“Prezident İlham Əliyev torpaqlarımızın azad olunmasından sonra Kəlbəcərə ilk səfərini reallaşdırdı. Bu baxımdan, dövlət başçısının Kəlbəcər və Laçına səfərini tarixi hadisə kimi qiymətləndirirəm. Prezident sözügedən rayonlarda bərpa-quruculuq işləri, təhlükəsizliyin möhkəmləndirilməsi, məcburi köçkünlərin qayıdışı ilə bağlı layihələrin həyata keçirilməsini xüsusi olaraq diqqətdə saxlayır. Ölkə başçısı işğaldan azad edilmiş ərazilərə hər səfərində yeni başlanğıcın, reallıqların anonsunu verir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.
Deputat Prezidentin Kəlbəcər və Laçına səfəri zamanı sərhədlərin müəyyənləşdirilməsi prosesi ilə bağlı növbəti dəfə qətiyyətli və siyasi iradəsini göstərdiyini qeyd edib:
“Bu dəfəki səfər zamanı da prezident vacib obyektlərin, infrastruktur layihələrinin açılışını etdi. Həmçinin bu ərazilərdə həyata keçiriləcək layihələr barədə ictimaiyyəti məlumatlandırdı. İşğaldan azad olunan ərazilərdə Azərbaycanın suverenliyi və nəzarəti bərpa olunduqdan sonra qarşıda duran ən vacib məsələlərdən biri sərhədlərin delimitasiyası və demarkasiyasıdır. Dövlət başçısı əvvəlki çıxışlarında da bu məsələyə dəfələrlə toxunaraq bildirib ki, sərhədlərin müəyyənləşməsi prosesinin həyata keçirilməsi və yekunlaşması regionun təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Azərbaycan bu prosesi beynəlxalq təşkilatların müvafiq qanunlarına əsasən həyata keçirilməsini tələb edir. Azərbaycanın beynəlxalq qurumlar, o cümlədən BMT tərəfindən tanınan sərhədlərinin bərpası vacib məsələlərdəndir və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir”.
Deputat bildirib ki, Ermənistanın təxribat addımlarına baxmayaraq, Azərbaycan qarşısında duran məsələləri həll edəcək və öz hədəflərinə çatacaq:
“Təəssüf ki, Ermənistan tərəfinin, xüsusilə son vaxtlarda sərhəd boyunca vəziyyəti gərginləşdirmək cəhdlərinin şahidi oluruq. Ermənistan təxribatlar törədərək, mövqelərimizi atəşə tutaraq delimitasiya və demarkasiya prosesini süni şəkildə yubatmaq niyyətindədir. Prezidentin Kəlbəcər və Laçına səfəri Ermənistanın təxribatlarına qarşı Azərbaycanın qətiyyətini və iradəsini nümayiş etdirdi. Prezident çıxışında açıq şəkildə bildirdi ki, Azərbaycan sərhədlərinin bərpa olunmasında qəti mövqedədir. Prezident heç bir zaman dövlət maraqlarında Ermənistana güzəştə getməyib, bundan sonra da getməyəcək. Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan sərhədlərin müəyyənləşməsi prosesində öz mövqeyindən geri addım atmayacaq. Dövlət başçısının Kəlbəcər və Laçına səfəri zamanı verdiyi açıqlamalarda hazırkı məsələlərdə qəti iradəsinin olmasının, ölkənin maraqlarını qorumasının şahidi olduq. Nə olursa olsun, Azərbaycan özünün BMT tərəfindən tanınmış sərhədlərinə qayıdacaq və sərhəd qoşunları birmənalı şəkildə sərhəd xəttinə yerləşdiriləcək”.
Aygül Qarayeva Demokrat.az


