"Azərbaycan Prezidenti son müsahibəsində sərhəddə yaşanan hadisələr, həmçinin Qarabağda baş verən təxribat addımları ilə bağlı mövqeyimizi bir daha bildirdi. Dövlət başçısının dediyi kimi, biz Zəngəzur sərhədinə çıxmışıq, harada lazımdırsa, orda da dayanmışıq. Bu, bilavasitə sərhəd məsələsi ilə bağlı Azərbaycanın mövqeyidir".
Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Tərlan Eyvazov bildirib.
Ekspert bildirib ki, Ermənistanın və onu müdafiə edən qüvvələrin gərginlik yaratmaq cəhdləri mənasızdır:
"Ermənilər tarix boyu hər zaman Azərbaycandan nəyisə almaq istəyəndə əlavə olaraq ərazilərimizi işğal edir, təzyiq göstərirdilər. İndi də Azərbaycanın Laçın dəhlizini açıq saxlaması ilə kifayətlənməyib, Ağdərə istiqamətindən də əlavə dəhliz istəyirlər. Prezident çıxışında onların istəklərinə cavab verdi.
Sərhəddə və Qarabağda baş verən hadisələr sadəcə Ermənistanın törətdiyi təxribatlar deyil. Müharibədən sonrakı 6 ay müddətində Ermənistan tərəfinin ciddi təxribat hallarının şahidi olmadıq. İndi isə hətta gün ərzində bir neçə dəfə mövqelərimiz atəşə tutulur. Bu, Ermənistanın ən yaxın müttəfiqi Rusiyanın da hadisələrə müdaxiləsini göstərir. Bu təxribatlar Rusiyanın Ermənistana diqtəsi ilə həyata keçirilir. Rusiya tərəfi mətbuatda, sosial şəbəkələrdə Ermənistan tərəfindən Qarabağa hərbi maşınların daxil olmasını belə gizlətmir. Görünür, onlar bundan Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirlər".
T.Eyvazov qeyd edib ki, 30 illik mifi dağıdan, qurulan texnikaları məhv edən Azərbaycan üçün belə təxribat xarakterli addımların qarşısını almaq çətin deyil:
"Ermənilərin və müttəfiqlərin müharibədə məğlub edilməsindən sonra bu hallar ancaq ərköyün uşaqların nadincliyinə bənzəyir. Bu hərəkətlər mənasız addımlardır, keçmiş Dağlıq Qarabağda çoxsaylı texnika, canlı qüvvə olduğu halda Ermənistan ağır məğlubiyyət yaşadısa, bu cür cılız addımlarla nəyəsə nail olmaları qeyri-mümkündür.
Ermənilər müharibədən sonra həm də partizan müharibəsi apara biləcəklərini düşünürdülər. Lakin onların bu planı da üçtərəfli anlaşmanın imzalanmasından sonra fiaskoya uğradı. Azərbaycan texniki, kosmik vasitələr, kəşfiyyat təzhizatı vasitəsilə onların yerinin aşkar edilib zərərsizləşdirilməsini təmin etdi. Bu baxımdan düşünürəm ki, Ermənistanın indiki addımları heç bir nəticə verməyəcək. Ermənistanın Azərbaycanın təkliflərinə, şərtlərinə müsbət cavab verməkdən başqa yolu yoxdur. Artıq böyük münaqişənin olacağına inanmıram. Lakin kiçik münaqişə yaratmaq cəhdləri olarsa, Azərbaycan tərəfindən onun da qarşısı alınacaq. Qarabağda və sərhəddə Ermənistanın hərbi qüvvələrinin hər bir addımı, dislokasiyası Azərbaycan tərəfindən çox dəqiqliklə izlənilir və adekvat tədbirlər görülür”.
Aygül Qarayeva Demokrat.az


