Gündəm

Deputat: “Beynəlxalq cinayətlərin cəzalandırılması qaçılmazdır”

Deputat: “Beynəlxalq cinayətlərin cəzalandırılması qaçılmazdır”

“Uzun illərdən bəri qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürən, işğalçılığı dövlət siyasətinin əsas prioritetinə çevirən, Azərbaycan xalqına qarşı silsilə soyqırımı, insanlıq əlehinə cinayətlər, etnik təmizləmələr törədən Ermənistan nümayişkəranə şəkildə beynəlxalq insan hüquqlarını və beynəlxalq humanitar hüquq normalarını kobud formada pozub. Bunun bariz nümunəsi - erməni tərəfinin əsir və girov götürülmüş şəxslərlə davranışıdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirib.

Deputat işğalçı Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğunu, lakin cəzasız qaldığını xatırladıb:

“Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasına baxmayaraq, əvvəlki dövrlərdə Ermənistan tərəfindən əsir və girov götürülmüş minlərlə soydaşlarımızın 3890 nəfəri hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır və Azərbaycan tərəfinin bütün səylərinə baxmayaraq, onların taleyi hələ də bəlli olmayıb. Ermənistanın belə davranışının yalnız bir adı var – beynəlxalq cinayət.

21 Dekabr 2010-cu ildə BMT-nin Baş Assambleyası insanların zorakılığla yoxa çıxarılması hallarının artması ilə bağlı ciddi narahatlığını ifadə edərək, xüsusi qətnamə qəbul edib və həmin sənədə uyğun olaraq 30 avqustu “Zorakılığla yoxa çıxarmaların qurbanlarının beynəlxalq günü” elan olunmasına qərar verib. Birləşmiş Millətlər Təşkilatı 20 dekabr 2006-cı tarixində “Zorakılığla yoxa çıxarmalardan bütün şəxslərin müdafiəsi haqqında” beynəlxalq konvensiya qəbul edib. Konvensiyanın 5-ci maddəsinə görə, zorakılığla yoxa çıxarmanın geniş yayılmış və ya sistematik istifadəsi tətbiq olunan beynəlxalq hüquqda müəyyən edildiyi kimi, insanlıq əlehinə cinayətdir və beynəlxalq hüquqda nəzərdə tutulan nəticələrə səbəb olur. Ermənistan bu konvensiyaya 2011-ci ildə qoşulsa da, onun müddəalarını kobud şəkildə pozub. Həmin sənədin 1-ci maddəsinə görə, heç kəs zorakılığla yoxa çıxarıla bilməz. Heç bir müstəsna hal, müharibə vəziyyəti və ya müharibə təhdidi, daxili siyasi qeyri-sabitlik və ya hər hansı digər fövqəladə vəziyyət, zorla yoxa çıxarılmaya haqq qazandıra bilməz. Ancaq konvensiyanın qəti imperativ tələblərinə baxmayaraq, Ermənistan bu mühüm sənədin müddəalarını pozub.

Ermənistanın beynəlxalq hüquqa hörmət etməməsinin növbəti nümunəsi - hərbi əsirlər və girov götürülmüş şəxslərlə qəddar, qeyri-insanı davranışıdır. Bu cür ağır beynəlxalq cinayətlərin izlərinin itirilməsi üçün hətta qurbanların cəsədləri Azərbaycan tərəfinə təqdim edilmədi. Lakin Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra 1600-ə yaxın erməni asgərinin cəsədini qarşı tərəfə verərək, bir daha beynəlxalq humanitar hüquqa sadiqliyini təsdiq etdi”.

Deputat qeyd edib ki, Ermənistan tərəfinin illərdir davam etdirdiyi cinayətlərə Azərbaycan hüquqi normalara sadiqliyi ilə cavab verir:

“Beynəlxalq humanitar hüquqda silahlı münaqişələr dövründə qadınlar və uşaqlar xüsusi müdafiədən istifadə edən şəxslər sırasına daxil olunur, erməni silahlı qüvvələri onlara münasibətdə beynəlxalq hüququn imperativ normalarını pozaraq, bəşəriyyət tarixində nadir hallarda rast gəlinən cinayətlər törədib. Təəssüf ki, hətta beynəlxalq cinayətlərə qörə məsuliyyətin həyata keçirilməsində belə qlobal səviyyədə ikili standartlar hökm sürür və bunun nəticəsində Azərbaycan ərazisində soyqırımı, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər törətmiş canilərin bəziləri hələ ki, məsuliyyətdən boyun qaçırmağa müvəffəq olurlar. Ancaq müharibə adətləri və qanunlarını pozan cinayətkar erməni millətçiləri unutmasın ki, bir gün onlar adələt mühakiməsi qarşısında cavab verəcəklər. Son dövrlərdə Ermənistan-Azərbaycan münaqişəsinin gedişində beynəlxalq humanitar hüquq normalarını və prinsiplərini pozan ermənilərin layiq olduqları cəzalara məhkum edilmələri bunu əyani sürətdə təsdiq edir. Həmçinin, xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan itkin düşmüş vətəndaşlar və onların ailə üzvləri ilə bağlı beynəlxalq hüquq normaları və milli qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirləri həyata keçirir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar yaradılan Dövlət Komissiyası qeyd edilən şəxslərin Vətənə qaytarılması, əsirlikdə saxlanılan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının müdafiəsinin təmin edilməsi, beynəlxalq humanitar hüququ kobud şəkildə pozan Ermənistanın qeyri-insani hərəkətlərinə dünya birliyinin, beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin diqqətinin cəlb edilməsi istiqamətində bütün lazımi tədbirləri həyata keçirir”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az