“Son vaxtlarda Ermənistan tərəfindən sistemli və ardıcıl təxribatların törədilməsi 10 noyabrda imzalanan üçtərəfli bəyannaməni etibarsızlaşdırmaq cəhdləridir. Bu təxribatlara paralel olaraq diplomatik müstəvidə Ermənistan Xarici İşlər Nazirliyi, dini-ideoloji müstəvidə isə ermənilərin katalikosu üçtərəfli anlaşmanı şübhə altına salan fikirlər səsləndirirlər”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Ermənistanın üçtərəfli anlaşmanın şərtlərini pozmaq cəhdi barədə danışan deputat qeyd edib ki, qarşı tərəfin bu addımlarına qarşı Azərbaycan Laçın dəhlizi ilə bağlı qərar vermək səlahiyyətini özündə saxlayır:
“Son hadisələr göstərir ki, ermənilərin yaddaşı çox zəifdir. Ermənistanın hazırda bəndlərini yerinə yetirmək istəmədiyi 10 noyabr bəyannaməsi imzalanarkən bu ölkənin ordusu Azərbaycan tərəfindən tamamilə dağıdılmışdı. Azərbaycan öz ərazilərində suveren hüquqlarının bərpasını həyata keçirirdi. Ermənistanın o acınacaqlı vəziyyətinə baxmayaraq, Azərbaycan humanizm prinsiplərinə sadiq qaldı və Laçın dəhlizinin açıq saxlamağa qərar verdi. Bu da imzalanan üçtərəfli razılaşmanın müddəalarından biridir. Lakin Ermənistan məhz həmin anlaşmada Zəngəzur dəhlizinin və digər kommunikasiya xətlərinin açılmasının da nəzərdə tutulduğunu unutmamalıdır. Bu məsələlərin həlli istiqamətində Ermənistan real addımlar atmır. Dəfələrlə bəyan edilib ki, bütün istiqamətlər üzrə dəhlizlər açılmalı, kommunikasiyalar bərpa edilməlidir. Bununla bağlı 11 yanvarda imzalanan razılaşma ilə Ermənistan yenidən öhdəlik götürüb.
Son günlər baş verən təxribatlar əslində həmin öhdəliklərin pozulması deməkdir. Azərbaycan qəti addımlar atmaqla sübut etdi ki, üçtərəfli razılaşmanın şərtlərinin yerinə yetirilməsində qətiyyət nümayiş etdirəcək. Həmçinin Laçın dəhlizinin fəaliyyəti ilə bağlı qərar vermək Azərbaycanın suveren hüququdur. Bu humanitar dəhlizi bağlamaqla bağlı Azərbaycan istədiyi zaman qərar qəbul edə bilər. Ermənistanın bu cür davranışları davam edərsə, Azərbaycan ən qəti addımlarını atacaq”.
Aygül Qarayeva Demokrat.az


