Gündəm

Komitə sədri: "Ölüm halları sürətlə artsa, daha sərt karantinə keçə bilərik"

Komitə sədri: Ölüm halları sürətlə artsa, daha sərt karantinə keçə bilərik

“Karantin rejiminin qaydaları ilə bağlı qərarları Operativ Qərargah verəcək. Qurumun bu istiqamətdə səlahiyyəti daha genişdir. Lakin istənilən halda, karantin rejiminin şərtlərinə əməl olunmalı, vaksinasiya prosesi sürətləndirilməlidir. Karantin rejiminin mümkün sərtləşdirilməsi ilə bağlı isə əvvəlki təcrübələrə nəzər yetirmək vacibdir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev bildirib.

Deputat koronavirusa yoluxma hallarının azalması üçün yeganə çıxış yolunun vaksinasiya olduğunu qeyd edib:

“Ölkəmizdə zamanında vaksinasiyaya kifayət qədər diqqət yetirilmədi. Xüsusilə may ayı və sonrakı dövrdə bu proses arzu etdiyimiz şəkildə həyata keçirilmədi. Bu, həm əhalinin biganəliyi, həm də maarifləndirmə səviyyəsinin aşağı olması ilə bağlı oldu. İndi isə vaksinasiya sürətlənib, vaksin olunmayan şəxslərə bəzi məhdudiyyətlər qoyuldu. Düşünürəm ki, həm TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi), həm də Səhiyyə Nazirliyi, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi hazırkı durumdan istifadə edərək, xüsusilə özəl səhiyyə sektorunu prosesə cəlb etməklə vaksinasiya prosesini bir az da sürətləndirməlidir. Qısa müddət ərzində əhalinin 70 faizə qədərinin vaksin olunmasına nail olmalıyıq. Koronavirusa yoluxma və ölüm hallarını azaltmaq üçün başqa yolumuz yoxdur”.

Komitə sədri: Ölüm halları sürətlə artsa, daha sərt karantinə keçə bilərik

Sərt karantin rejiminin mümkün tətbiqi ilə bağlı danışan deputat kifayət qədər məhdudlaşdırıcı tədbirlərin görüldüyünü bildirib:

“Sərt karantinin tətbiqinin istənilən səviyyədə faydası olacaqmı, bunu da proqnozlaşdırmaq olmur. Nəzərə almalıyıq ki, virusun yeni variantları ortaya çıxır. Sərt karantin və ondan sonrakı dövrdə yoluxma tempinin necə olacağını deyə bilmirik. İl yarımdır karantin rejiminin sərtləşdirilməsi tədbirləri həm ölkəmizdə, həm də dünyada aparılır, prosesin nə qədər effektli olması isə sual altındadır. Sərt karantin dövründə yoluxma və ölüm sayında azalma olsa da, sonrakı dövrdə yoluxma halı yenidən sürətlə artır. Nəticə etibarı ilə, karantinin sərtləşdirilməsindən ciddi nəticə əldə etmirik. Ona görə də, əsas diqqət əhalinin maarifləndirilməsinə yönləndirilməli, sosial məsafənin qorunması, tələb edilən məkanlarda maskadan istifadə edilməsi lazımi səviyyədə olmalıdır. Elə hallar ola bilər ki, fərqli qərar qəbul etmək məcburiyyətində qalaq. Xəstəxanalarda, reanimasiyalarda yerlər çatışmasa, ölüm halları sürətlə artsa, ola bilsin ki, daha sərt karantinə keçməyə məcbur qalaq. Lakin bu, ən pis ehtimaldır”.

Deputat hazırkı vəziyyətdə təhsil müəssisələrində əyani təhsilin bərpa edilməsinin risk daşıdığını vurğulayıb:

“Nə Operativ Qərargahın, nə də Təhsil Nazirliyinin təhsil müəssisələrinin açılması ilə bağlı hələ ki, hansısa rəyi yoxdur. Düşünürəm ki, bu yoluxma tempi ilə təhsil müəssisələrində əyani təhsili birbaşa bərpa etsək, böyük risk etmiş olarıq. Fikrimcə, ən yaxşı halda, ibtidai siniflərdə əyani təhsilə başlamaq olar, xüsusilə birinci siniflər üçün bu, daha vacibdir. Məktəblə tanışlıq, sosiallaşmaq, təhsilin önəmini daha yaxşı anlamaları baxımından əhəmiyyət kəsb edir. Yuxarı siniflərdə isə ya təhsilin distant forması davam etməli, ya da qarışıq şəkildə - həm distant, həm əyani- davam etməlidir. Nə məktəblərdə, nə də ali təhsil müəssisələrində sosial məsafəni qorumaq imkanı yoxdur. Şagirdlər, tələbələr dərs zamanı sinif otaqlarında yan-yana otururlar, tənəffüsdə də onların bir-biri ilə söhbət etməsinə, birlikdə vaxt keçirmələrinə, görüşmələrinə mane olmaq mümkün deyil. Bu baxımdan, təhsil müəssisələrində təhsilin bərpası çox ciddi məsələdir. Üstəlik, “Delta” ştammına uşaqlar da yoluxa bilir, ümumiyyətlə virusun bu variantı hər kəsi yoluxdura bilir. Ona görə də düşünürəm ki, təhsil müəssisələrində əyani təhsilə başlamaq üçün xeyli götür-qoy etməliyik”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az