Gündəm

Deputat: "Azərbaycan təxribatların təkrar olunmasına icazə verməyəcək"

Deputat: Azərbaycan təxribatların təkrar olunmasına icazə verməyəcək

“Ermənistan hakimiyyəti 10 noyabr razılaşmasının şərtlərini yerinə yetirməkdən yayınmaq cəhdlərini davam etdirir. Bu, özünü son vaxtlar ermənilərin sərhəddə təxribatlarının artmasında da göstərir. Bəyanatn 4-cü və 7-ci bəndlərinə əsasən, Qarabağda Ermənistan silahlı qüvvələrinin nümayəndəsi qalmamalıdır. Digər tərəfdən, üçtərəfli bəyanata əsasən, Zəngəzur dəhlizi açılmalıdır. Bu şərtləri yerinə yetirmək istəməyən Ermənistan hakimiyyəti bəzi Qərb dairələrindən və havadarlarından aldığı dəstəklə öz təxribatlarını davam etdirir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

Deputat Ermənistanın təxribatların cavab olaraq Azərbaycan Prezidentinin qəti mövqeyini növbəti dəfə göstərdiyini qeyd edib:

“Ermənistan təxribatlarla həm də sərhədlərin delimitasiyası və demarkasiyası prosesini ləngidir. Ermənistan öz təxribat cəhdləri ilə əsas mövzulardan diqqəti yayındırmaq istəyir. Bu yolda regionda geosiyasi maraqları olan, bölgədə gərginliyi saxlamaqda maraqlı qüvvələr də Ermənistanı təşviq edir. Lakin düşünürəm ki, Azərbaycan Prezidenti son çıxışlarında bu məsələlərə kifayət qədər açıq şəkildə toxundu. Tək Ermənistana deyil, həmçinin onların havadarlarına Azərbaycanın məsələlərə nəzarət etdiyini bildirdi. Diplomatik masada Azərbaycanın mövqeyi bir daha aydınlaşdı, biz heç bir halda güzəştə getməyəcəyik. Əldə olunmuş razılaşmalar mütləq şəkildə yerinə yetirilməlidir. Azərbaycan təxribatların təkrar olunmasına icazə verməyəcək. Azərbaycan Prezidenti açıqlamalarında mövqeyimizin sülh olduğunu bildirərək qeyd etdi ki, hazırkı vəziyyətdə əməkdaşlığın və münasibətlərin normallaşmasına verilən dəstəyin artması ən yaxşı çıxış yoludur”.

Deputat bildirib ki, Azərbaycan hazırda təmkinli davransa da, istənilən an güc yolunu seçmək üçün hər cür imkanı var:

“Ermənistan indiki halda qeyri-səmimi davranır. Qarşı tərəf Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının alternativinin olmadığını nə qədər tez başa düşsə, onlar üçün o qədər yaxşı olacaq. Bu prosesin nəticəsi bölgədə sülhün təmin olunmasıdır. Azərbaycan dövlət başçısı Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində qəti şəkildə beynəlxalq birliyə və proseslərdə maraqlı qüvvələrə mesajlarını çatdırdı. Əməkdaşlığın və Ermənistanın şərtləri qəbul etməsinin başqa yolu yoxdur. Ermənistan nəzərə almalıdır ki, Azərbaycan Ordusu qələbə qazanmış ordudur. Ordunun güclü psixoloji vəziyyəti və peşəkarlığı təxribatlara qarşı güc tətbiq etməyə kifayət edir. Azərbaycan hazırkı problemləri güc yolu ilə həll edə bilər, lakin bu zaman ağır nəticələr yaşayan və növbəti dəfə məğlub duruma düşən Ermənistan olacaq. Bu baş verərsə, Ermənistan daha ağır siyasi və iqtisadi vəziyyətə düşəcək. Bunu etmək Azərbaycan üçün olduqca sadədir”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az