyilənlərə yox, gördüklərimizə inanmalıyıq. Çünki gözümüzün qarşısında böyük proses baş verir”.
Arzuman Abdulkərimov bildirib ki, partiyaların inkişafına dövlətin, indiki iqtidarın maraqlı olduğu görünür:
“Düşünürəm ki, bu da gələcəkdə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi prosesində çox ciddi rol oynayacaq. 44 günlük müharibədə də 2019-cu ildən gələn dialoq prosesinin nəticəsini gördük. Vətən müharibəsində də partiyaların əksəriyyəti birmənalı şəkildə Azərbaycan dövlətini, ordusunu, Ali Baş Komandanını dəstəklədi. Düşünürəm ki, bu da həmin prosesin tərkib hissəsidir və gələcəkdə siyasi partiyaların parlamentdə təmsil olunmasına təkan verəcək. Bu baxımdan prosesi təqdir edirəm, bunu aparan şəxslərə öz təşəkkürümü bildirirəm”.
Demokrat.az


